Cəbhə bölgəsində düşmənin mövqelərimizə hücumu zamanı 2015-ci ilin dekabr ayında şəhid olan Silahlı Qüvvələrimizin zabiti, baş leytenant Abdulla Molla oğlu Mollayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından Müdafiə nazirinin əmri ilə təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin il mərasimində onun ailəsinə təqdim edilib.
Qax rayonunun Qaxbaş kəndində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.Mərasim iştirakçıları əvvəlcə Qax şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhid A.Mollayevin məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Şəhidin doğulub boya-başa çatdığı kənddə təşkil edilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıb. Qeyd edib ki, şəhidlərimizin intiqamı həmişə alınıb, bu gün də düşmənlə qarşıdurma xəttində Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır və təmas xəttində əməliyyat şəraiti Milli Ordumuzun tam nəzarəti altındadır. Aprel döyüşləri bir daha dövlətimizin və Silahlı Qüvvələrimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini göstərib. Xalq Ordusuna güvəndiyi kimi Azərbaycan əsgəri də arxasında böyük xalqın dayandığından daha da ruhlanaraq qarşıya qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirir.
Mərasimdə şəhidin qısa, lakin Vətənə həsr olunan mənalı ömür yolundan bəhs edilərək diqqətə çatdırılıb ki, o, 1988-ci ildə Qax rayonunda anadan olub, Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində oxuyub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra A.Mollayev Naxçıvan Muxtar Respublikasında və Goranboy rayonu ərazisindəki hərbi hissələrdə xidmət edib. Sağlığında "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunan gənc zabit peşəkarlığı və işgüzarlığı ilə həmişə fərqlənib. Xidməti vəzifəsini yerinə yetirərkən 1 il əvvəl şəhidlik zirvəsinə ucalıb. Özündən sonra bir oğlu yadigar qalıb.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bütün xalqımız kimi hər bir Qax sakininin də həmişə Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olduqlarını vurğulayıb. O, bildirib ki, Qarabağ Qaxdan uzaqdadır, lakin orada atılan hər bir güllə səsi rayonda da eşidilir. Qarabağ uğrunda döyüşlərdə 140-dan çox Qax sakini şəhid olub. Hazırda Silahlı Qüvvələrimizdə yüzlərlə qaxlı gənc xidmət edir. Həmişə onların xoş sorağını eşidirik. Gənclərin vətənpərvərlik tərbiyəsi, orduya ləyaqətli oğulların hazırlanması rayonda prioritet məsələlərdən biridir və hər bir qaxlı bu gün Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırdır.
Qaxbaş kənd 2 nömrəli tam orta məktəbinin direktoru Rasim Çələbiyev, şəhidin xidmət etdiyi hərbi hissənin zabiti mayor Eldəniz İsmayılov, onun tarix müəllimi Fəxriyyə Kərimova və başqaları da A. Mollayev haqqında xatirələrini bölüşüblər.
Şəhidin atası Molla Mollayev oğlunun Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini deyib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhidin layiq görüldüyü medalın onun iki yaşlı oğlu Kənanın sinəsinə sancılması mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.