Etimad Əsədov: “Mən bunu şəhidlərimizə hörmətsizlik hesab edirəm!” Son illər Bakıdakı Şəhidlər Xiyabanı ilə bağlı həm şəhid ailələrindən, həm də Qarabağ qazilərindən tez-tez şikayət eşidirdik. Onlar əsasən Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin məzarları ilə, Qarabağ şəhidlərinin məzarları arasında ayrı-seçkilik qoyulur, sonuncuların məzarları qarşısına ağacdan sipər çəkilməsindən şikayət edirlər. Yəni Azərbaycan xalqının qürur yeri olan Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərinin qara mərmərdən olan məzar daşları yenilənib təmir olunsa da, orada uyuyan, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin məzarlarına toxunulmayıb. Bu azmış kimi, hətta Qarabağ şəhidlərinin məzarlarının önünə ağacdan çəpər də çəkilib - şam ağacları əkilərək, sözün əsl mənasında, onlar görünməz edilib. Bu isə şəhid ailələrinin haqlı narazılığına səbəb olub.
Araşdırmamız zamanı məlum oldu ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti edib, amma hansı məqsədlə? Bax bu məlum deyil! Onlar bu işə yenicə başlayanda şəhid ailələri və Qarabağ Azadlıq Təşkilatı etiraz edib. Amma Bakı Şəhər İcra Hakimiyyəti öz işini dayandırmayıb.Şəhid atası: “Bu, ədalətsizlikdir!”
Qarabağ müharibəsində şəhid olanların məzarlarının yenilənməməsinə və onların önünə ağac əkilməsinə ilk dəfə etiraz edənlərdən biri Şəhid Ailələri Cəmiyyətinin sədri, şəhid atası Allahverdi Nuriyev olub. A.Nuriyev sözügedən məsələ ilə bağlı hələ bir neçə il əvvəl mətbuatda çıxış etdiyini, lazımı yerlərə müraciətlər ünvanladığını da bildirdi: “O vaxt mən səsimi qaldıranda heç kim mənə dəstək olmadı. Bu məsələyə hər kəs öz etirazını bildirməlidir. Şəhidlər arasında fərq qoyulmamalıdır. Onlara eyni gözlə baxmaq lazımdır. Bu, ədalətsizlikdir!”.
Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü: “Necə ola bilər ki, xiyabanın bir tərəfi abadlaşdırılsın, digər tərəfi isə yox?!”
Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu məsələdə heç bir problem görmədiyini deyir. Bizə dönə-dönə gedib orada aparılan abadlıq işlərini yenidən öz gözlərimizlə görməyi məsləhət görən Nailə xanım bildirdi ki, bu, həqiqətə, məntiqə uyğun deyil: “Orada çəpər çəkilməyib. Sadəcə, səliqə, sahman, abadlıq işləri aparılıb. Siz yalnız kimdənsə eşitdiyinizi deyirsiniz, özünüz gedib baxın ki, orada necə işlər görülüb! Niyə orada görülən işləri heç edirsiniz? Orada hər yerdə gözəl səliqə-sahman yaradılıb, abadlıq işləri aparılıb, sınıq mərmər daşlar dəyişdirilib. Necə ola bilər ki, xiyabanın bir tərəfi abadlaşdırılsın, digər tərəfi isə yox?! ” - deyə o, bildirdi.
Məsələ ilə bağlı “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədovun da fikrini öyrəndik: “Biz hər dəfə Şəhidlər Xiyabanın ziyarət edəndə sağ və sol tərəfdə yol boyu şəhid olmuş döyüşçü dostlarımızın məzarlarını görürdük. Dayanıb ruhlarına dualar oxuyurdu, qarşılarında baş əyirdik! Amma indi ziyarətə gedəndə onları görə bilmirik. Çünki yeni əkilmiş şam ağacları ilə onların məzarları görünməz olub. Halbuki belə olmamalıdır! Bunu şəhidlərimizə hörmətsizlik hesab edirəm! Mən şəxsən bunu qəbul etmirəm və onların məzarlarının qarşısının şam ağacları ilə çəpərlənməsindən xəcalət çəkirəm! Bu, sadəcə, biabırçılıqdır! Şəhidlər Allah yanında məqam sahiblərdir. Onlar vətən yolunda şəhid olublar və üzləri ağdır! Amma əksinə, bizim üzümüz qaradır, məğlub ölkənin vətəndaşlarıyıq və biz ora gedəndə üzümüzü gizlətməliyik! Üzümüzü gizlətmləiyik ki, bizi bağışlayın, torpaqlarımızı hələ də azad edə bilməmişik! Əvəzində isə şəhidlərin məzarların gizləyirlər. Niyə? Niyə 20 yanvar şəhidlərinin məzarlarının mərmərləri yenilənib, ətrafında abadlıq işləri aparılıb, ancaq Qarabağ şəhidlərinin məzarı üstə yox? Bu bir yana qalsın, hələ bir Qarabağ şəhidlərinin məzarlarının da qarşısını ağacla çəpərləyiblər! Məsələnin məğzi budur ey! Bunlara cavab versinlər ey! Təəssüf ki, Bakı Şəhər İcra Hakimiyyəti və onun işçiləri hələ də məsələnin mahiyyətini anlamırlar. Ya da anlamaq istəmirlər. Orada hansı abadlaşdırma işləri aparılır? Hansı gözəllik yardılır? Əvvəllər belə deyildi. Son bir neçə ildir bu ayrı-seçkiliyə başlayıblar. Hələ bir utanmadan da deyirlər ki, orada aparılan işlərin üstünə kölgə salırıq. Ayıbdır ey!”
“Bu, şəhidlər arasına sədd çəkilməsinə oxşayır”
“Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firidun Məmmədovun fikrincə, Qarabağ şəhidləri ilə 20 yanvar şəhidləri arasında olan məsafədə yol boyu ağacların əkilməsi sanki onların arasına sədd çəkilməsidir: ”Əvvəla orada təmizlik pis aparılır. Fikir vermisinizsə, Qarabağ şəhidlərinin məzarları yaxşı təmizlənmir. Əgər abadlıq işləri aparılırsa bu, bütün şəhid məzarları üçün edilməlidir. Təmizlik və abadlıq xiyabanın yalnız bir hissəsində aparılırsa təbii ki, bu, haqlı narazılığa səbəb olur. O şəhid məzarlarının qarşısını bağlayan ağacların əkilməsinə isə ehtiyac yox idi. Müvafiq qurumlardan Qarabağ şəhidlərinin qarşısında əkilmiş ağacların çıxarılmasını, ərazidə hərtərəfli, ayrı-seçkilik qoyulmadan abadlıq və təmir işlərinin aparılmasını xahiş edirik. Bu, şəhidlər arasına sədd çəkilməsinə oxşayır”.
Maraqlıdır, görəsən, dövlətimizin inkişaf etdiyi, iqtisadi qüdrətinin artdığı bir vaxtda niyə şəhidlərimizin bir qisminin – 20 yanvar şəhidlərinin məzarüstü mərmər daşları yenilənib, amma Qarabağ şəhidlərinin məzarları yox? Bəlkə dövlət tərəfindən buna vəsait ayrılıb, sadəcə, mənimsənilib? Və ya...Ayrı nə adı var bunun? Deyəsən, suallar çox oldu...
Sonda isə həm Nailə xanıma, həm də aidiyyəti qurumların səlahiyyətli şəxslərinə ərazidə olarkən çəkdiyimiz fotoları təqdim edirik...
Qaziler.az