Bu il fəaliyyətə başlamasının 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi 2006-cı ildən etibarən ölkəmizin milli maraqlarına xidmət edən bir sıra layihələr reallaşdırıb.
Azərbaycan həqiqətlərinin dünyada, xüsusən də Slavyan ölkələrində təbliğini qarşıya hədəf qoyan ASGA daha bir layihəyə imza atıb. Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ARB 24” telekanalının texniki dəstəyi ilə reallaşan “Qarabağ dünən, Qarabağ bu gün, Qarabağ sabah” layihəsidir. Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində qısametrajlı filmin təqdimatının təşkili nəzərdə tutulub.Layihə çərçivəsində Bakıda keçirilən təqdimat mərasimində çıxış edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov görülən işlərdən danışıb. Bildirib ki, Qarabağ tarixinin müqayisəli təhlilinə həsr olunan qısametrajlı filmdə bir çox tanınmış şəxslərdən müsahibələr alınıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyri-hökumət təşkilatlarının Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, habelə milli donorlarımızın bu məsələdə onlara verdiyi dəstək barədə danışıb. O, bu məsələdə qeyri-hökumət təşkilatlarının daha çox səy göstərməsinin, bu kimi layihələrin icrasında əsasən xarici auditoriyanın nəzərə alınmasının vacibliyi qeyd edib. Bildirib ki, vətəndaş cəmiyyəti institutlarının Qarabağ həqiqətlərinin təbliğində ölkə daxili ilə yanaşı, xaricdə də iş aparması zəruridir. V.Quliyev Azərbaycanın təbliği işində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyətini qeyd edərək, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını nümunə göstərib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında rəhbərlik etdiyi qurumun bu istiqamətindəki fəaliyyətindən danışıb. Bu günə qədər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Gənclər Fondu tərəfindən yüzlərlə layihəyə dəstək verildiyini deyən F.Hacıyev bu dəstəyin bundan sonra da davam edəcəyini bildirib.
Deputat Elşən Musayev çıxışında QHT-lərin bu sahədəki fəaliyyətinin vacib olduğunu deyib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərdə internet medianın rolundan danışıb. O, belə filmlərin hazırlanmasının haqq mübarizəmizdə xüsusi rolu olduğunu deyib.
“Virtual Qarabağ” İKT Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev isə informativ filmlərin gənclərin maarifləndirilməsində böyük rol oynadığını söyləyib. O, həmçinin televiziyaların imkanlarından istifadə etməklə bu kimi filmlərin dünya miqyasına çıxarılmasının önəmindən danışıb.
Sonda Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevə və “ARB 24” telekanalının baş direktoru, siyasi icmalçı Nadir Şəfiyevə ASGA adından fəxri diplom təqdim edilib.