Beynəlxalq normalar ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmasını tələb edir. Ermənistan beynəlxalq hüquqa daim saymazyana münasibət göstərə bilməz, o, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu sözləri erməni hüquq müdafiəçisi Vahe Avetyan bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.V.Avetyan qeyd edib ki, ictimai təşkilatlar olaraq dəfələrlə bildirmişik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik:
"Burada olmağımız isə xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir".
Onun sözlərinə görə, Bakıda keçirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” konfransında siyasi, sülhməramlı fəaliyyət və digər bəndlər üzrə iş üçün fundamental baza yaradılıb.
V.Avetyan deyib: “Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib”.
Hüquq müdafiəçisinin sözlərinə görə, o, Dağlıq Qarabağ münaqişəsi haqqında kitab yazıb və onu Bakıda nəşr etmək istəyir. V.Avetyan kitabın satışından əldə olunan gəlirin müharibədən zərər çəkmiş azərbaycanlı və ermənilərə verməyə hazır olduğunu deyib.