Marquşevan döyüşündən 23 il ötür - 10 aprel 1992-ci il

Marquşevan döyüşündən 23 il ötür - 10 aprel 1992-ci il backend

(Döyüşçü qardaşlarıma həsr olunur) Bu gün Qarabağ müharibəsinin yadda qalan tarixlərindən biridir. Azərbaycan döyüşçülərinin Ağdərənin Marquşevan qəsəbəsini erməni işğalçılarından azad etdiyi gündür. Düşmənlərimiz bu əməliyyatı Marquşevan qətliamı kimi təbliğ edirlər. Ermənistan hakimiyyəti, erməni təbliğatçıları və onların havadarları bu döyüşü ermənilərin törətdiyi Xocalı və Ağdaban soyqırımına Azərbaycanlıların cavab kimi təqdim edirlər. Əslində isə bu növbəti erməni yalanıdır. Onların iyrənc təbliğat maşınının dünya ictimaiyyətini növbəti dəfə aldatmasıdır. Bəs əslində hadisə necə olub, Marquşevanda nə baş verib?

QAZİLER.AZ saytı Qarabağ müharibəsinin, o cümlədən Marquşevan döyüşünün iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramovun sözügedən əməliyyat barədə yazısını təqdim edir.

Əməliyyat şəraiti

“1988-ci ildən 92-ci ilin iyun ayına qədər Qarabağın müdafiəsində əsasən Daxili İşlər Nazirliyinin yerli və xüsusi bölmələri, Daxili Qoşunlar hissələri, 91-ci ilin sonlarından yeni yaranmaqda olan nizami Milli Ordumuzun kiçik bölmələri və münaqişənin əvvəlindən kəndlərinin və şəhərlərinin müdafiəsinə qalxmış yerli əhalidən ibarət özünümüdafiə dəstələri olub. Qarabağda, ölkəmizin Qərb həmsərhəd regionunda və Naxçıvanda yerli özünümüdafiə dəstələri real təhlükələrə cavab kimi yaranmışdı.

1991-ci ilin sonlarından yerli özünümüdafiə batalyonlarına Azərbaycanın hər yerindən geniş könüllü axını başladı. İri özünümüdafiə batalyonları MN tərəfindən qeydiyyatdan keçirildi, sıra sayları verildi (92-ci ilin iyul-noyabr aylarında nizami ordu hissələrin ştatına daxil edildilər). İri dəstələr öz müdafiə tədbirlərini MN-nin planları əsasında aparırdılar. Digər dəstələr isə bəzən “özfəaliyyətə” yol verirdilər.

Ümumən Qarabağda olan Milli Ordu və özünümüdafiə dəstələrimiz təxminən 50% avtomatik silahla silahlanmışdılar. Qalanları ya tüfənglərlə silahlanmış ya növbələrini gözləyib, sursat daşıyır, başqa köməkliklər edirdilər. O ərəfədə bizdə tank və digər ağır texnikaların sayı çox az idi.

Ermənilərin 13 ədəd T-72A tankı, 98 ədəd PDM, top-raket qurğu və kompleksləri və s. var idi. Qumbaraatanlar, pulemyotların sayı və sursat cəhətdən düşmən bizdən dəfələrlə üstün idi.

Tərtər döyüşür, yaşayır...

Tərtərin düşmənlə 40 km enində təmas xəttində daim Tərtər batalyonu, “Milli Qurtuluş” batalyonu, Polis İdarəsinin bölmələri dayanırdılar. Tərtərə Bərdə özünümüdafiə batalyonu, “Azadlıq” batalyonu (Bərdə) və Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD-OMON) uzunmüddətlilik köməyə gəlirdilər. Kəskin silah sursat çatışmazlığı var idi.

Qarşımızda ermənilərin canlı qüvvəsindən üç yerli dəstə, bir gəlmə, ancaq daim qalan və iki gücləndirilmiş ehtiyat (rezerv) dəstələr dayanmışdı. Cəmi təxminən 1500 nəfər. 3 ədəd T-72A tankı, 16 ədəd PDM və sairə.

“Qurtuluş” batalyonun ilk komandiri Cahangir Əliyev Şəhid oldu...

