Azərbaycana müharibə etmək qadağan olunsun, Ermənistan isə savaşa hazırlaşsın

Azərbaycana müharibə etmək qadağan olunsun, Ermənistan isə savaşa hazırlaşsın backend

Dağlıq Qarabağ məsələsinin nizamlanması Ermənistan Milli Konqresinin əsas qayəsidir” bu barədə partiya lideri Levon Zurabyan “Xilas naminə sesessiya” (sesessiya- ayrılıq-red.) adlı forumda çıxış edərkən söyləyib.

Qaziler.az Musavat.com-a istinadən bildirir ki, Ermənistan mətbuatının yazdığına görə, hazırda Qarabağ məsələsi parlament seçkiləri öncəsi bütün siyasi təşkilatların prioritet məsələsinə çevriləcək.

“Ermənistan siyasi məkanında hələ də Qarabağ məsələsi ilə bağlı prinsipial diskussiya və diskurs formalaşmayıb. Çünki bu siyasi qüvvələr nizamlanma adı altında nəyi nəzərdə tutduqlarını müəyyən edə bilməyiblər”, -Akop Badalyan yazır.

“Faktiki olaraq Ermənistanın siyasi həyatında bu məsələ ilə bağlı konsensus müşahidə edilmir. Bu isə əslində birinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılması ilə bağlı konsensusun olduğunu göstərir”, -analitik qeyd edir.

Badalyanın fikrincə, Ermənistan bu ssenari ilə elə danışıqlar prosesinin lap əvvəlindən razılaşmağa başlayıb. “Bu isə Azərbaycana öz mövqelərini möhkəmləndirməyə, , danışıqlarda diktə edən tərəfə çevrilməyə, hərbi diplomatiya siyasətinə keçməsinə şərait yaradıb.

Ermənistan buna qarşı durmaq uşun heç nəyə nail ola bilməyib”.



Badalyana görə, Azərbaycanın da məsələni hərbi yolla həll etmək imkanı yoxdur. Bundan başqa, beynəxalq birlik Bakıya münaqişəni hərbi yolla həllini qadağan edir.

“Məsələnin diplomatik həlli də görünmür. Bu isə o deməkdir ki, Ermənistanın birinci müharibədə əldə etdiyi nəticələr qüvvədə qalmış olur. Bunu Ermənistanda hər kəs anlayır. Ölkənin siyasi elitası isə bu və ya digər formada güc yolu ilə əldə edilən müharibənin nəticələrindən imtina etməyə hazır olduğunu bildirir ”, - yazıda qeyd olunur.

Badalyan hazırda münaqişə ilə bağlı beynəlxalq birliyin və ATƏT həmsədrlərinin Ermənistanın tərəfində olduğunu, rəsmi İrəvanın isə bu məsələdə passiv qaldığını düşünür.

“Vasitəçilər bunu Hamburqda xarici işlər nazirlərinin ortaq bəyanatında nümayiş etdirdilər. Bu bəyanat Azərbaycana müharibə etməyi qadağan edir və onu danışıqlara və “dondurma” mexanizmlərinə geri qayıtmağa çağırır. Bu isə nizamlanma deyil. Nizamlanma sadəcə bir lövhədir. Burada hər bir tərəf öz vəzifələrini yerinə yetirir. Erməni tərəfinin vəzifəsi nədən ibarət olmalıdır?” deyə analitik əsl mətləbə keçir:

“20 ildən çoxdur ki, , “kompromisin sülhün əsas qayəsi olması” ilə bağlı öz-özümüzü əmin edirik. Azərbaycan isə bunu hər zaman inkar etdi.

Bütün bunlar daxili manipulyasiyalara yol açmaqla bərabər Azərbaycana revanş hüququnu da bəxş etmiş oldu. Bundan başqa, Ermənistanın nə daxili, nə də regional heç bir problemi həll edilmədi. Aprel müharibəsi isə Ermənistanda idarəçliyin effektiv olmamasını, həmçinin illər boyunca strategiya və doktrinanın olmadığını nümayiş etdirdi.

