QƏHRƏMANLIQ ZİRVƏSİNİN FATEHİ - ŞİRİN MİRZƏYEV - 70

QƏHRƏMANLIQ ZİRVƏSİNİN FATEHİ -  ŞİRİN MİRZƏYEV - 70 backend

“İki Mustafa Kamal var: biri mən-ət və sümükdən ibarət müvəqqəti Mustafa Kamal…

İkincisi-Mustafa Kamal…Onu «mən» söz ilə ifadə edə bilmərəm. O, mən deyil, bizdir. O, məmləkətin hər güşəsində yeni fikir, yeni həyat və böyük ideyalar uğrunda mübarizə aparan ziyalı və savaşçı bir toplumdur. Mən onların arzusunu təmsil edirəm. Mənim etdiyim təşəbbüslər onların həsrətini çəkdiyi şeyləri həyata keçirmək üçündür. O Mustafa Kamal Sizsiniz. Hamınızsınız. Müvəqqəti olmayan, yaşaması və müvəffəqiyyətləri zəruri olan Mustafa Kamal odur”.
ATATÜRK


Vicdanı, əməlləri, düşüncəsi, arzuları, bütövlükdə varlığı Azərbaycan adlı bir Vətənin, bir millətin məcmusu olan, bugünkü müstəqil, qüdrətli Azərbaycan dövlətinin milli ordusunun yaradıcısı, 836 saylı Ağdam Ərazi Özünümüdafiə Alayının komandiri, döyüş fədakarlığının və igidliklərinin, hərbi savadının, düşmənə qarşı nifrət və qəzəbinin əvəzi, meyarı olmayan, xalqına sadiq əsl vətəndaş olan bir insanın, çox da uzaqda olmayan tariximizi öz qəhrəmanlığı ilə zənginləşdirən, bəzəyib - düzəyən, öz həyatının Vətənə məxsusluğunu sözü və əməli ilə bariz şəkildə göstərən, şərəfli ölümü ilə mənsub olduğu Vətəninin şöhrətini artıran, əməlləri ilə qəhrəmanlıq, şəhidliyi ilə əbədiyyət zirvəsini fəth edən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevin 70 yaşı tamam oldu.

Tərcümeyi-halından: Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində anadan olmuşdur. 1965-ci ildə Xankəndindəki 4 nömrəli beynəlmiləl orta məktəbi bitirmişdir. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlamış, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilmişdir. 1971-ci ildə həmin ali məktəbi bitirərək 20 il SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət etmişdir. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi almışdır. 1991-ci ilin əvvələrində sovet ordusunda xidmətdən imtina etmişdir.

1991-ci ildə o, Ağdama gələrək Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan 836 saylı Ağdam Ərazi Özününmüdafiə alayını yaratmışdır.

Polkovnik - leytenant Şirin Mirzəyevin yaratdığı alay Ağdam rayonunun kəndlərini müdafiə etməklə yanaşı, 1992-ci ilin fevral ayının 8-də Əsgəran rayonunun Fərrux kəndini, həmin ilin mart ayının 4-də Ağdərə rayonunun Qazançı kəndini, may ayın 10-da Əsgəran rayonunun Naxçıvannik, Pircamal, Dəhraz və Ağbulaq kəndlərini, iyun ayının 12-də Ağdərə rayonunun Qazançı, Bəşirlər, Qaraşlar, Sırxavənd və Ballıqaya kəndlərini erməni işğalçılarından azad etmişdir.

Polkovnik - leytenan Şirin Mirzəyev 18 iyun 1992-ci ildə xidməti maşınında Ağdam rayonunun Əliağalı kəndində minaya düşərək həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı sərəncamı ilə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) Fəxri adı verilmişdir.


Kim desə də mən onun bu ad günündə həyatda olmadığını deyə bilmərəm.

