Lavrovun İrəvanı məmnun edən Qarabağ açıqlaması... – Şərh

Lavrovun İrəvanı məmnun edən Qarabağ açıqlaması... – Şərh backend

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun yanvarın 17-də Moskvada keçirdiyi ilin yekunlarına dair mətbuat konfransında Qarabağla dediyi bütün fikirlər Azərbaycanın maraqlarına ziddir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Sergey Lavrovun bugünkü qalmaqallı açıqlaması haqda şərh verərkən vurğulayıb. E.Şahinoğlunun sözlərinə görə, Lavrov faktiki olaraq İrəvanın tələbini təkrarlayıb:

“Birincisi, Lavrov deyib ki, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır. Başqa sözlə Lavrov demək istəyib ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, Ermənistan işğal altındakı torpaqları boşaltsın. Lavrovun münaqişənin həllinə bu cür yanaşması Dağlıq Qarabağın "müstəqilliyinə" yol açır. Lavrov faktiki rəsmi İrəvanın tələbini təkrarlayıb və Rusiyanın xarici işlər naziri İrəvanın çox çalışdığı “paket həll” variantını dilə gətirib.

İkincisi, Lavrov yenidən cəbhə bölgəsində insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərinin artırılması barədə razılıqdan danışıb. O deyib ki, 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Ona qalsa, Həştərxan razılaşmasına görə, Ermənistan öldürülən Azərbaycan hərbçisinin nəşini çoxdan Azərbaycana qaytarmalıydı. Ancaq Lavrov bu barədə mətbuat konfransında heç nə deməyib. Bir neçə gün əvvəl bu mövzuda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovaya sual verdikdə, o. hərbçinin nəşinin geri qaytarılması məsələsinə münasibət bildirməmiş, mücərrəd cümlələr işlətmişdi.

Üçüncüsü, Sergey Lavrov mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil. Yəni Lavrov demək istəyib ki, Azərbaycan öz məsələsini özü həll edə bilməz, “başqa” dövlətlərin də maraqlarını nəzərə almalıdır. Yəni vaxtilə Rusiyanın Çeçenistanı silah yolu ilə ram etməsinə ixtiyarı var idi, Azərbaycanın isə Dağlıq Qarabağı ram etməsinə hüququ yoxdur.

Dördüncüsü, Sergey Lavrov Dağlıq Qarabağa qeyri-qanuni səfər edən blogger Aleksanr Lapşini bu sözlərlə müdafiə edib: “Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik”. Məlumdur ki, Azərbaycan bu şəxsə qarşı cinayət işi açıb və həmin şəxs Belarus ərazisində saxlanlılıb. Həmin blogger 2015-ci ildə Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün bloggeri beynəlxalq axtarışa verib. Ancaq indi Rusiyanın xarici işlər naziri deyir ki, Moskva bütün tədbirləri görəcək ki, Lapşinin məsələsi həll olunsun, yəni Azərbaycana ekstradisiya edilməsin”.

E.Şahinoğlu Rusiyaya münasibətdə yumşaq siyasətin davam etdirilməsinin tərəfdarı olmadığını da qeyd edib və Xarici İşlər naziri Elmar Məmmədyarovun cavabına toxunub:

“Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Lavrovun dediklərinə bu şəkildə cavab verdi ki, əgər Rusiya bütün ciddiliyi ilə Qarabağ problemi ilə məşğul olarsa, status-kvo dəyişəcək, regionda sabitlik təmin olunacaq və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaq. Məmmədyarovun bu açıqlamasını belə də oxumaq olar: “Moskva bu məsələ ilə məşğul olmadığına görə status-kvo dəyişmir”. Elmar Məmmədyarov Azərbaycan qanunlarını pozan bloggerlə bağlı isə bunları deyib: “Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”.

Politoloq sonda Lavrovun bu mövqeyinin Putinin və ümumilikdə Rusiyanın mövqeyi olduğuna da diqqət çəkib.
Diaspora