Həmsədrlərin yekun BƏYANATI

Həmsədrlərin yekun BƏYANATI backend

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik oktyabrın 23-25-də regiona səfərlərinin yekununa dair bəyanat yayıblar. APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri və Dağlıq Qarabağın "de-fakto" hakimiyyəti ilə görüşlər keçiriblər.

Səfərin məqsədi bu ilin aprel ayında baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub.

Görüşlərdə tərəflər yerlərdə vəziyyətin nisbətən sakit olduğunu təsdiqləyiblər. Həmsədrlər isə qeyd ediblər ki, atəşkəs rejimi haqqında razılaşmaya əməl edilməsi danışıqların davam etdirilməsi üçün çox vacibdir. Bundan başqa, vasitəçilər Vyana və Sankt-Peterburqda qəbul olunmuş qərarların tam həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.

Vasitəçilər davamlı sülh naminə danışıqların irəliləməsi üçün işgüzar təklifləri də müzakirə ediblər. Prezidentlər isə nizamlanma prosesinin irəliyə aparılması ilə bağlı öz mövqelərini bildiriblər.

Dövlət başçıları ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər, bununla bağlı detalların müzakirəsi davam edir.

Bəyanatda həmsədrlərin ATƏT xarici işlər nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşərək, ilk imkandaca prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə edəcəkləri bildirilir.

Bəyanatda o da vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər zamanı həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə də görüş keçirib, itkin düşmüş insanlar barədə məlumat mübadiləsi və həmsədrlərin rəsmi şəxslərlə yüksək səviyyədə keçirdikləri görüşlərdə dəstəklədikləri humanitar tədbirlər sahəsində gördükləri işləri müzakirə ediblər.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora