Dağlıq Qarabağ probleminin həlli məsələsinin yubadılması Ermənistanı daha da zəiflədir.
Bu sözləri Ermənistanın ilk prezidenti, "Ermənistan Milli Konqresi" partiyasının sədri Levon Ter-Petrosyan deyib.Ter-Petrosyan bildirib ki, son illərdə "Madrid-Kazan-Lavrov" variantı üzrə aparılan danışıqlar 1997-ci ildəki mərhələli variantdan heç nə ilə fərqlənmir.
Ter-Petrosyan qeyd edib ki, bu varianta görə, ilk mərhələdə Ermənistan tərəfi işğal olunmuş 7 rayondan 5-ni Azərbaycana qaytarır, ikinci mərhələdə bölgədə sülhməramlılar yerləşdirilir, üçüncü mərhələdə Dağlıq Qarabağın aralıq statusu elan olunur, dördüncü mərhələdə isə Ermənistanın blokadası aradan qaldırılır, Azərbaycanla və ehtimal ki Türkiyə ilə əlaqələr bərpa olunur.
Ter-Petrosyanın səsləndirdiyi fikirlər və erməni cəmiyyətində baş verən proseslərlə bağlı politoloq İlqar Vəlizadə Ölkə.Az-da danışıb:
"Levon Ter-Petrosyan təcrübəli siyasətçidir. O, başa düşür ki, nə vaxt hansı fikri səsləndirmək olar. Çox güman ki, Ermənistanda baş verən prosesləri nəzərə alaraq Levon Ter-Petrosyan bu cür bəyanatla çıxış edir. Ermənistan anlamağa başlayıb ki, onların əsas problemləri Dağlıq Qarabağ məsələsinin həll edilməsidir. Ona görə də, vəziyyəti dəyişdirmək istəyirlər. Bu proses əlbətdə ki, mürəkkəb bir prosesdir. İllərlə köklənən fikirləri, düşüncələri darmadağın etmək çox çətindir.
Çox maraqlıdır ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Ohanyanın seçki platformasında sülhə müəyyən yer ayrılıb. Düzdür, Ohanyan yenə də güc prizmasında çıxış etməyə cəhd göstərsə də, sülhə də yer ayırıb. Bu da onu göstərir ki, erməni cəmiyyətində sülhə sosial sifariş var. Başa düşürlər ki, bu sülhü əldə etmək üçün Azərbaycanla məhsuldar danışıqlara getmək lazımdır. O da ki, yalnız Azərbaycanın mövqeyini nəzərə almaqla mümkündür. Azərbaycanın əsas mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunmalıdır. Onlar açıq şəkildə etiraf edə bilməzlər ki, Azərbaycanın mövqeyi ilə razılaşırıq. Ona görə də, dolayı yolla deyirlər ki, mərhələli həll danışıqlar prosesinin əsas predmetidir. Bu doğrudan da belədir. Sadəcə olaraq danışıqlar prosesində mərhələli planın həyata keçirilməsi digər məsələlərin kölgəsində qalır. Digər məsələr də təhlükəsizliklə bağlı məsələlərdir. Bu ATƏT-in Minsk qrupunun desturiktiv fəaliyyəti ilə bağlıdır. ATƏT-in Minsk qrupunun son illər göstərdiyi fəaliyyətə baxdıqda deyə bilərik ki, onlar torpaqların geri qaytarılması, məcburi köçkünlərin yurd-yuvalarına dönməsi məsələsindən daha çox təhlükəsizlik məsələləri ilə məşğul olurlar. Belə desək, ATƏT-in Minsk qrupu Ermənistanın siyasi rəhbərliyinin nazı ilə oynayır.
Ter-Petrosyan açıq-aşkar deyir ki, danışıqlar prosesində başqa məsələlər də var. Ter-Petrosyan bir növ özünü sığortalayaraq deyir ki, bu əslində mənim tezislərim deyil, Sarkisyan hakimiyyətinin apardığı siyasətin tərkib hissəsidir. Ter-Petrosyan bu sözləri cəmiyyətdə baş verən proseslərə arxalanaraq deyir".