Bu gün Qarabağ döyüşçüsü Nazim Bayramın doğum günüdür. Onun 50 yaşı tamam olur. QAZİLER.AZ saytı döyüşçü dostumuzu təbrik edir, ona uzun ömür, can sağlığı, Qarabağımızın azad olunduğu günü görməyi arzulayır!
TANITIM:Nazim (Bayramov) Bayram 5 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə 126 saylı orta məktəbi bitirib, daha sonra Sverdlovsk Ali hərbi-siyasi tank və artilleriya məktəbinə daxil olub və 1988-ci ildə isə hərbi məktəbi bitirib. 1990-cı ilə qədər Orenburq vilayətində Sovet Ordusu sıralarında xidmət edib. 1991-ci ildən Daxili İşlər Nazirliyinin sıralarında Qarabağ uğrunda döyüşlərə qatılıb, daha sonra 1992-ci ildən Milli Ordunun sıralarında vətənə xidmətini davam etdirib. 1994-cü ildə ordu sıralarından tərxis edilib. Evlidir, üç övladı var.
Xidmət yolunu izlədikdə görürük ki, 20 Yanvardan dərhal sonra, 26 yanvar 1990-cı ildə Sovet Ordusu və kommunist partiyası sıralarını tərk edib. SSRİ müdafiə naziri D.Yazovun 19 yanvar 1990-cı il tarixli Bakıya qoşun yeridilməsi məxfi əmri haqqında 20 Yanvar komissiyasına ifadə verib.
1990-cı ildə mərhum Rövşən Cavadovla birlikdə AXC rəhbərlərinin və yığıncaqlarının mühafizəsinin təşkili və həyata keçirilməsində iştirak edib.
Qarabağ uğrunda döyüş yoluna 1991-ci ilin noyabrında Ağdam RPİ-nin milis rotasının komandir müavini vəzifəsi ilə başlayıb. Əsgəran, Fərrux, Xanabad və sairə döyüşlərdə iştirak edib.
1992-ci ilin fevralından XTMD (OMON)- çevik zirehli qrupunun komandiri vəzifəsində Tərtərin müdafiəsi, Marquşavan - Marağa, Qacar, Ağbulaq, Dəhraz döyüşlərinin bilavasitə iştirakçısıdır.
1992-ci ilin iyunundan Milli Ordunun 123 saylı zərbə-həmlə alayının tank taburunun komandiri, sonra həmin alayın qərargah rəisi vəzifəsində döyüş yolunu davam etdirib.