Qarabağ müharibəsindəki saf və təmiz, gələcək nəsillər üçün rəşadət, mərdlik, Vətənə sədaqət timsalı olacaq həyat yolu olan, xalqımızın kişilik, mərdlik və qəhrəmanlıq rəmzinə çevrilmiş bu mərdanə oğlunun ad günündə onun yerində görünən bir varlıq vardı. O varlığın adı Vətən, Azərbaycan idi…
Əməllər niyyət görədir-deyirlər.

Onun da ömrünün çiçək təravəti, bahar ətri Vətəni, Qarabağı uğrunda, xalqı yolunda xoş niyyətlərindən, gözəl əməllərindən doğurdu. Polkovnik-leytenant Şirin Mirzəyev hərtərəfli düşünən, ağıllı, kamallı, təmiz əqidə və məslək sahibi, haqqı və həqiqəti sevən, zahirən də, batilən də gözəl, ruhən və cismən pak, xoşxasiyyət, hünərdə tayı-bərabəri olmayan, gecə-gündüz Vətənin taleyi haqqında düşünən, zatı, südü təmiz, alnıaçıq, namuslu mərd bir insan idi.

Ömrünün mənası Vətənə və xalqa xidmətdən ibarət olan belə bir insan haqqında xatirələr də əbədidir.

Qarabağ müharibəsində dinc azərbaycanlı əhalinin erməni faşistlərinin kütləvi qırğın və əzablı əsirlik təhlükəsindən qorunması uğrunda aparılan döyüş əməliyyatlarında əfsanəvi döyüş rəşadətləri göstərərək xalqımızın əsl hünər və qəhrəmanlıq məktəbinə, kişilik mücəssəməsinə çevrilmiş bir qeyrətli, layqətli, fədakar və əvəzolunmaz insan olan polkovnik-leytenant Şirin Mirzəyev Ağdamda milli ordumuzun yaradılması işinə son dərəcə çətin bir vaxtda-respublikmızı xaos və anarxiyanın bürüdüyü bir zamanda başladı.

Polkovnik-leytenant Şirin Mirzəyev dərindən dərk edirdi ki, çətin olsa da, milli ordunun yaradılması mümkün olmayan iş deyildir. O, bəzən tərəddüd edən insanları inandırmağa çalışırdı ki, məqsədə çatmaq gücündəyik, biz gücsüz, iradəsiz deyilik, bizim öz doğma övladlarımızdan ibarət ordumuz, onqların silahları ilə qorunacaq yurdumuz olacaqdır!

Bu işdə ona nə qədər maneələr, təzyiqlər olduğunu bilirdik. Ancaq görürdük ki, bu işdə onun gücü və qətiyyəti tükənən, iradəsi sınan deyildir. Çətin anlarında onun ən yaxşı dayağı dözüm və cəsarəti idi. Hər şeyə ümid bəsləyən polkovnik-leytenant Şirin Mirzəyev öz ləyaqətli hərəkətləri ilə özünü dönə-dönə sübut edirdi. Artıq Ağdamda hamı bilirdi ki, bu insanın dağ boyda qəlbi daim Vətənlə döyünür, Vətənin ağrısı onun can ağrısından betərdir. O, cəsarətlə girişdiyi milli ordu yaradılması işindəki hər bir mətin addımıyla, əməli ilə hamının gözündə ucalırdı.

Konfutsinin sözləridir: “İnsanda üç ən şərəfli cəhət cəsarət, ağıl və düzlükdür”.

Bu cəhətlər şəxsiyyəti də, qəlbi də, fikirləri də gözəl olan polkovnik-leytenant Şirin Mirzəyevdə vəhdət təşkil edirdi.

Öz cəsarətinə, ağlına və düzlüyünə tükənməz inamı olan bu mərd, qorxubilməz, şirürəkli azəri oğlu öz amalından dönməyərək torpaqlarımızın və insanlarımızın taleyini öz həyatından üstün tutaraq, ölümünü gözləri önünə gətirərək arzuladığını həyata keçirməyə nail oldu, az vaxt içərisində bütün çətinliklə, maneəlri dəf edərək çoxlarının xülya hesab etdikləri işi-Azərbaycanda milli ordunun yaradılmasını sözdən reallığa çevirdi.

