Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan onun Qarabağa dair sülh çağırışlarının yer aldığı çıxışına reaksiyalarla bağlı yeni məqalə ilə çıxış edib.
Sabiq prezident onun Ermənistan Milli Konqresinin qurultayındakı çıxışına hakimiyyətin və hakimiyyətə yaxın düşərgələrin “isterik, hədələyici və tənqidi reaksiyasının” gözlənilməz olmadığını bildirib.Ter-Petrosyanın sözlərinə görə, o, qurultayda heç də Qarabağa dair öz mövqeyini və ya partiyasının proqramını təqdim etməyib. Hazırda danışıqlar masası üzərində olan və “prinsipcə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilən” konkret nizamlama proqramı barədə danışıb. “Hansı ki, bu nizamlama proqramının şəxsən mənə və başçılıq etdiyim partiyaya heç bir dəxli yoxdur”-o, əlavə edib. (Virtualaz.org) Xatırladaq ki, Ter-Petrosyan Qarabağ münaqişəsinin mərhələli həlldən başqa həll yolunun olmadığını, münaqişə həll olunmadan Ermənistanın və Dağlıq Qarabağın məhv olacağını bildirib.
Müəllif yazısında isə Ter-Petrosyan bildirib ki, onun çıxışını “təslimçilik” hesab edənlər öz-özlərini ifşa etmiş olurlar. Çünki barəsində söhbət gedən nizamlama variantını Ermənistan hakimiyyəti 2007-ci ildən danışıqlar üçün əsas kimi qəbul edib. Keçmiş prezident bildirir ki, söhbət “Madrid-Kazan-Lavrov planı” kimi tanınan nizamlama variantından gedir. Hansı ki, bu plan 1997-ci ildə onun razılıq verdiyi mərhələli həlldən heç nə ilə fərqlənmir. Ter-Petrosyan qeyd edib ki, plana əsasən erməni tərəfi birinci mərhələdə Azərbaycana yeddi rayondan beşini qaytarmalıdır. (Kəlbəcər və Laçın istisna olmaqla) Sonra Qarabağa sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağ üçün beynəlxalq səviyyədə tanınmış aralıq status elan olunur. Sonra Dağlıq Qarabağın və Ermənistanın blokadası qaldırılır, kommunikasiyalar açılır. Dağlıq Qarabağın yekun statusu isə daha sonra müəyyən edilməlidir. Ter-Petrosyana görə plana əsasən sonda qalan iki rayon da Laçın dəhlizi çıxılmaqla Azərbaycana qaytarılmalıdır. “Bu varianta görə tam məsuliyyət Ermənistanın hakim partiyasının, onun müttəfiqi “Daşnaksütun” partiyasının və hakimiyyətə dəstək verən deputatların, fraksiyaların üzərinə düşür”-Ter-Petrosyan bildirir. “Beləliklə, belə çıxır ki, kim kompromisləri və ərazilərin qaytarılmasını təslimçilik və satqınçılıq hesab edirsə bizimlə yox, öz-özləri ilə diskussiyaya girir, bizim mövqeyimizi deyil, öz proqramlarını qınayır. Bu isə acınacaqlı, miskin vəziyyətdən, ən azı gülünc durumdan xəbər verir”-o bildirir.
Ter-Petrosyan bir daha qeyd edir ki, əgər sülh indi əldə olunmasa Dağlıq Qarabağ və Ermənistan daha da zəifləyəcək, gələcəkdə bundan da betər sülh planı irəli sürüləcək. Eks-prezident Qarabağ məsələsinin həllinin açarının Rusiyanın əlində olduğu haqda fikirlərini də müdafiə edib. O bildirib ki, Rusiya münaqişə tərəflərinə güclü təsir imkanlarına malikdir və öz sərhədlərində təhlükəli münaqişənin təkrar alovlanmasına imkan verə bilməz.
Rəsmi Bakı isə rəsmi şəxs olmadığı üçün Ermənistanın sabiq prezidentinin çıxışına reaksiya vermək fikrində deyil.
XİN-in mətbuat katibi Hikmət Hacıyev bunu “Yeni Müsavat”a açıqlamasında dedi. Ancaq H.Hacıyev 2017-ci ilin aprelində işğalçı ölkədə keçiriləcək seçkilərin Qarabağ danışıqlarına təsirini də istisna etmədi: “Ermənistan həmişə belə bəhanələrdən istifadə edir. İşğalçı ölkə daxili siyasi vəziyyətlə bağlı məsələləri bəhanə edərək danışıqlar prosesindən yayınmağa çalışır. Bu ilin yayında Ermənistanda baş verən hadisələrdə də bunun şahidi olduq. Ermənistan vaxtı uzatmağa və status-kvonu saxlamağa çalışır”.
XİN rəsmisi xatırlatdı ki, hal-hazırda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tələbini özündə əks etdirən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var: “Heç kim onları qüvvədən salmayıb və qüvvədən sala bilməz. O qətnamələrin icra tələbi qüvvədədir. Burada Ermənistan üzərinə qoyulmuş haqlı tələblər var. Yetər ki, beynəlxalq təşkilatlar tərəfindən işğalçıya təzyiq olsun. Qətnamələrin icrasını da beynəlxalq təşkilatlar və həmsədrlər tələb etməlidir”.
Diplomat həmsədrlərin cəhdlərinə baxmayaraq, 2016-cı ilin sayca üçüncü görüşünün alınmamasını, hətta XİN başçılarının Hamburq görüşünün də baş tutmamasının səbəbləri barədə suala belə reaksiya verdi: “Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda olan zaman ATƏT-in Minsk Qrupu həmsədrləri ilə qarşıdakı dövrlə bağlı məsələləri müzakirə etdi. Fransadan olan həmsədr artıq dəyişib və o, regiona ilk səfərini edib. ABŞ tərəfindən isə müvəqqəti, sonra isə daimi əsaslarla fəaliyyət göstərən həmsədrin namizədliyi irəli sürüləcək. Azərbaycan tərəfi də Vyana və Sank-Peterburqda əldə olunan dinamikanın inkişaf etdirilməsi üçün həmsədrlərlə birgə qarşıdan gələn dövr ərzində fəaliyyət göstərəcək. Qarabağ münaqişəsi regionun sülh və təhlükəsizliyi üçün ən böyük təhdiddir. Aprel hadisələri də bunu bir daha göstərdi. Biz həmsədrlərin səylərini alqışlayırıq və ümid edirik ki, 2017-ci ildə bu səylər daha da artırılacaq”.