Bu gün Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədovun ad günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədovun ad günüdür backend

MƏMMƏDOV NİZAMİ MURAD oğlu-12 yanvar 1958-ci ildə Xankəndi səhərində dünyaya göz açmışdır. Nizami Gəncəvi adına 4 saylı şəhər orta məktəbini bitirdikdən sonra, 1975-77-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. Sonra Xankəndi şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək Kombinatında çalışmışdır.

O, milis olmaq arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Xüsusi Orta Milis Məktəbinə gətirdi.Təhsilini başa vurub Xankəndi şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı.

1988-ci il... Erməni quldurları getdikcə quduzlaşırdı. N. Məmmədov dünən birgə işlədiyi paqon yoldaşları ilə üz-üzə qalmışdı. Fevral ayının 18-də şəhərin azərbaycanlılar yaşayan küçələrinə basqın edildi. Nizami bu məhəllədən o məhəlləyə keçir, camaata köməklik göstərməyə çalışırdı.

1989-cu il... Hadisələr getdikcə daha da kəskinləşirdi. O, təzyiqlərə dözə bilməyərək, Şuşa şəhərinə köçməyə məcbur olur və öz işini Şuşa Rayon Polis Şöbəsində davam etdirir. Nizami gecə-gündüz bilmirdi. İşdən sonra Kərkicahan, Qaybalı kəndlərinə gedir, özünümüdafiə dəstələrinə vaxtında silah-sursat çatdırılmasına kömək göstərirdi.

Şuşanın, demək olar ki, başqa bölgələrlə əlaqəsi kəsilmişdi. Hər qarış torpaq uğrunda mübarizə gedirdi. Nizami də bu mübarizənin ön cərgəsində idi. O, Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında rəşadətlə vuruşaraq, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə böyük ad-san qazanmışdı.

1992-ci il mart ayının 29-da snayper gülləsi qəlbi Vətən eşqi ilə çırpınan igid eloğlumuzu əbədi susdurdu. O, qəhrəmancasına həlak oldu.

Evli idi. Üç oğlu yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilmişdir.
Diaspora