Elşən Quliyev: Münaqişənin həllinin süni şəkildə uzadılması konteksində baş verəcək hadisələr yeni dağıdıcı müharibənin olmasını reallaşdırır
Rusiyalı politoloq Andrey Yepifantsev Qarabağ probleminin həli ilə bağlı müzakirələrin faydasız olduğunu və müzakirələrin münaqişənin həllinə təkan verməyəcəyini bildirib. Politoloqun fikiirlərinə münasibət bildirən Qarabağ qazisi Elşən Quliyev qeyd etdi ki, “həqiqətən konfliktin danışıqlar yolu ilə tam həlli yoxdur”.- Əslində Andrey Yepifantsevin fikirləri olduqca diqqətçəkicidir. Əvvəla qeyd edim ki, müharibənin nə zaman və hansı formatda olacağını bu gün dəqiq proqnozlaşdırmaq mümkün deyil. Çünki aprel döyüşlərindən sonrakı müharibə ritorikaları artıq səslənmir və ya epizodik səslənir. Bu heç də cəmiyyətin vətənə, itirilmiş torpaqlara qarşı laqeyidliyi deyil. Əgər bir neçə günlük müharibə hətta illərdir səngərləşmiş iqtidar – müxalifət mövqelərini birləşdirdisə, başlayacaq böyük müharibə sözsüz ki, cəmiyyətin bu günki münasibətinə kardinal dəyişiklik edəcək. Amma hələ ki, hər iki dövlətin müvafiq strukturlarının böyük müharibənin olacağı ilə bağlı hərəktləndirəcək addımları yoxdur. Düzdür mən konfliktin danışıqlar yolu ilə həlli perspektivini görmədiyimi qeyd etdim. Eyni zamanda heç də Qarabağ probleminin tam həllinin Moskvanın əlində olduğuna da inanmıram. Çünki zaman – zaman Moskva tərəfləri qəbuledilməz kompromislərə məcbur edə bilməyib. Mövcud situasiyada nə Azərbaycan, nə də Ermənistan cəmiyyəti kompromislərə qətiyyən hazır da deyil. Yenidən hərbi əməliyyatlar başlasa, rəsmi Moskva da, ABŞ və ya Avropa kimi münaqişəyə yalnız diplomatik yolla müdaxilə edəcək. Hətta Ermənistan Moskvadan hərbi yardım gözləsə belə, bu mümkün olmayacaq. Əgər hərbi əməliyyatlar nəticəsində erməni tərəfi Azərbaycanın beynəlxalq müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə qarşı hər hansı addım atacaqsa, o zaman ehtimal etdiyimiz II Qarabağ müharibəsinə dünya və regional güclərin müdaxiləsi də qaçılmaz olacaq. Və tərəflər yalnız o zaman kompromisə məcbur edilə bilər. Yox əgər II Qarabağ müharibəsi aprel döyüşləri formatında olacaqsa, müxtəlif tarixlərdə III, bəlkə də IV Qarabağ müharibəsinin olacağı da qaçılmazdır. Münaqişənin həllinin süni şəkildə uzadılması konteksində baş verəcək hadisələr yeni dağıdıcı müharibənin olmasını reallaşdıra bilər. Əgər II Qarabağ müharibəsi başlayarsa bunun bütün regiona sirayət etmək ehtimalı var. Bu baxımdan yeni müharibənin qarşısını almaq üsulunun tapılması son dərəcə əhəmiyyətlidir. Yeni, böyük müharibəyə region dövlətlərinin cəlb edilməsi faktoru da ciddi təhlükə ola bilər. Region boyu xaos və dəhşət qövsü yaranar. Bu müharibə Sovet İttifaqının dağılmasından sonra Avrasiyada ən böyük münaqişəyə çevrilər. Müharibə yalnız insanların həlak olmasına gətirib çıxarmayacaq. Avropaya Azərbaycan neftinin ixracında ciddi problemlər olacaq. Qaz müqavilələrinin icrası təhlükə altına düşəcək. Hesab edirəm ki, "Madrid prinsipləri” hər iki dövlətin maraqlarına uyğunlaşdırılmalıdır. Bura Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş yeddi rayondan erməni güclərinin çıxarılması, və bundan sonra Dağlıq Qarabağın statusu haqqında referendumun hansısa bir vaxtda keçirilməsi də aiddir. Atəşi pozan tərəflər üçün cəzalar, o cümlədən iqtisadi və başqa sanksiyalar tətbiq edilməlidir. Regionda yerləşdirilməsi gündəmdə olan sülhməramlılara gəlincə, onlar yalnız BMT-nın mandatına malik olmalıdır. Hesab edirəm ki, ordudakı vəziyyəti və rəqibin mövcud durumunu bilmədən müharibə çağrışları etmək lüzumsuz patriotluqdur.
Xeberdar.net