Qaçqın və Sığınacaq axtaranlar üzrə Avropa Şurasının (ECRE) növbəti şura iclası keçirilib. Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan iclasda dünyanın müxtəlif ölkələrini təmsil edən bir çox təşkilatın nümayəndələri iştirak edib. “Qaçqın və sığınacaq axtaran insanların hüquq və maraqları” mövzusunda təşkil edilmiş tədbirdə Azərbaycanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu təmsil edib. Bu barədə QAZİLER.AZ-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.
İclasda çıxış edən BAMF sədri ECRE-nin Avropada baş verən miqrasiya və deportasiya məsələlərinə eləcə də, sığınacaq axtaranlarla bağlı qəbul edilən qərarlara təkcə Avropanın daxili məsələsi kimi baxmamamağa çağırıb: "Bu məsələ təkcə Avropanın daxili məsələsi deyil. Avropada bu kimi məsələlərə qapalı şəraitdə deyil, miqrasiyanın baş verdiyi ölkələr kontekstində də baxılmalıdır. Öncə miqrasiya məsələləri ciddi şəkildə öyrənilməlidir və qarşısının alınması üçün ən zəruri tədbirlər görülməlidir."Azərbaycanın və ümumilikdə, Qafqazın miqrasiya problemləri haqqında danışan U. Mirzəyev qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çətinliklər yaşadığını bildirib.
O, Azərbaycanda müxtəlif yerlərə və ölkələrə miqrasiya etmiş məcburi köçkünlərlə bağlı ECRE-nin münasibət göstərməsinin zəruriliyini vurğulayıb.
"Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. Bildirmək istərdim ki, bu sərəncam müxtəlif məkanlarda yaşayan kənd sakinlərini öz yurd-yuvalarına qayıtması üçün böyük dəstək idi. Əsas odur ki, sərəncam insanların illər boyu doğma yerlərinə qayıda bilməmək kimi ümidsizliyinə son qoydu. Bu bir kəndlə bağlı məsələdir. Hesab edirəm ki, ECRE bu kimi məsələlərə böyük kontekstdə həssas yanaşmalı və ciddi münasibət bildirməli, beynəlxalq hüququn prinsiplərini daim öndə saxlamalı, sülhü, barışı və ədaləti tərənnüm etdirməlidir”, - deyə BAMF sədri qeyd edib. U. Mirzəyev bildirib ki, ECRE beynəlxalq ictimaiyyətin qaçqınlarla bağlı məsələlərə daha böyük diqqət göstərməsinə nail olmaq üçün səylərini artırmalıdır:
"Baxın, ECRE-nin bu günkü şura yığıncağı bizim üçün o qədər önəmlidir ki, mən hətta öz doğum günümü yığıncaq divarları arasında keçirməkdən, bu gündə sizinlə müzakirələr aparmaq, fikirlərimi paylaşmaq, reallıqları sizə səmimi çatdırmaq fikrimdən çəkinmədim və hazırda sizlərlə bir yerdəyəm".
Daha sonra çıxış edən ECRE-nin Kommunikasiyalar üzrə Baş əlaqələndiricisi Vollads Zahle, təşkilatın direktorunun müavini Leonie Jegen, Hollandiya Qaçıqınlar Şurasının həmsədri Annemiek Bots BAMF sədrinin fikirlərini dəstəklədiklərini bildiriblər. Onlar həmçinin, qaçqınlarla bağlı problemlərin geniş işıqlandırılması üçün medianın bu işdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar.
Qeyd edək ki, tədbirdə BAMF-ın təşəbbüsü ilə yaradılmış, beş dildə fəaliyyət göstərən "Eurasia Diary" informasiya portalının təqdimatı da keçirilib. Bildirilib ki, saytın strategiyasının əsas istiqamətlərindən biri qaçqınların problemlərinin geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.