İndi çoxları unudub, ancaq Xocalıya hücum gecəsi məhz Tərtər batalyonu və “Qurtuluş”, düşmən qüvvələrini öz üzərlərinə cəlb eləmək məqsədilə Seysulan və Yarımca kəndləri istiqamətində əməliyyat keçirmişdilər. Hər iki kənd erməni silahlılarından azad edilmişdi. O zamandan bu kəndlər bizim nəzarətimizdədir. O döyüşdə “Qurtuluş” batalyonun ilk komandiri Cahangir Əliyev Şəhid oldu...

O zaman Tərtərdə XTPD 1-ci bölməsi (komandir Tahir Quliyev) və XTPD-nin (OMON) Çevik Zirehli Dəstəsi (komandiri mən idim) yerləşdirilmişdi. Əsas vəzifəmiz Tərtəri müdafiə etmək idi, ancaq başqa rayonlarda da vəziyyət kəskinləşəndə çevik zirehli dəstəni qısa müddətli döyüş tapşırıqları ilə həmin yerlərə göndərirdilər.

Marquşevan döyüşü baş verən dövrdə düşmən daim Tərtəri PDM, toplardan və raket qurğularından atəşə tuturdu, lakin tərəfimizdən dərhal susdurulurdu. Müxtəlif fəndlərlə biz düşmənə, özümüzü sayca olduğumuzdan daha çox göstərir, düşməni yayındırmaq üçün radio efirdə “OMON”un 20 tankı olduğu barədə dezinformasiyalar buraxırdıq.



Marağa - Marquşevan

Aprelin əvvəllərində Bərdənin “Azadlıq” dəstəsi kömək üçün mənə müraciət etdi. Komandirləri Ələmşah Məmmədov və daha çox Şaqan kimi tanınan Zabil Həsənov yanıma gəldilər. Biz tanış idik. Onların dəstəsində 200-ə yaxın müxtəlif atıcı silahlı, ürəkli, lakin çətin idarə olunan döyüşçülər var idi. Komandirlər mənə dedi ki, Marquşevanı işğalçılardan təmizləyib, bacardıqca çox əsir tutub, onları xocalılara dəyişmək istəyirlər.

Ermənilər - Marağa, azərbaycanlılar isə Marquşevan adlandırdıqları Leninavan, müharibədən əvvəl 4-5 min (o zaman əhalisinin 3/4 köçmüş, təxminən 1000 nəfər sakini qalmışdı) olan şəhər tipli qəsəbə idi. Qəsəbənin əsasını 19-cu əsrdə Cənub Azərbaycanın Marağasından köçürülmüş ermənilər salmışdılar. Qəsəbə, Tərtərin 2-3 km cənub-qərbində yerləşir. Leninavan küçələri asfalt, telefonlaşdırılmış iri abad qəsəbə idi.

“Azadlığın” komandirləri soruşdular ki, mən də əməliyyatda iştirak etməyə razıyammi? Təklifə şəxsi münasibətimdən asılı olmayaraq, bu cür qərarlar vermək səlahiyətim yox idi. Hər hansı iri hücum əməliyatında iştirakımız üçün XTPD-nin komandiri Rövşən Cavadovun yaxud daxili işlər nazirinin bilavasitə əmri tələb olunurdu.

Şəxsi fikrimə gələndə, “Azadlıq” dəstəsinin bu hücum niyyəti ilə razı deyildim. Çünki Leninavanda olan və qəsəbənin köməyinə gələcək düşmən qüvvələrini kəşfiyyat məlumatlarından və aradakı toqquşmalardan bilirdim. Leninavanı asanca tutmaq mümkün deyildi. Bundan başqa, “Azadlıq” dəstəsinin nə bu qəsəbəni tutmaq, nə də müdafiə etmək üçün kifayət qədər qüvvəsi var idi. Onlar, “Qurtuluşla” da danışıb razılaşdıqlarını söylədilər. “Qurtuluş” daha təcrübəli dəstə idi, bir neçə döyüşdə iştirak etmişdi. Buna baxmayaraq, bu hücumda iştirakdan imtina etdim. “Azadlığın” komandirlərinə izah etdim ki, “Marquşevanı azad etsələr də bütün hallarda saxlaya bilməyəcəklər. Ermənilər isə hücumu dəf edib, dərhal əks-hücuma keçsələr, Tərtərin vəziyyəti ağırlaşacaq. Buna görə də Tərtərin müdafiəsini möhkəmləndirmədən komandanlığım bu əməliyyata izn verməyəcək”.

