Azərbaycan və Ermənistan hüquq müdafiəçiləri hər iki ölkənin prezidentlərinə və xalqlarına müraciət qəbul edib.
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, müraciətdə deyilir:“Biz, Azərbaycan və erməni xalqlarının nümayəndələri, 25 ildən çoxdur davam edən, on minlərlə vətəndaşımızın ölümünə, yüz minlərlə insanın qaçqın, məcburi köçkün düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və əsas problemləri ürək ağrısı ilə müzakirə etmək üçün bir araya gəlmişik. Ona görə də biz sizlərə müraciət etməyi öz vətəndaşlıq borcumuz sayırıq.
SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan öz müqəddəratını təyinetmə hüququndan istifadə edərək müstəqil dövlətə çevrildilər. Lakin çox təəssüf ki, Cənubi Qafqaz regionunda beynəlxalq hüquqa və ATƏT-in Helsinki Yekun Aktına uyğun sivil, dövlətlərarası münasibətlər bərqərar olmadı. İki ölkə arasında qanlı müharibənin nəticələri bölgədə sülh və sabitliyin yaranmasına hələ də mane olur. Müharibə alovunun bütün dəhşətlərini, yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq, onillər ərzində hər iki ölkəyə vurduğu böyük maddi-mənəvi zərəri yalnız statistik göstəricilərlə ifadə etmək mümkün deyil.
Bu gün qoşunların təmas xətti və iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca səngərlər qazılıb və minalanmış sahələr uzanır, bunlar İkinci Dünya müharibəsi dövrünü xatırladan mənzərələrdir. Səngərlərdə gənc azərbaycanlı və erməni əsgərlər snayper tüfənglərinin optik nişangahlarından bir-birini izləyir. Hər iki ölkədə böyüyən nəsillərin bir-biri haqda təsəvvürləri müharibə və onun gətirdiyi ağrılarla formalaşır. Məşhur aprel hadisələri bir daha sübut etdi ki, müharibənin bərpası fəlakətli nəticələrə səbəb ola bilər. 90-cı illərdən fərqli olaraq, hər iki ölkənin hərbi arsenalının genişlənməsi və risklərin ballistik raketlər səviyyəsinə yüksəlməsi müharibə təhlükəsinin qorxuducu həddə çatdığını göstərir. Hərbi məqsədlərə sərf olunan vəsaitlər xalqlarımızın rifahı və inkişafına xidmət edə bilərdi. Erməni və Azərbaycan xalqları bu münaqişədən çoxdan yorulub və yeni-yen itkilər istəmir. Bu münaqişəni ermənilər və azərbaycanlılardan başqa kiminsə həll etməyə qadir olduğunu düşünmək sadəlövhlük olardı. Bundan irəli gələrək biz sizləri aşağıdakı addımları atmağa çağırırıq:
- Mərdlik və müdriklik göstərin, keçmişin girovuna çevrilməyin, gələcəyə baxın və müharibənin faciəvi nəticələrindən dərs çıxarın;
- Münaqişənin tezliklə sülh yolu ilə həlli üçün substantiv və nəticəyə yönəlmiş danışıqlar sürətləndirilməli, danışıqların imitasiyasına son qoyulmalıdır. Münaqişənin tezliklə həlli təkcə Dağlıq Qarabağın yox, həm də Ermənistanın və bütün regionun inkişafına təkan verəcək və bu, iki ölkə arasında sülh və əməkdaşlığa misilsiz töhfə olacaq. Bu halda heç bir tərəf nə qalib, nə məğlub sayılacaq və istər erməni, istərsə də Azərbaycan xalqı üçün məğlubiyyətsiz nailiyyət əldə ediləcək;
- ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə qəbuledilməz və dayanıqsız elan etdiyi status-kvo yaxın vaxtlarda dəyişdirilməlidir;
- Hazırkı status-kvonun təməlini təşkil edən işğal faktı aradan qaldırılmalı, qoşunların çıxarılması təmin edilməlidir;
- Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli qayıdışı təmin olunmalıdır;
- Bu gün Azərbaycan tolerant, multikultural və inkişaf etməkdə olan ölkədir, burada erməni mənşəli 30 min vətəndaş sərbəst yaşayır və onların hüquqları hətta münaqişəyə rəğmən diskriminasiyaya məruz qala bilməz. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının dinc, təhlükəsiz birgə yaşayışı üçün heç bir problem yoxdur. Ona görə də, erməni və azərbaycanlıların etnik uyğunsuzluğu və onların birgə yaşayışının qeyri-mümkünlüyü barədə əsassız, irqçi düşüncələr qətiyyətlə rədd edilməlidir;
- Bu kontekstdə, hər iki icmanın hüquqlarına və təhlükəsizliyinə təminat veriləcəyi, Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması haqda təklif potensial və reallaşdırılması mümkün kompromis kimi Ermənistan və Azərbaycan ictimaiyyətləri tərəfindən ciddi şəkildə nəzərdən keçirilməyə layiqdir;
- Beynəlxalq hüququn və Helsinki Yekun Aktının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərin toxunulmazlığı, suverenliyə qarşılıqlı hörmət prinsiplərindən çıxış etməklə, Ermənistan və Azərbaycan arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarına, xüsusən BMT TŞ-nin müvafiq qətnamələrinə əsaslanan sivil münasibətlər formalaşdırmaq zəruridir;
- Vətəndaş cəmiyyətləri arasında dialoqu davam etdirmək üçün bu platformadan istifadə edilməsi münaqişənin həllinə töhfə verəcək”.
Müraciəti Ermənistan tərəfdən Vahe Avetyan (hüquq müdafiəçisi), Vaan Martirosyan (“Milli Azadlıq Hərəkatı” ictimai təşkilatının sədri), Syuzan Caqinyan (“Meridian” hüquq-müdafiə təşkilatının sədr müavini, jurnalist), Azərbaycan tərəfdən isə Rövşən Rzayev (“Dağlıq Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin Şura üzvü), Kamil Səlimov (Bakı Dövlət Universitetinin professoru), Şəlalə Həsənova (“İctimaiyyətlə Əlaqələrin İnkişafın Dəstək” İctimai Birliyinin sədri) imzalayıb.