"Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma"nın iştirakçıları Yeni il münasibətilə iki ölkənin xalqlarına müraciət ediblər.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, müraciətdə deyilir: "Yola saldığımız 2016-cı il Azərbaycan və Ermənistan xalqları üçün "Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma"nın yaradılması ilə əlamətdar oldu. Bütün qarşıdurma dövrü ərzində ilk dəfə olaraq Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin fəalları ölkələr arasında ümumi razılıq və anlaşma ruhunda dialoq yolu ilə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli yolunu tapmağa nail olmaq və dünyanın sülhsevər təşəbbüsü ilə çıxış ediblər.Bu təşəbbüs bir çox siyasi və ictimai xadimlər tərəfindən geniş ictimai dəstək qazanıb. Platforma iştirakçılarının ünvanına göndərilən çoxsaylı müsbət fikirlər də bunu göstərir.
Biz qəti əminik ki, qoyulan məqsədlər hər iki ölkənin ictimaiyyət nümayəndələri ilə əməkdaşlığın genişlənməsinə kömək edəcək və bu təşəbbüs sülh və xalqların xoşbəxt gələcəyi uğrunda çıxış edən bütün sağlam düşüncəli vətəndaşlar tərəfindən dəstəklənəcək.
Bizim şübhəmiz yoxdur ki, "Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma" ətrafında birləşən bütün sülhsevər qüvvələrin prinsipial və ardıcıl fəaliyyəti xalqlarımıza nifrət və bir-birinə düşmən münasibətinə son qoymağa imkan verəcək və Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülhün əldə olunmasına və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gətirib çıxaracaq.
Lakin təəssüf ki, mənasız müharibə xalqlarımızın “qapısını döyür”, gəncləri həyatdan aparır. Dekabrın 29-da da sərhəddə növbəti qarşıdurma baş verdi. Biz Azərbaycanda və Ermənistanda həlak olanların ailələrinə başsağlığı veririk.
Xalqlarımızın gələcəyi tamamilə bizdən asılıdır. Ölkələrimizin vətəndaşları inkişaf yolu ilə getmək istəyirlər. Gələcək nəsillərimizin parlaq və dinc gələcəyi üçün bütün məsuliyyəti biz daşıyırıq. Gəlin, düşmənçiliyə, nifrətə, təhqirə və mübahisələrə güc sərf etməyi dayandıraq. Ermənistan və Azərbaycan xalqlarının ümumi rifahı naminə "Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma" ətrafında birləşək, Cənubi Qafqazın bərəkətli torpağında sülhün və əmin-amanlığın təmin olunması işinə öz töhfəmizi verək.
Yeni il münasibətilə hamınıza sülh, əmin-amanlıq, rifah, firavanlıq və tərəqqi arzu edirik".
Bəyanatı Ermənistan tərəfindən Vahe Avetyan (hüquq müdafiəçisi), Vahan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Ermənistan Yazıçılar İttifaqının üzvü Vaaqn Karapetyan, vətəndaş cəmiyyəti fəalları Anait Sinanyan və Armen Karapetyan, Azərbaycan tərəfindən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri), Novella Cəfəroğlu (“Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri), vətəndaş cəmiyyəti fəalı Pərvanə Məmmədova və Azərbaycan Jurnalistlər İttifaqının üzvü Rasim Ağayev imzalayıblar.