Səfərov Cəlil Əziz oğlu- 28 yanvar 1962-ci ildə Gürcüstan Resbublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulub. Ailəlikcə Sumqayıt şəhərinə köçür. 1969-cu ildə Sumqayıt şəhər 10 saylı orta məktəbinin birinci sinfinə gedib, 1977-ci ildə səkkizinci sinfini bitirərək C. Naxçıvaniski adına Hərbi Liseyə qəbul edilir. 1980-ci ildə təhsilini başa vurmuş və həmin Vladiqafqaz Hərbi Raket Zenit Komandirlər Məktəbinə daxil olur. Təhsilini Saratov vilayətinin Engels şəhərində tamamlayır.
1984-cü ildə leytenant rütbəsi ilə Qazaxıstanın Priozyorsk və Balxaş şəhərində yerləşən hərbi şəhərlərində yerləşən hərbi hissələrdə çalışmağa başlayır.
O, 8 il burada işlədikdən sonra Azərbaycana qayıdır və Resbublika Müdafiə Nazirliyinin Operativ İdarəsində baş zabit vəzifəsinə təyin edilir.
Səfərov Cəlil Əziz oğlu bir müddətdən sonra zabitlər qrupu ilə birlikdə Dağlıq Qarabağa ezam olunur. Ezamiyyət müddəti bitdikdən sonra o, döyüş bölgəsində qalaraq və hərbi hissədə xidmət etməyi daha üstün tutmuşdu. O, Şuşa döyüş bölgəsində erməni yaraqlılarına qarşı aparılan hərbi əməliyyatlarda mərdliklə döyüşür, düşmən texnikasına dəqiq və sarsıdıcı top zərbələri endirilməsinə başçılıq edirdi. Bunun nəticəsində bir neçə yaşayış məntəqəsini azad edərək, dinc sakinlərin təhlükəsiz yerlərə köçürülməsini təmin etmişdi.
Təcrübəli zabit C. Səfərov 15 may 1992-ci ildə Şuşa rayonunun Turşsu-Zarıslı istiqamətində gedən ağır döyüşlərdə iştirak edərkən, qəhrəmancasına həlak olmuşdur.
Ailəlidir. İki övladı yadigar qalıb.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sumqayıt şəhərindəki 10 saylı orta məktəb onun adını daşıyır. Gürcüstan Resbublikası Marneuli rayonunun Lejbəddin kəndində abidəsi ucaldılıb.