Rusiyalı deputat: “Azərbaycan heç vaxt Qarabağın işğalı ilə razılaşmayacaq“

Rusiyalı deputat: “Azərbaycan heç vaxt Qarabağın işğalı ilə razılaşmayacaq“ backend

"Dağlıq Qarabağ münaqişəsi Ermənistana xeyir gətirməyib. Bu gün ermənilər Ermənistanı tərk edərək başqa ölkələrə gedirlər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bildirib.

O, Azərbaycanın heç vaxt Dağlıq Qarabağın işğalı ilə razılaşmayacağını söyləyib. Deputat Rusiya cəmiyyətinin bu münaqişə haqqında dolğun təsəvvürünün olmadığını bildirib: "Təsəvvür edin ki, sizin iki otaqlı eviniz var. Bir silahlı şəxs gəlib evinizə girir, sizi evdən qovur, evi əlinizdən alır. Siz bununla razılaşarsınızmı? Bu hələ harasıdır. Azərbaycanın təkcə Dağlıq Qarabağı regionu işğal olunmayıb. Ona bitişik olan yeddi rayon da işğal olunub. Bəs, bu fakt necə?! Əgər Dağlıq Qarabağ mübahisəli regiondursa, onda 7 rayonu işğal etmək nədir? Bəs, Azərbaycan xalqından nə gözləyirsiniz? Sakit qalmasınımı, susmasınımı? Heç vaxt! Azərbaycan heç vaxt bununla razılaşmayacaq".

Rusiyalı deputat heç kimin müharibə istəmədiyini vurğulayıb: "Heç kəs müharibə, qan tökmək istəmir. Lakin bu münaqişə həll olunmalıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu problemin həllində öz vasitəçilik səylərini gücləndirməlidir. Mən öz həmkarlarımı bu münaqişənin həllinə səy göstərməyə çağırıram".
Diaspora