“Torpaq uğrunda ölən varsa Vətəndir!” - Vüqar Yusifov

“Torpaq uğrunda ölən varsa Vətəndir!” - Vüqar Yusifov backend

Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihə çərçivəsində cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçiriləcək. Bu ildən Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bugünkü tədbir cari ilin aprel döyüşlərində həlak olan Vüqar Yusifova həsr olunub.

Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlmişdir. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlamışdır. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmiş Vüqar Yusifov, 19 Mart 2016-cı ildə, 40 yaşında polkovnik rütbəsi almışdır. Müdafiə Naziri tərəfindən qüsursuz xidmətlərinə görə dəfələrlə medallarla təltif olunmuşdur. Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Millət vəkili, iqtisad elmlər üzrə fəlsəfə doktoru Mahir Abbaszadənin, döyüş yoldaşları və dostları Anar Hüseynli və Elşən Cəbiyevin, qohumu Vüqar Orucovun çıxışları və Vüqar Yusifova həsr olunmuş sənədli filmin nümayişi nəzərdə tutulub.

Tədbirdə Vüqar Yusifovun dostları və ailə üzvləri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Diaspora