Harda desən varıq, Ağdamdan savayı...

Harda desən varıq, Ağdamdan savayı... backend

1 sentyabr 1984-cü il son "1 sentyabr"ımız oldu, sonra yazı lövhəsinə çırpılan yastıqcadan qopan toz dənələri kimi hərə bir yana uçdu...

Toz adamlar. (“Ruhlar şəhəri”dən)
Vaxt insana, əbədiyyət Allaha bağlı anlayışdı.
Ölüm Vaxtdan Əbədiyyətə keçid tunelidi.
Ölüm Vaxtın qurtaran, Əbədiyyətin başlayan nöqtəsidi.
Nöqtə toz boydadı.
Yer kürəsi bir Toz dənəsindən yaranıb!
Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə çevrildiyi zamanı hesablasın! Səbrinə şükür, Allah!
Tozuna şükür!
***
Sinifdəki yazı lövhəsini silmək üçün qızların evdə tikib gətirdiyi yastıqcaları tolazlamaqdan həm də ona görə sadist zövqü alırsan ki, dəydiyi yerdə ağappaq tabaşir ləkəsi qoyur, hədəfə dəyməsindən doğan sevinc qələbə atəşfəşanlığı təki ətrafa qar lopalarına oxşayan toz dənələri yayır.
Ən çox belə toz riyaziyyat kabinetində olurdu.
Bizə riyaziyyat dərsini Xalidə müəllimə deyirdi. Çox sərt qadınıydı. Sinifdə gülməz, səs salanı bağışlamaz, yaxşı oxuyanı sevər, amma tərifləməzdi. Onun pis oxuyanları görməyə gözü olmasa da, pis oxuyanların gözü hər yerdə onu görürdü. Qorxudan! Hamı onunla sərhəd saxlamağa çalışırdı. Amma uşaq azadlığının sərhədimi var?!
Bir dəfə yoxlama yazırdıq. İlin sonu olduğundan alacağımız qiymət illikdə həlledici olacaqdı. Hamı məzar sükutu içində baş sındırırdı. Xalidə müəllimə demiş, “başı olanlar baş sındırır”, olmayanlarsa gözləyirdilər ki, “başı olanlar” yazsınlar, onlar da xəlvətə salıb köçürsünlər.
Beş-altı nəfər özünə inamla yazırdı. Çoxunun ürək guppultusunu evdə anaları duysa da, sinifdə Xalidə müəllimə eşidəsi deyildi. Bir qrup da vardı ki, aşığını Araz, topuğunu da Kür islatmazdı. Amma hamını birləşdirən bir şey vardı – qorxudan yoğrulmuş sükut...
Qəfil arxa sıradan qopan “Bu nədi ə?” nidasından sinif diksindi, başlara qonan ...elm pərisi uçub getdi. Müəllimənin “Nəyə qışqırırsan” sualına İlqarın (indi Moskvada restoran işlədir) cavabı yerli-yataqlı oldu: “Məllim, görmürsən, buna demişəm ki, mənim şəklimi çək, bu da öz şəklini çəkib”. Sən demə, İlqar onun diaqramını çəksin deyə dəftərini yaxşı əl qabiliyyəti olan Müşfiqə veribmiş. O da yoxlama dəftərinə diaqram əvəzinə “nemes” şəkli çəkibmiş. Faşist libasında adam şəkli.
Lövhəyə çıxası oldular. Sinfin ən uzun iki oğlanı.
“Başını aşağı əy görüm!”. Xalidə müəllimə adəti üzrə ayağını bir-bir onların ayağının üstünə qoyub basdı, sanki yerə mıxladı ki, tərpənə bilməsinlər. Şilləsi Müşfiqin onsuz da qara üzündə əl boyda kömür rəngdə ləkə saldı, İlqarın rus sarısı rəngdə sifəti isә sovet bayrağı kimi allandı.
Bu nədi ki, illik qiymətlәri “3” olsun deyə, onlar Xalidə müəlliməyə hələ xeyli dil tökəcəkdilər. Sonra hər şey öz qaydasına düşdü, amma arada İlqar yeni ayama qazandı – “Nemes”.
***
Rus dili müəlliməsi Nərgiz xanım dərd əhlinin sevimlisiydi. Eşqə düşən uşaqları onun kimi duyan yoxuydu. Mənim yerim müəllimin stolu ilə üzbəüz sıradakı birinci partadaydı. Tərslikdən həmişə yanıma dostların qaraladığı qızlar düşürdü.
