Girovun qardaşı: Məktubları Dilqəmin yazdığına şübhə edirəm

Girovun qardaşı: Məktubları Dilqəmin yazdığına şübhə edirəm backend

Erməni girovluğunda saxlanılan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri onların səhhətindən narahatdılar.

Bunu Trend-ə D.Əsgərovun qardaşı Sahib Əsgərov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərlə görüşməyə və ya videogörüntü ilə onlarla danışmağa şərait yaradılması üçün Beynəxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət etmələrinə baxmayaraq, indiyə kimi müraciət reallaşdılrılmayıb:

"İki il yarım müddətdə yalnız məktub vasitəsilə əlaqə saxlamışıq. Bu vaxta qədər məktubdan əlavə, 3 dəfə ona bağlama göndərmişik. İl yarım əvvəl mən və digər girov Şahbazın qardaşı Beynəlxalq Qızıl Xaç Komitəsindən tələb etdik ki, onlarla görüşmək üçün Şuşa Həbsxanasına getməyimizə şərait yaratsınlar. Hələ ki, bu məsələni həll edə bilmirlər. Bundan başqa, 5-6 ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə yenidən müraciət etdim ki, heç olmasa, qardaşımla görüntülü danışmağa şərait yaratsınlar. Çünki onun yazdığı məktublardan səhhətinin necə olduğu, hansı şəraitdə saxlanıldığı aydın deyil. Biz onun səhhəti ilə bağlı çox narahatıq. Məktublarında həmişə yazır ki, ağrılarım var, belim, başım ağrıyır. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən isə bizə deyirlər ki, onun ağrıları yaşı ilə əlaqədardır və saxlandığı yerdə məhdudiyyətlər qoyulub. Amma bilirəm ki, o, tutularkən yaralanıb. "Məhkəmə"sində də göstərdilər ki, axsayır. Ona görə də heç olmasa, qardaşımı üzbəüz görüb, onun səhhəti barədə özündən məlumat almaq istəyirəm".

S.Əsgərov bildirib ki, əvvəllər D.Əsgərov yazdığı məktublarda səhhəti barədə ətraflı məlumatlar yazsa da, son vaxtlarda aldığımız məktublarda o, bu barədə heç nə yazmır. Onun sözlərinə görə, məktubların Dilqəm tərəfindən yazılmasına da şübhə ilə yanaşırlar. Çünki D.Əsgərovdan gələn iki məktub rus dilində yazılıb. BQXK isə məktubun rus dilində yazılmasını komitənin oradakı nümayəndəsinin Azərbaycan dilində bilməməsi ilə əlaqələndirib:

"Onsuz da komitənin nə Bakıdakı, nə də Dağlıq Qarabağdakı nümayəndələri Azərbaycan dilində bilmirlər. Bunun nə fərqi var ki, Dilqəm məktubu hansı dildə yazır? Əvvəl Azərbaycan dilində yazırdı, amma sonra aldığımız iki məktub rus dilindədir. Son vaxtlar yazılan məktublarda isə bəzi şeylər silinir. Ona hər şeyi yazmağa imkan vermirlər".

S.Əsgərovun sözlərinə görə, bu vaxta qədər D.Əsgərova göndərdikləri bağlamalarda əsasən, onun xoşladığı şirniyyat və digər quru yeməklər olub:

"Əvvəlcə ona isti paltar göndərdik. Amma sonradan Komitədən də bildirdilər və özü də yazmışdı ki, isti paltar göndərməyin. Demək olar ki, ona ərzaq da göndərməyə imkan vermirlər. Guya deyirlər ki, Komitə onları lazım olan ərzaqlarla təmin edir. Komitə onlara verilən yemək və ərzaqların siyahısını bizə təqdim edib. Siyahıda göstəriblər ki, guya Dilqəmgilə kofe, ananas, banan verirlər. Amma bu, inandırıcı deyil".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb.

Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Diaspora