Hərbçi, zabit, kəşfiyyatçı öz qorxusuna qalib gəlməyi, onu cilovlamağı bacarmalıdır. Buna da yalnız Vətənini, torpağını, xalqını hədsiz dərəcədə sevənlər, öz ideya və prinsiplərinə görə hər cür fədakarlığa hazır olanlar qadirdir. Şəhid polkovnik-leytenant Raquf Orucovu hər kəs belə tanıyırdı.
Oksford məktəbində təşkil olunan "Murov Qartalı" kitabının təqdimetmə mərasimində çıxış edənləri dinlədikcə, göz önündə əsl kəşfiyyatçı keyfiyyətləri ilə seçilən cəsur bir zabitin portreti canlanırdı. Natiqlərin çıxışından öncə şagirdlər vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri ilə qonaqları salamladılar.Daha sonra mərasimə dəvət olunmuş ictimai xadimlər, millət vəkilləri, Olimpiya və dünya çempionları komandir Raquf Orucov barəsində xatirələrindən söz açdılar. Ombudsman Elmira Süleymanova cəbhə bölgələrinə səfər edən zaman onunla tez-tez görüşdüyünü söylədi. "Hərbçi taleyini o özü seçmişdi. Bəlkə heç müharibə olmasaydı belə, o bu peşəyə yiyələnəcəkdi" deyə ombudsman qeyd etdi: "Yəqin mənimlə razılaşarsız ki, ən böyük itki bizim balalarımız, şəhidlərimiz oldu".
Qənirə Paşayeva da qəhrəmanların əvəz gözləmədən şücaət göstərdiyini deyib: "Mən bir komandir tanıyırdım. Ona göstərdiyi igidlik və şücaətdən söhbət açdığın zaman "bunlar böyük qəhrəmanlıq deyil" deyərdi. Böyük qəhrəmanlıq o zaman olacaq ki , biz torpaqlarımızı işğaldan azad edəcəyik".
Kitab müəllifləri Elşən Əliyev və Elxan Salahovun çıxışından sonra Raquf Orucov haqqında sənədli film nümayiş olundu. Raquf Orucov bir çox kadrlarda gülərüz görünsə də, zalda əyləşənlər göz yaşlarını saxlaya bilməyiblər.
Sonda qeyd olundu ki, bu, şəhid Raquf Orucov barədə sonuncu kitab olmayacaq.