İlqar sinfimizə təzə gələn qıza (adını yazmıram) dəli kimi aşiq olmuşdu. Qız əlaçı idi, bəlkə də ona görə özündən iki qiymət aşağı oxuyan, yəni gücü zorla “3”ə çatan İlqarı əvvəl-əvvəl bəyənmirdi. İşin ağırlığı isə mənə düşürdü. İlqar bir dost kimi onu tez-tez parta yoldaşıma tərifləməyimi, haqqında xoş söz deməyimi təkid edirdi, bir sözlə, indiki dillə desək, yaxşı imicini yaratmağımı istəyirdi. Canımı boğazıma yığmışdı. Mənimsə sevgi Allahı Amur kimi sehrli oxum yoxuydu ki, İlqarın əvəzindən qızın ürəyini nişan alıb atam...
Bir dəfə “Lenin yolu” qəzetində “Şəfəq”in (indiki “Qarabağ” futbol komandasının sələfi) oyunçularının şəkli dərc olunmuşdu. Aralarında komandanın gənc üzvü kimi İlqar da vardı. Qəzeti mənə verib parta yoldaşıma, sevdiyi qıza göstərməyi xahiş elədi. Mən də dediyi kimi etdim. “Bura bax” deyə qəzeti partaya sərib İlqarın şәklini göstərdim. “Kimdi ki?” “Tanımadın? “Nemes”di də”. “Nemes” sözünə qəfil elə güldü ki, bütün başlar tennis topuna baxırmış kimi bizə çöndü, dediyimə peşman oldum. Sonra İlqara sarı çevrilib elə baxdı, sanki onun “nemes”ə oxşayıb-oxşamadığına rəy verəcəkmiş. Məzlum-məzlum marıtlayan yazıq İlqar qızın ona zillənən gülüş dolu baxışlarını sevgi müjdəsi bilib göydə qapardı. Utanmasaydı...
Sonra yanıma başqa bir qız gələsi oldu. Ona da Yusif aşiq idi. Qızı yaxşı görsün deyə həmişə boğaz çəkirdi, yəni: “bu mən ölüm, bir az qabağa otur...”. Üçüncü cərgədən elə boylanırdı ki, bu həsrətə Nərgiz müəllimənin də ürəyi dözmürdü. Mənimsə bəzən tərsliyim tuturdu. Bir dəfə özümü sərdim partaya, “Hə, di bax!” sözünü elə dedim ki, bütün sinif eşitdi. İlqarın qəzet əhvalatı yalan oldu. Yazıq qız qıpqırmızı qızardı, Yusif də dişi bağırsağını kəsmiş, qovrula-qovrula qaldı.
Hərəkətimin orijinallığından təzəcə zövq alırdım ki, Nərgiz müəllimə kürəyimə bir yumruq vurub sakitcə keçdi. Ağrısı kürəyimin yadındadı. Cəzamı çox gözlətmədi. Bir müddət hər gün dərsə durğuzur, danışdırır, suala tuturdu. Bununla həm məni cəzalandırır, həm də iki sevən arasından qara tikanı, müvəqqəti olsa da, götürürdü. Hər gün dərs danışmağımın səbəbini sonralar bildim. Mərdimazara bu da azmış.
Nərgiz Mahmudova cavan, həvəsli, savadlı, hәssas qәlbli bir müəllimə kimi yadımda qalıb. Hamımız onu sevirdik, onu hirsləndirənə elliklə etiraz edirdik. Arıq, hündür boylu, zərif, qıvrımsaç Nərgiz xanım Əzizbəyov küçəsindəki evlərindən çıxıb, Musəvi küçəsindən keçib, Rəşadgilin (Rəşad Məcid) əvvəl yaşadıqları “dördmərtəbə”nin tinini burulub məktəbə sarı gələndə yerişindən XIX əsr fransız ədəbiyyatının tipik qadın obrazını xatırladırdı. Lermontovun “Zәmanәmizin qәhrәmanı” (“Qeroy naşeqo vremeni”), Turgenevin “Mumu” əsərlərini danışanda məni tez-tez saxlayır, “Razve?” deyə şübhəylə soruşurdu. “Elə danışırsan ki, elə bil “Mumu”nu Turgenev yox, sən yazmısan”.
***
Arxasını gətirə bilmirəm, yazmağa can çəkirəm. Yoxsa sənə hər payız pambıq yığımı mövsümü çəkdiyimiz səfadan yazardım. Axı mәn sәnә hər səhər obaşdan tarlalara, guya pambıq yığmağa getməyimizdən, avtobusda xorla mahnı oxumağımızdan, “Tapan, tap oğrunu” oynamağımızdan, uduzmağın şərti kimi müəllimlərdən birini qəfil öpməyə məcbur olmağımızdan, kolxozçuların pambığını oğurlamağımızdan, axşamlar qayıdanda sürücüləri şirnikləndirib avtobusları ötüşdürməyimizdən danışmadım. Demədim ki, min yay tətili bir pambıq mövsümünü əvəz etməzdi. Ucsuz-bucaqsız ağappaq çöllərdə ən cәsarәtsiz də sevdasını dilə gətirәrdi, bura da bic-bic uşaqlarla dolu sinif otağı deyil ki, ürək aça bilməyəsən.
