Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar İtaliyanın Milan Provinsiyasının Busto Garolfo şəhərində yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım gecəsi keçirilib.
Diasporla Iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın İtaliyadakı səfirliyinin, Busto Garolfo şəhər bələdiyyəsinin, Orizon Akademiyasının və İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan səfirliyinin birinci katibi Erkin Heydərli ölkəmizin tarixi və müasir dövrü haqqında qısa məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından geniş bəhs edib. Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı, uşaqlara, qadınlara, xəstələrə və dinc əhaliyə qarşı törədiyi vəhşiliklər, öz torpağında günahsız insanların amansızcasına qətlə yetirilməsi iştirakçıların diqqətinə çatdırılıb.İtaliyada Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Mais Nuriyev qeyd edib ki, Xocalı soyqırımından 25 il keçsə də, bu faciə azərbaycanlıların yaddaşında dərin izlər buraxıb.
Milan Provinsiyası Bələdiyyə başçısının xanımı Buondi Susanna isə Azərbaycan ilə dostluq əlaqələrindən danışıb. B.Susanna soyqırımı hadisələrinin ağrılarını hiss etdiyini bildirib.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.
Anım gecəsi Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda iştirakçılar Qarabağ, Xocalı həqiqətlərinə dair müzakirələr aparıb, soyqırımı aktını törədənləri pisləyiblər. Azərbaycanı sevdiklərini bildirən qonaqlar ölkəmizə səfər etmək arzusundan olduqlarını dilə gətiriblər. Milan kollecinin baş müəllimi Xocalıya həsr edilən tamaşanın, rəhbərlik etdiyi kollecdə göstəriləcəyini deyib.
Anım gecəsinin keçirildiyi məkanda Xocalı soyqırımına həsr olunan xüsusi guşə yaradılıb. Burada “Xocalıya ədalət” şüarları, broşurlar, Xocalı həqiqətləri haqqında müxtəlif kitablar, şəkillər sərgilənib. Bəzi kitablar qonaqlara hədiyyə edilib.