Türkiyənin Ərzurum şəhərindəki Atatürk adına universitetin nəşriyyatı “erməni soyqırımı” iddialarını ifşa edən kitab çap edib.
Qaziler.az bildirir ki, APA-nın Türkiyə bürosunun məlumatına görə, 2 cilddən ibarət 1600 səhifəlik kitaba Atatürk universitetinin 6-8 may 2015-ci ildə təşkil etdiyi “Türk-erməni münasibətləri və böyük qüvvələr” mövzundakı II beynəlxalq simpoziumun məruzələrinin mətnləri daxil edilib. İki cildlikdə Türkiyə, Azərbaycan, Şərqi Avropa, AB ölkələri və ABŞ-dan 110 mütəxəssis alimin məqaləsi öz əksini tapıb. Kitabın ön sözündə Atatürk universitetinin rektoru professor Hikmət Koçak diqqəti bu nöqtəyə cəlb edərək yazıb: “Ciddi əməyin məhsulu olan “Sevk ve İskan Kanununun 100 yılında II Uluslararası Türk-Ermeni İlişkileri ve Büyük Güçler” mövzusundakı simpoziumun məruzələrinin daxil edildiyi bu kitabın təkcə bu günün deyil, gələcək nəsillərin də faydalanacağı bir mənbə olacağına inamım tamdır”.Kitaba ön sözündə Ankaradakı Avrasiya Analizləri Mərkəzinin (AVİM) fəxri sədri, istefada olan səfir Ömər Lütəm erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin roluna toxunub: “Türkiyə isə Qarabağ və digər işğal edilmiş Azərbaycan torpaqları məsələsində hər fürsətdə və hər yerdə Azərbaycanı dəstəkləməkdədir. Türkiyənin Azərbaycanla xüsusi münasibətləri olduğuna görə, başqa siyasət güdməsi mümkün deyil. Türkiyə öz strateji planlarında da Azərbaycana arxa çıxmalıdır. Unudulmamalıdır ki, Azərbaycan Qafqazın yüksələn ulduzudur”, - deyə istefada olan səfir Ömər Lütəm vurğulayıb.
Atatürk universitetinin çıxardığı kitab satışa verilməyərək kitabda məqaləsi olan müəlliflərə, elmi-araşdırma qurumlarına və bəzi kitabxanalara göndərilib.