...Qənirə müəllimə sinif rəhbərimiz olub, həm də ədəbiyyat dərsi deyirdi. Əvvəlki sinif rəhbərimiz isə onun institutu təzə bitirib gələn, bizə Azərbaycan dili dərsi deyən qızı Nərgiz müəllimə idi (bu yerdə ilk müəlliməm Şəfiqə xanımı anmasam, onun unudulmaz təbəssümünü xatırlamasam olmaz). O vaxt 12 yaşım vardı. Gənc müəlliməm Nərgiz Həsənovanın İntibah rəssamlarının çəkdiyi qadınlara bənzəyən çöhrəsi mənim qadın gözəlliyinə açılan duyğularımın təzəcə pöhrələyən yeriydi...
Pambıqlıqda bəzən nahar vaxtı bütün sinif bir yerə toplaşırdı. Hamı gətirdiyini ortaya qoyurdu. Hər kəs matah malını ilk olaraq müəlliməyə verməyə can atırdı. Bir gün pambığa atamın Bakıdan gətirdiyi, Ağdamda hələ çoxlarının tanımadığı feyxoa meyvəsi apardım. Bir neçəsini Qənirə müəlliməyə verdim. Nə qədər desəm də, inandıra bilmədim ki, pambıq qozası deyil, təzə meyvə növüdü. “Feyxoy nədi, pambıq qozasıdı ey bu”. Əlacsız qalıb birini dişləyib göstərdim, sonra da iştahla yedim. Yalnız bundan sonra “pambıq qozaları”nı qəbul elədi. “Kişidən papiros iyi gələr” deyən Qənirə müəllimənin mərd, kişiyana hərəkətlərini az görməmişdik. Elə xatirəmdə dә mərd, həm də baməzə qadın kimi qalıb.
Heç “Faşizm üzərində qələbənin 40 illiyi”nə həsr olunan respublika məktəblilərinin teatr festivalından söz açmadım. Bilirsən partizan dəstəsi komandirinin hәrbi forması necə yaraşırdı mənə? Şəhər, sonra region məktəbləri arasında birinci olduq. Məktəbimiz respublikada ikinci yeri götürdü. O da Yusifin Mikayıl Mirzə sayaq şeir deməsinə görə.
İndi Bakının hər yanında “Çay ev”ləri açılır. Amma bizim üçmərtəbəli “Çay evi”nə çatanı olmaz. Heç ondan da bəhs etmədim! Çayxananın üçüncü mərtəbəsində ucadan danışmazdılar. Bu qaydanı heç kәs qoymamışdı. Amma orada hamı astadan, bəzən lap pıçıltıyla söhbət edirdi. Çünki, bura məscidin minarəsinə çox yaxın idi, azanı lap qulağının dibində oxuyurdular. Bəlkə buna görə buranın sakit aurası vardı... Bəlkə elə bu auraya görə məktəbimizin sevdalanmış oğlanları buranı seçirdilər. Yaxın dosta ürək boşaltmağa burdan gözəl yermi tapılardı...
***
Deyirlər, doğulanda hәr bir insanın taleyi alnına yazılır və “yazıya pozu yoxdu”. Bizdə belə olmadı. Ağdamsızlıq (fələk) taleyimizi ömür ağacının elə yenicə cücərən anında yaxaladı, alnımızdakını pozub yerində nə yazdı, hansı xətlə yazdı, biz bir yana, sonra heç özü də oxuya bilmədi. Fələk (Ağdamsızlıq) divara dəyən tabaşirli yastıqcadan qopan toz dənələri kimi hərəmizi bir yana uçurtdu, bir diyara saldı. Elbrus haqq dünyasına, Bəhruz tutulub Vladivostoka (Allah qapısını açsın!), Rauf, Müşfiq Kazana, İlqar Moskvaya üz tutdu. Burda qalanların isә biri Şəkiyə, digəri Bakıya – hər yerə, hər yana səpələndilər. Harda desən varıq, Ağdamdan savayı...
Bayırda külək əsir. Havada toz dənələri oynaşır. Görən haradan, kimdən qopub bu toz dənələri... Hara uçurlar belə... Bəlkə bizdən ayrılıb hesaba gəlməyən zaman sonrası kiməsə Yer olmaq üçün yola çıxırlar?!
...Yer kürəsi bir Toz dənəsindən yaranıb! Xatırlayıram!
Cəbrin, riyaziyyatın gücü çatmaz bir Toz dənəsinin Yer kürəsinə çevrildiyi zamanı hesablasın! Səbrinə şükür, Allah!
Tozuna şükür!

Vahid Qazi
Diaspora