Döyüş...

Hər axşam olduğu kimi, gündəlik vəziyyəti OMON-un komandiri Rövşən Cavadova telefonla məruzə etdim və komandirlərlə olan söhbəti ona danışdım. O, qərarımı təsdiqlədi.

Lakin bir neçə gün sonra, 10 aprel 92-ci ildə ön mövqelərimizdən məlumat verdilər ki, “Azadlıq”, “Qurtuluş” və Tərtər dəstələri səhər erkən Marquşevana hücuma keçiblər. Mən həyəcan siqnalı ilə zirehli çevik dəstəni və əməliyyat müddətinə tabeçiliyimə verilmiş OMON-un 1-ci bölüyünün 1-ci taqımını ayağa qaldıraraq, Tərtər avtobazasının yaxınlığındakı müdafiə mövqelərində cəmlədim. Biz, ermənilərin baş verə biləcək əks-hücumunu dəf etməyə hazır idik.

Qəsəbədən qızğın döyüş səsləri gəlirdi. Birazdan məlumat verdilər ki, “Azadlığın” bir hissəsi kəndin şərq kvartallarında düşmən tərəfindən mühasirəyə alınıb və kömək istəyirlər. Hücum özbaşına olunsa da, biz ermənilərə məğlub olmamalıydıq, çünki onda düşmənin “ayağı yer alardı” və ermənilər bizi zəif görərək, Tərtərə hücum etmək fikrinə düşə bilərdilər. “Azadlığı” mühasirədən çıxartmaq üçün kömək etmək qərarını komandir Rövşən Cavadova məruzə etdim və ondan təsdiq cavabını alıb, dəstəmlə Leninavana tərəf hərəkətə keçdik.

İki tankımızdan birini arxadan atəş dəstəyi və vurulan texnikamızı evakuasiya etmək üçün döyüş xəttindən bir qədər geridə saxlayıb, ikinci tankla kəndə şimal-qərbindən, qəbiristanlıq tərəfdən yaxınlaşdıq. Öncə tankdan düşdük, sonra önümüzü müşahidə etdik. Qəsəbənin girişindəki avtobus dayanacağı beton plitə və halqalarla bərkidilmiş istehkama çevrilmişdir. Bir az aralıda, deyilənə görə maşın ustası Akopun evi isə ikinci gücləndirilmiş istehkam nöqtəsi idi.

Burada səhərdən olan döyüşçülərdən aldığımız məlumatlardan və müşahidələrimizdən aydın oldu ki, Marquşevana “Qurtuluş”, “Azadlıq” və Tərtər batalyonu hücuma keçib, Marağanın içinə irəliləyiblər. Batalyonlar arasında qarşılıqlı döyüş əlaqələndirilməsi qurulmadığından, dəstələr pərakəndə hərəkət ediblər. “Azadlığın” bir hissəsi qəsəbənin şərq kvartallarında mühasirəyə düşüb və daralan halqada döyüş aparırdı. O biri bölmələrin vəziyyəti də yaxşı deyildi. Qəsəbənin içində isə şiddətli küçə döyüşləri gedir və atışma səslərindən aydın idi ki, döyüş daima yerdəyişmələrlə, hərəkətdə gedir. Bu zaman biz dayandığımız yerdən solda - üzümlüklərin arası ilə “Qurtuluşun” ehtiyat dəstəsi qəsəbəyə yeni hücum cəhdləri edirdi.

Döyüşdən xəbər tutan, Elçin Əliyevin Bərdə özünümüdafiə batalyonu da bura gəlmişdi. Bu batalyonun, ZİL-131-in üstündə - “kuzovunda” quraşdırılmış “kooperativ Qradı” vardı. Bizim müşahidə apardığımız təpənin enişində bərdəlilər “Qrad”ı mərmilərlə doldurmağa başlamışdılar.

