“Ermənilər son vaxtlar Azərbaycan Ordusunun və diplomatlarının qələbələrini həzm edə bilmirlər. Burada əsas məsələ Çingiz Qurbanovun nəşinin qaytarılması, eyni zamanda ona Milli Qəhrəman adının verilməsi, dünən Aleksandr Lapşin Bakıya gətirilməsi və Azərbaycanın digər uğurlarını həzm edə bilmirlər. Hətta onların öz saytlarında danışan politoloqlar qeyd edirlər ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini uduzublar. Məhz buna görə də, bir daha ermənilər özlərinin varlığını göstərmək və danışıqlara getməmək üçün əsas məsələ atəşkəsi pozmaqdır”.
Bu sözləri tanınmış politoloq Arzu Nağıyev Ölkə.Az-a açıqlamasında bildirib. Onun fikrincə, ermənilər hələ də köhnə peşələrindən əl çəkməyərək cəbhədə təxribat yaratmaqda davam edirlər.“Məlumat verilmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşməlidirlər. Görüşlərdən öncə ermənilər həmişə təxribatlara əl atırlar. Onlar beynəlxaql səviyyədə də göstərmək istəyirlər ki, Azərbaycan atəşkəsi pozur. Eyni zamanda aprelin ikisinə, məhz aprel döyüşləri gününə parlament seçkiləri təyin ediblər. Ermənilər bir daha bunu bayrama çevirmək istəyirlər ki, apreldə cəbhədə uduzmağımıza baxmayaraq, bu günü bayram edirik və seçkilərdə iştirak edəcəklər. Yəni bütün bunların hamısı danışıqları pozmaq, Sarkisyan hakimiyyətini uzatmaq və digər məsələlərə hesablanmış addımlardı”, – deyə A. Nağıyev bildirib.
Ekspert düşünür ki, hansısa təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən mükəmməl şəkildə alınacaq. A.Nağıyev deyir ki, Azərbaycan Ordusu bunu sübut edib və bu dəfə də uğur təkrarlanacaq:
“ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməlidir. Məsələləri konkretləşdirməlidir. Əgər söhbət sülhdən gedirsə, sülhün bərqərar olması istiqamətində müvafiq addımlar atılmalıdır. Düşünürəm ki, bu dəfə aprel döyüşləri təkrarlanarsa, Azərbaycan Ordusu daha kəskin mübarizə aparacaq və böyük əraziləri işğaldan azad edəcəklər. Bu gün Azərbaycan Ordusu tam şəkildə buna hazırdır və tam döyüş əzmindədir. Eyni zamanda həm diplomatik səviyyədə, həm digər məsələlərdə böyük güclər bizimlə razılaşır. Biz öz ərazimizdə antiterror əməliyyatları keçirtməklə ərazi bütövlüyümüzü qoruyuruq və bərpa etməyə çalışırıq. Növbəti döyüşlərdə ötən ilkindən də artıq ərazilər alına bilər. Təbii ki, nə region dövlətləri istəməz ki, bu saat Azərbaycan və Ermənistan arasında böyük müharibə başlasın. Lakin lokal aprel hadisələrinin təkrarlanması istisna deyil”.
A.Nağıyev deyir ki, aprel döyüşləri təkrarlanarsa, bu dəfə Rusiya Ermənistanı xilas edə bilməyəcək:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Onlar hər vəclə istəyirlər ki, hər addımda Rusiyanın bu məsələlərə qatsınlar. Məhz ona görə də, əsasən təmas xəttində deyil, Azərbaycan-Ermənistan sərhəddində təxribatlara əl atırlar. Rusiya regionda müharibənin başlamamasını istəyən bir tərəf kimi çıxış edə bilər. Lakin bu dəfə müharibənin dayandırılması və öz ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsinə mane ola bilməz. Rusiya sadəcə olaraq bir tərəfdaş, regional nüfuza sahib olan dövlət kimi müharibənin dayandırılmasını xahiş edə bilər. Yəni bu dəfə cəbhədə müharibə baş verərsə, Ermənistanı Rusiya xilas edə bilməyəcək”.