Nazirlərin üçtərəfli görüşünə Bakı psixoloji üstünlük və daha əlverişli mövqe ilə gedir; yəhudi bloggerlə bağlı presedent düşməni niyə təşvişə salıb? Erməni ekspert: “Bundan sonra Dağlıq Qarabağa səfər edənlər azalacaq, ”DQR"-in və Ermənistanın izolyasiyası güclənəcək..."
Qalmaqallı yəhudi blogger Aleksandr Lapşinin Bakıya ekstradisiyası göylə gedən erməni rəsmilərinin “qazı”nı xeyli alıb. Artıq qonşu ölkədə Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla yanaşı, xarici işlər naziri Edvard Nalbəndyanln da istefası tələbləri səslənir, diplomatik uğursuzluğa görə bütövlükdə Sərkisyan rejimi ittiham edilir.Bu xüsusda Belarusdakı erməni səfirinin bir cümləsi diqqət çəkir. Səfir özünə bəraət kimi deyib ki, “mən özümü Lapşin məsələsini qaldıran Rusiyanın xarici işlər nazirindın və İsrail baş nazirindın güclü hesab eləmirəm”. Gerçəkdən də bu işdə Rusiya XİN başçısı Sergey Lavrovun sözü yerə düşübsə, Ermənistanın hansısa səfiri və ya xarici işlər naziri Nalbəndyan kimdir ki? Məntiqlə Ermənistanın ağası məsələdə gücsüzdürsə, vassal Ermənistanın əlindən boş hay-küy qaldırmaqdan savayı heç nə gəlməz.
Erməni hüquq müdafiəçisi Artur Sakunts isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın guya Lapşinin Bakıya verilməsinin işğal altındakı Dağlıq Qarabağa qanunsuz ziyarətlərə təsir etməyəcəyi, əksinə, bu səfərlərin sayını artıracağı barədə iddiaları ilə razılaşmır. Musavat.com-un məlumatına görə, aravot saytına açıqlamasında o deyib: “Biz məhz o vəziyyətdəyik ki, yaxşı olardı belələri susaydılar, səs çıxarmayaydılar. Çünki belə vəziyyətlərə adekvat şeylər deməyənlər gülməli duruma düşürlər. Dağlıq Qarabağa ziyarətlər daha betər azalacaq, çünki ortada fakt var ki, ora səfər edənlərə qarşı Azərbaycan hakimiyyəti cinayət işi qaldırır və onlar Azərbaycana təhvil verilə bilər. Yəni, mövcud vəziyyətdə Lapşina qarşı cinayət işinin qaldırılması və onun Bakıya ekstradisiyası Ermənistanın və ”DQR"in izolyasiyasına hesablanıb. Bu elementar həqiqəti anlamamaq ya qeyri-anlaqlığın, ya da cahilliyin nəticəsidir".
***
Beləcə, Azərbaycanın diplomatik gücünün nümayiş etdirən Lapşin presedenti erməni siyasi isteblişmentində və ekspert dairələrində əməlli-başlı didişmə, çəkişmə və qarşılıqlı ittihamlar yaradıb. Belə vəziyyətdə sülh danışıqlarının başlanması istər-istəməz Azərbaycana psixoloji üstünlük yaradırdı. Söz düşmüşkən, az öncə Moskva Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin “üçlü” görüşünü təklif edib. Rəsmi Bakı bu təşəbbüsə müsbət baxır.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırıq”. Bu sözləri “RİA Novosti”yə müsahibəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Lakin Azərbaycanın baş diplomatı görüşün konkret vaxtı ilə bağlı hələ ki təklif olmadığını söyləyib.