“Cənubi Qafqazın, o cümlədən Ermənistanın təhlükəsizliyi üçün iki yol var: ya Ermənistan hər zaman müharibəyə hazır olmalıdır, ya da kapitulyasiyaya getməlidir”, - yazan analitik çıxış yolunu 1-ci variantda görür:

“İndi biz Ermənistanın inkişaf yolunun kompromissdə görən konseptual absurdla üzləşmişik. Tam əksinə, Ermənistan yalnız müharibəyə hazırlaşaraq inkişaf edə bilər. Məhz bu Ermənistanın inkişafının və modernizasiyasının əsas stimuluna çevrilə bilər.”, - Badalyanın gəldiyi nəticə bundan ibarət olub.

Digər “qərbyönümlü” analitik Naira Ayrumyan da Ermənistan tərəfdən qəti addımların atılması gərəkdiyini düşünür.



Onun fikrincə, aprel ayında bir sıra Qərb dövlətləri Azərbaycana qarşı kəskin addımlara getməyə hazır imiş, Lakin bunun üçün onlar Ermənistan tərəfdən müəyyən bir impulsu gözləyiblər.

“Belə bir impuls isə Qarabağın “müstəqilliynin” Ermənistan tərəfindən tanınması ola bilərmiş.

Lakin buna digər dövlətlər mane olublar.

Belə bir rəy mövcuddur ki, bunda ən çox Rusiya maraqlı görünüb.

“Çünki Rusiyaya Ermənistanın Qarabağı “müstəqil” dövlət olaraq da tanımaq sərf etmir. Çünki belə olan halda o, ya Ermənistanı dəstəkləməli, ya da açıq şəkildə onunla müttəfiq olmadığını bəyan etməlidir”, - Ayrumyan yazır.

Ayrumyanın rəyinə əsasən, ATƏT-də yalnız bir məsələ ilə bağlı ümumi razılıq mövcuddur - bu da Azərbaycana müharibə etmək hüququnun qadağan edilməsidir.

Erməni icmalçıya görə, bu hüququ möhkəmləndirmək üçün Ermənistan hansısa addımlar atmalıdır.

“Kimsə bunun ərazi güzəştləri olduğunu düşünür, bəziləri isə daha qəti addımları, məsələn “müstəqilliyin” tanınmasını gözləyir. Ermənistan prezidenti Serj Sərksiyanın Talış kəndinə etdiyi səfərdə yeni mühəndis qurğularının və müdafiə istehkamlarının vəziyyəti ilə tanış olub. Əgər müdafiəni güclənidirirlərsə, bu o deməkdir ki, ərazi güzəştindən söhbət gedə bilməz. Növbəti addım nə olacaq?” - deyə Ayrumyan sual edir.

Yuxarıda adları çəkilən təhlilçilərdən fərqli olaraq Musa Mikaelyan daha gerçəkçi görünür.

“Dünya birliyi Qarabağ məsələsində və Ermənistanın daxili siyasi inkişafı ilə bağlı məsələdə nə istəyir? Bu məsələlər Ermənistanın daxilində və ətrafında gedən prosesləri anlamaq üçün çox vacibdir.

Yaranan mürəkkəb situasiyada bütün bu problemlər burulğanında boğulmamaq üçün Ermənistan cəmiyyətinin yalnız bir çıxış yolu var - nə istədiyinə qərar vermək.

Biz öz dövlətimizdən Qarabağ məsələsində nə istəyirik. Biz ABŞ-dan, Rusiyadan, Avropadan, Türkiyədən, İrandan, Çindən və hətta Azərbaycandan nə istəyirik?

Başqalarının nə fikirləşdiyindən daha çox özümüzün nə istəyimizi formalaşdırmaq lazımdır. Biz dünyanı anlamaqdansa özümüzü dərk etməliyik. Yalnız o zaman təhlükələrdən qaça, təhdidlər qarşısında davam gətirə bilərik” - Musa Mikaelyanın məqaləsində yazılır.
Diaspora