Qarabağda xalqın güvənc və inam yeri sayılan polkovnik-leytenant Şirin Mirzəyev əvvəlcə Ağdam Ərazi Özünümüdafiə taborunu, sonra isə 836 saylı Ağdam Ərazi Özünümüdafiə Alayını yaratdı. O, bu alayla Ağdamın, Ağdərə və Xocavəndin azərbaycanlılar yaşayan kəndlərinin etibarlı müdafiəsini öz üzərinə götürdü.

Şirin Mirzəyev polkovnik-leytenant rütbəsinə, alay komandiri vəzifəsinə pilə-pillə ucaldı. Onun peşəsinə tükənməz məhəbbəti, hərbi sirlərə mükəmməl yiyələnmə istedadı, ölçüyəgəlməz bacarıq və qabiliyyəti vardı.

O, siyasi cəhətdən də son dərəcə zəkalı, tabeliyində olanlara qarşı tələbkar və həm də nəzakətli bir insan idi. Şəxsi heyət qarşısında böyük nüfuzu vardı. Şəraiti və hadisələri düzgün təhlil etmək bacarığına malik, hərbin nəzəriyyəsinə mükəmməl bələd olan, nizami qoşun işini yaxşı bilən həbçi, öz işinə hədsiz dərəcədə məsuliyyətlə yanaşan insan idi.

Tabeliyində olan, olmayan, ancaq adını eşidən, hətta üzünü belə görməyən ağdamlılar onun varlığını Azərbaycanın varlığı qədər sevirdi. Hər birimiz üçün müqəddəs varlığa çevrilmiş bu sərkərdənin əmrini Vətənimiz Azərbaycanın əmri sayırdıq.

Çox təəssüflər ki, Vətən fədaisi olan bir insanı, əvəzolunmaz sərkərdəmizi Qarabağ müharibəsinin elə başlanğıcında itirdik.

Bu itki Azərbaycan üçün ən ağır itkilərdən biri oldu. Şəhidlik polkovnik-leytenant Şirin Mirzəyevin varlığını daha da ucaltdı, daha əzəmətli, vüqarlı, Azərbaycanın hər yerindən baxanda görünən bir dağa çevirdi.

Bu dağın da zirvəsi var. Onun adı Şirin zirvəsidir. Ancaq Qarabağı azad edə biləcək sərkərdənin fəth edə biləcəyi zirvə.

Kaş elə bir sərkərdəmiz olaydı. Kaş Şirin zirvəsi fəth olunaydı. Onda Azərbaycanın səması təmiz, şəhidlərimizin ruhları rahat, insanlarımız xoşbəxt, azadlığımızdan şirin söz, müstəqilliyimizdən şirin nemət olmazdı!

Açığını deyim, onun ömrünü dəyərləndirməyə qüdrətli söz tapa bilmirəm. Ən başlıcası ona görə ki, onun dəyərini sağlığında deyil, şəhid olduqdan sonra bilirik…

Azərbaycan boyda hörmətə, Vətən boyda məhəbbətə sahib, bu məmləkətdə hər kəsin könlündə yeri olan bu şöhrətli insanın bu hörmət və ehtiramını ona qazandıran öz hünəri, öz şəxsi ləyaqəti, millət və Vətənsevərliyi olmuşdur. O, öz ləyaqətinə, yüksək şəxsi keyfiyyətlərinə görə hamıya xoş gəlmiş, sevilmiş, insanların qəlbində özünə əbədi yer tapmışdır.

Hər bir insanın dünyadan getməsi itkidir, dərd-qəmdir. Hər bir insanın dünyasını vaxtsız dəyişməsi ağırdan ağırdır.

Həyatda yeri boş qalan, yeri hər zaman görünən insanların ölümü isə dözülməz bir əzabdır, dərddir! Bax, alay komandiri polkovnik-leytenant Şirin Mirzəyevin ölümü kimi!

