ATƏT-in Minsk Qrupunun fransalı həmsədri səfir Stefan Viskonti dekabrın 11-12-də Azərbaycanda səfərdə olub.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfirliyinin yaydığı kommunikedə deyilir.Bildirilir ki, bu, Stefan Viskontinin Hamburq şəhərində ATƏT-in Nazirlər Şurasında hər iki həmsədr həmkarları ilə birlikdə iştirakından bir neçə gün sonra və vəzifəsinin icrasına başladıqdan sonra regiona ilk səfəridir. Məlumata əsasən həmsədr Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
O, xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
“Bakıya bugünkü səfəri zamanı səfir Viskonti Dağlıq Qarabağ münaqişəsinin qərəzsiz və ədalətli həllinin asanlaşdırılması üçün ABŞ və Rusiya Federasiyası ilə birlikdə Fransanın öz səylərini davam etdirəcəyi barədə qətiyyətli öhdəliyini bir daha bildirib”, - deyə kommunikedə qeyd edilir.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.