“Bu barədə ideya mən Moskvada olarkən səsləndi. Sergey Lavov belə bir təklif irəli sürdü və mən hazır olduğumu bildirdim. Lakin bu görüş iş qrafikinin razılaşdırmasını tələb edir”. Nazir qeyd edib ki, mövcud status-kvo ola bilsin ki, Ermənistandan başqa heç kəsi qane etmir: “Biz neçə dəfə mənim iştirakımla nazirlərin görüşündə məsələnin yerindən tərpədilməsinə yaxın olmuşuq. Danışıqlar masasını tədricən problemlərdən təmizləmək lazımdır. Ən əsas problem isə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. Hərbçilər kazarmalara qayıtmalıdır. Bu isə özlüyündə böyük imkanlar açacaq. Bu, planın bir hissəsidir”.
***
Lakin aydındır ki, rəsmi İrəvan indi də ölkədə parlament seçkilərinin keçirilməsini bəhanə edib danışıqlar prosesini ən azından, aprelədək uzatmağa çalışacaq. Bəhanə də bu olacaq ki, seçkilər, siyasi rəqabət Qarabağ məsələsində hakim qüvvəyə daha ehtiyatlı davranmağı diktə edir. Lakin o da faktdır ki, işğalçı ölkədə dəfələrlə parlament və prezident seçkilərinin keçirilsə də, nə ondan əvvəl, nə də ondan sonra İrəvan ona heç bir təzyiqin olmamasından istifadə edərək, konstruktiv mövqedən yayınıb. Status-kvonu, işğal rejimini uzatmağa çalışıb. Bunun da nəticəsi ötən ilin aprelindəki 4 günlük müharibə oldu.
Belə görünür, Ermənistan rəhbərliyi aprel döyüşlərində aldığı zərbədən dərs götürməyib. Demək, işğalçı tərəfin indiki yanaşması davam edərsə, sülh danışıqlarında real dönüş olmazsa, gələn dəfə daha sarsıdıcı zərbə almağa hazır olmalıdır. Çünki Azərbaycan heç nəyə baxmadan öz ərazilərinin işğalı ilə barışmaq niyyətində deyil.
Proses artıq başlayıb və onun gedişində Ermənistanın həmişəki kimi, Rusiyaya güvənməsi etibarlı olmaya bilər. Lapşin məsələsi buna sübutdur. Siyasi təhlilçilər də bu yöndə Azərbaycanın potensialının artdığını düşünürlər.
“Azərbaycan öz maraqları çərçivəsində addımlar atır və bu, heç kəsi narahat etməməlidir”. Bu sözləri politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib (Axar.az). Ekspert Lapşin məsələsinin Azərbaycan-Rusiya münasibətlərinə təsirindən danışıb: “Lapşin faktiki olaraq Azərbaycanın və beynəlxalq hüququn normalarını pozub. Azərbaycana yaxın və tərəfdaş bir dövlət kimi Belarusun Lapşini təhvil verməsi tamamilə hüquq normaları çərçivəsindədir. Düşünmürəm ki, bir bloggerə görə Rusiya-Azərbaycan münasibətləri pozulsun. Azərbaycan öz maraqları çərçivəsində addımlar atır və bu, heç kəsi narahat etməməlidir.
Əksinə, Lapşin kimilərinin bu cür cinayətkar əməlləri və dövlətlər arası münasibətlərə xələl gətirən hərəkətləri daha çox narahatlıq doğurmalıdır. Aydındır ki, Moskvadan Jirinovski sayağı bəyanatlar səslənəcək. Ancaq bu məsələnin Bakı-Moskva münasibətlərinə ciddi təsiri olmayacaq. Açıq danışaq, onsuz da 20 ildən artıqdır ki, Dağlıq Qarabağ məsələsində heç bir irəliləyiş yoxdur. Azərbaycan artıq özü hərəkətə keçib və torpaqlarını azad etməyə başlayıb. İstər Rusiya, istərsə də Ermənistanda bunu necə qəbul edirlər, bu, artıq onların öz işidir”.
***
Bakı təbii ki, Qarabağ məsələsində ən sərt üsula əl atarkən regional və beynəlxalq şərtləri nəzərə alacaq. Ancaq aprel döyüşləri göstərdi ki, bu amili həddən-ziyadə şişirdib, illərlə gözləmə mövqeyi tutmaq da effektli yol deyil.