Məni xəlq edən atamı, işıqlı dünyaya bəxş edən, şirin laylasıyla, təmiz südüylə məni böyüdən, həyatda minbir əzabıma qatlaşan anamı itirsəm belə onu-Şirin Mirzəyevi itirdiyimiz gündə ağladığım, sızladığım qədər ağlayıb-sızlamayacağam. Çünki mən də başqaları kimi atam ölsə tək atamı, anam ölsə tək anamı itirəcək, aylar, illər ötdükcə torpağın soyuq üzü məni onlardan az da olsa soyutduracaq. Uzağı, milyonlar kimi mən də valideynsiz-yetim qalacağam.

Ancaq o, həlak olanda sanki bütün vücuduma bir hiss hakim kəsildi ki, tək onu-Şirin Mirzəyevi deyil, deyəsən, elə Qarabağı da itirdik…

İndi mənim üçün də, onu yaxından tanıyanların hər biri üçün də Şirin Mirzəyev haqqında keçmiş zamanda danışmaq olduqca çətindir.

Amma qoy ölüm sevinməsin. Dahi şairimiz Səməd Vurğun demişkən:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər!
Şirin bir xatirə tək yaşayacaq dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!

Azərbaycanı sevərək yaşayan, xalqı tərəfindən sevilərək ölən polkovnik-leytenant Şirin Mirzəyevin - bu mərdanə Azərbaycan oğlunun cəsarəti və mərdliyi, hünər və sücaəti dövlətimiz tərəfindən, şəxsən ulu öndərimiz, qədirbilən ümummilli liderimiz Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirilərək o, “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülmüşdür. Bu, onun halal haqqıdır.

Polkovnik-leytenant Şirin Mirzəyevin Dağlıq Qarabağ müharibəsində göstərdiyi igidliklər bir çox əsərlərdə öz parlaq əksini tapmışdır. Onun qəhrəmanlıqla dolu ömür yolu işğal altında olan torpaqlarımızın azadlığı naminə erməni faşizminə qarşı haqq mücadiləsinə çıxmağa hazır olan hər bir vətənpərvər azərbaycanlı üçün əsl hünər və kişilik məktəbidir.

Adına, hünər və ləyaqətinə pərəstiş etdiyim, xalqımın əsl qəhrəman oğlu sandığım polkovnik-leytenant Şirin Mirzəyev haqqında fikirlərimi xalq yazıçımız Anarın aşağıdakı kəlamları ilə tamamlamaq istəyirəm: “İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşlarında saxlayan adamlar durur, bu ölənlər hələ də yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürəlrdə yaşayırlar.”

Xalqımızın igid oğlu polkovnik-leytenant Şirin Mirzəyev fikir, xəyal və təsəvvürlərdən başqa, Azərbaycan durduqca yaşayacaq, xalqımızın qəhrəmanlıq tarixində daim xatırlanacaqdır.

Mərd anan doğmuşdu şiri-nər səni,
Qaldırdı göylərə güc, hünər səni,
Vətənin tanıdı igid, ər səni,
Sən tək oğul tək-tək olar, Şirinim!
İgid ölər, adı qalar, Şirinim!

Möcüzəydi cəsarətin, cürətin,
Düşmən üstə xof səpirdi qeyrətin,
İllər ötər, el yanında hörmətin,
Nə saralar, nə də solar, Şirinim!
İgid ölər, adı qalar, Şirinim!

Ərənliyin tariximdə iz saldı,
Adın yağının canına biz saldı,
O qəhrəman adın sənə halaldı,
Mərd adından xalq güc alar, Şirinim!
İgid ölər, adı qalar, Şirinim!

Sənsiz necə dönək üzü yuxarı,
Qurumazmı çaylarımın axarı?!
İtər yurdun gözəlliyi, baxarı,
Dağlar sənsiz qəmə batar, Şirinim!
İgid ölər, adı qalar, Şirinim!

Vətənimin ürəyində yerin var,
Şöhrətini döyməz yağış, döyməz qar,
Bir gün gələr, arzulaırn gül açar,
Azərbaycan zəfər çalar, Şirinim!
İgid ölər, adı qalar, Şirinim!


Baxşeyiş ABBASOĞLU

Diaspora