Vəziyyəti qiymətləndirəndən sonra dəstəm üçün döyüş vəzifəsi müəyyən etdim. Döyüş vəzifəsi, əvvəlcə dayandığımız təpədən tankla düşmənin istehkam nöqtələrini məhv etmək, ardından ermənilərin müqavimətini qıraraq, qəsəbəyə daxil olmaq, şərq hissəyə çatmaq, “Azadlığı” mühasirəyə almış qüvvələrə cənubdan - erməni tərəfdən gözlənilmədən hücum edərək, onun dəstəsinə şimala - bizimkilərə tərəf mühasirəni yarıb çıxmağa şərait yaratmaq, bundan sonra hərəkət marşrutunu bir qədər dəyişərək qəsəbədən çıxmaqdan ibarət idi.

Biz, kəndin içindəki hərəkət marşrutumuzu və zirehli kalonun düzülüşünü, XTPD-nin piyada bölməsi ilə əlaqələndirməni müəyyən etdik. İrəlidə Rauf İbrahimovun və Niyaz Hüseynovun PDM-i, ardınca tank, arxasınca tankı qoruyaraq, Sabirin (soyadını xatırlaya bilmədim) BTR-70-i, onu arxadan qoruyaraq isə BRDM getməli idi. Zirehli kalonun qabağında, sağda, solunda və arxasında isə baş leytenant Elçin Məmmədovun 1-ci taqımının döyüşçüləri.

Döyüş planı üzrə zirehli qəsəbə istiqamətində hələlik tanksız hərəkətə başlamalı, tank isə təpənin üstündən qəsəbənin girişindəki atəş nöqtələrini məhv edəndən sonra kalona yetişib, döyüş yerini tutmaqla, XTPD bölmələrimizlə birlikdə hücuma keçməli idi. Bizim qüvvələrimiz hələlik tanksız qəsəbəyə istiqamət aldı.

Vurulan tankımız yenidən döyüşə girir...

Biz isə tankda yerlərimizi tutub, təpəyə qalxdıq. Düşmənin iki istehkamını məhv etdikdən dərhal sonra tankımızı vurdular...Mərmi, sağ ikinci dəstək rollerini zədələyərək, xarici yanacaq çənlərini deşdi. Tankın sağ tərəfi alovlanmışdı.

Döyüş öncəsi tankı hazırlayarkən, xarici baklar adətən boşaldılır və ya tələsik olduğunda, başına su əlavə edilir və daxili baklarla əlaqəsi kəsilir. Biz sonuncunu etmişdik, amma görünür suyu az əlavə etmişdik. Buna görə də baklar yanırdı. Tankın mexanik - sürücüsü Vüqar Mürsəlov maşını geri buraxdı və biz tankı cəld tərk edib, 2 yanan bakları tankdan ayırıb, söndürmədən yerə atdıq və tanka minib, atəş mövqeyimizə qayıtdıq. Çaylı kəndindən Leninavana köməyə tələsən və bizi sağdan vuran PDM-2, təpənin arxasından qalxan tünd göy-qara tüstünü görüb, güman etmişdi ki, vurduğu tank yanır. O, gizləndiyi meşə zolağından çıxaraq, nümayişkəranə açıq sahə ilə Leninavana köməyə yoluna davam edirdi. Təpənin üstündə bizim tankı yenidən gördükdə özünü itirdi. Mexanik səndələyərək sürməyə başladı ki, maşını bizim atəşimizdən yayındırsın. Onun nişançısı maşının səndələyərək getməsinə görə bizi nişan ala bilmirdi. Məsafəni ölçdüm, aramız 800 metr idi. Mən topdan atəş açdım, lakin o yayına bildi. Vüqar bizim atəşdən sonra kiçik bir manevr etdi ki, mümkün cavab atəşdən maşını yayındırsın. Tank vurulandan sonra elektrik qoruyucular atmışdı, ona görə düşmən texnikasını nişan almaq üçün tankın baş hissəsini əllə işlətməli oldum. Bu an arxamızdan güclü atəş açıldı. Bu, düşmən PDM-i tərəfə bərdəlilərin “Qrad”ından açılmış atəş idi. Mərmilər uçuş istiqamətini dəyişərək, sağa yuxarı, sola aşağı, hansı hara oldu, amma biri bir az uçduqdan sonra əllə atılmış çubuq tək öz oxu ətrafında vertikal fırlanaraq düz PDM- in üstünə düşdü və onu məhv etdi. Təpədə yığışan döyüşçülərin alqış səsi bir anlıq döyüş səslərini üstələdi. Bundan sonra biz öz əsas dəstəmizə yetişdik.

