Hərbi ekspert: İstənilən an cəbhə bölgəsində aktiv toqquşmalar baş verə bilər

Hərbi ekspert: İstənilən an cəbhə bölgəsində aktiv toqquşmalar baş verə bilər backend

Oktyabr ayının 26-da erməni tərəfi Talış istiqamətində hücuma keçib, ancaq itki verərək geri çəkilib.

Son zamanlar cəbhə bölgəsində gərginlik yüksələn xətt üzrə inkişaf edir. Atəşkəsin pozulma halları artmağa başlayıb. Erməni tərəfi isə aprel döyüşləri zamanı itirdiyi əraziləri hələ də həzm edə bilmir.

Erməni tərəfinin törətdiyi təxribat və cəbhədə nələr baş verəcəyi ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov fikirlərini Ölkə.Az-la bölüşüb:

"Ermənilər məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirirlər. 26 oktyabrda baş verən məlum hadisə bizim dediklərimizi bir daha təsdiq edir ki, istənilən an cəbhə bölgəsində aktiv toqquşmaların baş verməsi mümkündür.

Ermənilər yaxın zamanlarda çox ciddi təxribatlar törədə bilərlər. O təxribatların da məqsəd və məramı odur ki, prezidentlər bir araya gəlsinlər. Prezidentlər problemi yenidən müzakirə etsinlər. ATƏT-in Minsk qrupunun bivec həmsədrləri yeni hesabat hazırlayarlar, özlərinin "aktiv" siyasətlərini dünyaya bəyan edərlər. ATƏT-in Minsk qrupu əsla işğalçının torpaqlarımızdan geri çəkilməsi üzərində iş aparmırlar, bu barədə heç bir tələb də irəli sürmürlər. ATƏT-in Minsk qrupu sülh yaratma missiyasından danışır, ancaq Ermənistan bir qarış belə torpaq qaytarmaq barədə düşünmür.

Aprelin əvvəllərində ermənilərin düşdüyü çətinlikdən sonra havadarları ürək-dirək verib ki, biz sizə silah-sursat verəcəyik. Statistikaya baxdıqda görərik ki, əvvəllər atəşkəs 10-12 dəfə pozulurdusa, indi bu rəqəm 30-40 arasında dəyişir.

26 oktyabr Talış istiqamətində ermənilərin hücuma keçməsi əslində çox ciddi hadisədir. Müdafiə nazirliyi sanki xarici işlər nazirliyini əvəzləyib. Diplomatik cümlələrdən istifadə edir, xəbərdarlıq edir. Düşmən aktiv hazırlaşır. Erməni silahlı qüvvələri Azərbaycan ordusunun əsəbləri ilə oynayır. Ordumuz hazır vəziyyətdədir. Sadəcə vaxt itiririk. Ermənilər cəbhə bölgəsinə əlavə qüvvələr, silah sursat gətirir. Bir sözlə beynəlxalq qurumlar yeni toqquşmanın baş verməsində maraqlı görünürlər".
Diaspora