Quliyev Nazim Qabil oğlu fevralın 7-də 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır. 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur.
Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarala yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bildi. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış kəndlərində rəşadsətlə vuruşdu.9 yanvar 1992-ci ildə Köşbək kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir, ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin 27 yaşlı Quliyev Nazim Qabil oğlu bu döyüşdə qəhrəmanlıq, sücaət göstərərək gözlərini əbədi olaraq yumur.
Subay idi.
Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Füzuli rayonunda dəfn edilib. Yuxarı Yağlavənd və Örənqala məktəbləri onun adını daşıyır.