Tank kalonda yerini tutdu, lakin bizim PDM-i kalonda görmədik. Marquşevanın ortasına çatana qədər ermənilərin müqavimətini qırdıqdan sonra mərkəzdə kənd klubunun qarşısında, hərəkətsiz, arxası bizə dayanmış, lakin mühərriki çalışan və topu bizdən əks istiqamətdə PDM-1-ə rast gəldik. Mən onu nişan aldım və rabitə ilə Raufu çağırdım:

- “Uraqan bir”, mən “uraqanam"” cavab ver, qəbul...

PDM-i vurmamış, əmin olmaq istəyirdim ki, qarşımdakılar Raufla Niyaz deyil. Lakin Rauf cavab vermirdi. Onun xarakterinə bələd olduğumdan bilirdim ki, vurulduğumuzu görüncə, o bizsiz irəliləyər. Düşünürdüm ki, PDM ermənilərin olsa belə, o, baş hissəsini bizə tərəf çevirib, atəş açmağa cəhd etsə, onu asanlıqla qabaqlayacam, ona görə gözümü nişangahın okulyarından çəkmədən, bir əlim topun düyməsində, o biri bir əlimlə rabitə ilə Raufu çağırırdım...Onu müşahidə edirdim.

Amma hələ bizim xəbərimiz yox idi ki, Raufun PDM-ni bizdən bir küçə qonşuluqda, bir neçə dəqiqə öncə vurublar. Rabitəsi kəsildiyindən o, məlumat çatdıra bilməmişdi. PDM-ni ikinci tankımıza qoşaraq, geri çəkib aparıb, sonra PDM-in ekipaj üzvü Niyaz Hüseynovla bir yerdə piyada dəstəyə qoşulub, döyüşü davam etdirmişdilər.

Mən Raufu rabitə ilə çağırıb cavab gözlədiyim yarım dəqiqə ərzində PDM tam hərəkətsiz, lakin işlək mühərriklə dayanmışdı. Gözlədiyimin əksinə, o, topunu mənə tərəf döndərmədən, anidən, sanki yerindən atlanaraq, perpendikulyar küçəyə döndü və topunu çevirərək, dayanıb bizi gözlədi ki, arxasınca getsək, bizi topunun atəşi ilə qarşılasın. Lakin gizləndiyi daş hasarın arxasından onun antenasını görürdüm və arxasında dayandığı daş hasarı atəşə tutdum. O anladı ki, tanka qarşı bu situasiyada heç bir şansı yoxdur və kəndin içində gizləndi.

Kamazın üstündəki silahlı ermənilərin cəsədləri və parçaları göyə qalxdı və düşərək, küçəyə səpələndi

Biz kəndin cənub - şərq tərəfinə yolumuza davam etdik. Kəndin içinə dərinləşdikcə, müqavimət artırdı. Evlərin zirzəmilərindən və çardaqlarından kalonumuz sıx atəşə tutulmuşdu. Baş və yan tərəflərdən tankımız qumbaraatanlarla bir neçə zirehdən sürüşən zərbələr almışdı. Dəstəmiz “kirpi” şəkilini alıb, dairəvi cavab atəşi ilə qəsəbənin şərqinə irəliləyirdi. Yaşayış məntəqəsində küçə döyüşləri həm şiddət, həm döyüşü idarə etmə cəhətlərdən ən ağır döyüş növü sayılır.

Mühasirə yerinə iki kvartal qalmış biz, köndələn küçəyə döndük. Həmin küçəyə o biri başdan bizimlə eyni zamanda düşmənin canlı qüvvəylə dolu KAMAZ-ı da döndü. Biz, 600 metr məsafədə üz-üzə gəldik. Tankı görüncə, Kamazın sürücüsü maşını dərhal saxladı və çalışdı ki, arxasıyla küçədən çıxsın. Lakin çatdıra bilmədi...Kamazın üstündəki silahlıların cəsədləri və fraqmentləri göyə qalxdı və düşərək, küçəyə səpələndi.

Biz yolumuza davam etdik. Düşmən cəsədləri küçənin eni boyu səpələnmişdi. Hər hansı bir cəsədin üstündən keçmədən yolu keçmək mümkün deyildi. İndiyə kimi ermənilər həmin döyüşdə tankın tırtılları altında qalmış bir cəsədin fotoşəkillərini yayaraq, beynəlxalq ictimaiyyəti “OMON tanklarının canlı insanlar üzərindən yeridiyinə” inandırmaq istəyirlər. Tankın sürücü-mexaniki Vüqar Mürsəlov seyid nəslindən idi, çox mehriban və insansevər oğlan idi. Mümkün olsaydı o, heç zaman nəinki diri adamın, cəsədin də üzərindən tankı sürməzdi. Adətən döyüşdə nişançı hərəkətin istiqamətini görür, ancaq tankın lap qabağında yolu görə bilmir. Bunu etməyə məcbur olduğunu Vüqar döyüşdən sonra mənə danışmışdı.

Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmış, 6 döyüşçü həlak olmuşdu
Kəndin ermənilərin mühasirəyə aldıqları yerinə çatdıqda 1-ci bölüyün döyüşçüləri iki kvartalı bizim nəzarətimizə keçirdilər və “Azadlıqla” görüşdülər. Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmış, 6 döyüşçü həlak olmuşdu. Yaralıları və cəsədləri BTR-ə, BRDM-ə və tankın üstünə qoyub, geri hərəkət etməyə başladıq.

Geriyə yolumuzun təxminən yarısını keçdikdə, məlumat verdilər ki, ermənilər əlavə qüvvələrin yardıma çatmasıyla Marquşevana əks-hücuma keçiblər və “Qurtuluş” kənd boyu səpələnərək, qeyri -bərabər döyüş aparır, “Qurtuluşun” geri çəkilməsi üçün kömək lazımdı. Biz evakuasiya etdiklərimizi düşürdük. Qalan yolu onları öz yoldaşları apardı.

Tankın mərmiləri bitmək üzrəydi. Mərmilərin gətirilməsini əmr etsəm də, anlayırdım ki, qəsəbəyə gələn yol artıq atəşə tutulur və bunu etmək asan olmayacaq. Bu zaman gördük ki, atəş altında yolla bizə tərəf ağ Jiquli-03 markalı avtomobil şütüyür. Maşın yaxınlaşıb, saxladı. Jiqulidəki iki dost Əsəd Qasımov və İlham Allahverdiyev bizə bir neçə tank mərmisi gətirmişdilər. O gündən İlham və Əsəd bizə qoşularaq, könüllü döyüşdülər.

Mərmiləri tanka yükləyib Marağadan Marquşevana üz tutduq. Tankın müşahidə dəliklərindən baxdıqda yolun hər iki tərəfində “OMON”-un 1-ci bölüyün döyüşçülərini və qarşımıza doğru hərəkət edən “Qurtuluş”, Tərtər batalyonu və “Azadlığın” döyüşçüləri və qarşılarında gətirdikləri əsirləri görürdük. Küçələrdə döyüşlər gedirdi, bizimkilərin və düşmənin hansının harada olması haqqında heç bir müəyyənlik yox idi. Tank ekipajımda olan İlham Yusifov, “OMON”-un 1-ci taqımının komandiri baş leytenant Elçin Məmmədov və 2-ci taqımının komandiri leytenant Azər İsayev rabitə və trasser atəşi vasitəsilə mənə hədəfləri müəyyən etməkdə kömək edirdilər. Biz, düşmənin bir neçə atəş nöqtəsini susduraraq “Qurtuluşun” və əsirlərin kənddən çıxışına şərait yaratdıq.

Döyüş başa çatır – itkilərimiz var...

16:30 radələrində atışma bir qədər səngidi. Saat 17-də biz Leninavandan çıxdıq və Tərtər avtobazası ətrafında müdafiə mövqeyi tutduq. Özünümüdafiə dəstələrimiz qəsəbədən iki avtobus- LAZ və PAZ- dolu əsir erməni qadınları çıxartdılar. Kişi əsirlərini isə piyada gətirirdilər.

Bu döyüşdə könüllü dəstələr 17 əsgərini, OMON isə bir döyüşçüsünü - Valeh Müslümovu itirdi. Valeh Müslümov və Etibar Şirinov Marquşevandan artıq geri çəkilən qüvvələrimizi atəşlə dəstəkləyərkən, yolu nəzarətdə saxlayırdılar. İki OMONçu 20-30 düşmənin qarşısını alıb, 10-a yaxın yaraqlını məhv etmiş, çoxsaylı güllə və qəlpə yaralarına baxmayaraq, döyüş vəzifələrini yerinə yetirmişdilər. Çoxsaylı yaralardan və qan itirməsindən Valeh 24 yaşında qəhrəmancasına Şəhid oldu. Valeh Əlizaid oğlu Müslümov, 1968-ci ildə Lerik şəhərində anadan olmuşdu, ölümündən sonra ona Azərbaycanın Millli Qəhrəmanı adı verildi.

Bu döyüşdən Vüqar Mürsəlov sağ-salamat çıxdı. O, Şuşada, Ağdamda, Fizulidə bir çox döyüşlərdə müstəsna şücaət göstərmişdi. Lakin 1992-ci il iyunun 9-da Tərtərdə - Torpaq - Təpədə gedən mövqe döyüşlərinin birində Vüqar həlak oldu. Vüqar Mirəzbər oğlu Mürsəlov, 1963-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olmuşdu, ölümündən sonra ona da Azərbaycanın Millli Qəhrəmanı adı verildi.

“Марагинская резня” yaxud növbəti erməni yalanı

10 aprel 1992-ci ildə baş vermiş Marquşevan döyüşünü ermənilər adlandırır və anti - Azərbaycan təbliğatlarında istifadə edirlər. Bu məqsədlə yalanlarla yoğrulmuş eyniadlı film də çəkiblər.

Erməni təbliğatı 10 aprel 92-ci ildə azərbaycanlıların, Xocalının qisasını almaq üçün Leninavanda qətliam törətdiklərini iddia edir.

Bu məqsədlə onlar “Марагинская резня” (“Marağa qətliamı”) adlı yalanla dolu “sənədli” film də çəkiblər, lakin israr etdikləri “100 nəfər qətlə yetirilmiş dinc sakinlərin” cəsədlərini yaxud cəsədlərin fotoşəkillərini hətta tanınmış dostları və himayədarları olan britaniyalı Baronessa Kerolayn Koksa təqdim edə bilməmişlər.

Bundan başqa, faktlar da erməni versiyasını kökündən təkzib edir. Azərbaycan dəstələrinin Leninavana hücumunun yeganə səbəbi məhz erməni faşistlərin əlində qalan Xocalı əsirlərini dəyişmək məqsədilə erməni əsirləri əldə etmək olmuşdur. Lakin məkrli erməni təbliğatı həmişəki kimi faktları gizlədir, həqiqətdən uzaq fərziyyələri ilə kənar müşahidəçiyə inandırıcı görünə biləcək “versiyalar” uydururlar.

Azərbaycanlıların məqsədi qətliam olsaydı, 100-dən artıq erməni qadını və 50-dən artıq kişi əsirlər qəsəbədən diri çıxarılmaz, oradaca qətlə yetirilərdilər. Bu əsirlərin hamısının sonradan dəyişdirilməsinə baxmayaraq, ermənilər bunları hələ də qətlə yetirildiyini iddia edirlər.

QAZİLER.AZ
Müəllifin yazı üslubuna və bəzi terminlərə toxunmadıq dərc etdik.
Diaspora