Ermənistan tərəfi ölkədə gərgin duruma görə əhalinin fikrini yayındırmaq üçün təmas xəttindəki vəziyyətlə bağlı uydurma məlumatlar yaymağa cəhd edir.
Bunu Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.Ekspert bildirib ki, ermənilərin guya Azərbaycanın diversiya qrupunun təmas xəttində hücuma keçməsi barədə məlumat yayması cəfəngiyyatdan başqa bir şey deyil:
"Ermənilər deyirlər ki, guya Azərbaycanın "təxribat-diversiya qrupu" təmas xəttində hücuma keçib. Birincisi, Azərbaycanın təxribat-diversiya qrupu yoxdur. Azərbaycan Ermənistan ərazisinə hücum edərsə, onda belə ad vermək olar. Azərbaycan Silahlı Qüvvələri öz ərazilərinə keçə bilər. Çünki biz öz ərazilərimizi işğaldan azad etmək üçün tədbirlər görə bilərik, bizdə təxribat olmur. Bizim təxribat qruplarına ehtiyacımız yoxdur. Təxribat qrupu ermənilərdədir ki, onlar Azərbaycan ərazisinə soxularaq torpaqlarımızı işğal ediblər".
Ş.Ramaldanov qeyd edib ki, ermənilər vaxtaşırı belə məlumatlar yaymaqla son vaxtlar Ermənistandakı iğtişaşları, narazılıqları bir növ unutdurmaq istəyirlər:
"Ermənistanda müxalifətlə iqtidar arasındakı qarşıdurma əhalini narahat edir. Əhali buna etiraz edir, rəhbərlik də buna görə belə cəfəng məlumatlar yayırlar ki, guya Ermənistanın hakimiyyət davasından böyük dərdi var. Onlar bu məlumatlarla onu demək istəyirlər ki, hakimiyyət guya Azərbaycan tərəfinin diversiya qrupunun qarşısını almaqla məşğuldur. Sabah ermənilər özlərində baş verən itkiləri Azərbaycanın itkiləri kimi qələmə versələr, təəccüblənmərəm. Bu gözləniləndir, çünki onlar həmişə özlərindəki itkiləri, qanunsuzluqları Azərbaycan tərəfinin neqativləri kimi təqdim etməklə problemlərini əhalidən gizlətmək, fikirləri yayındırmaq istəyirlər. Digər tərəfdən, Ermənistan rəhbərliyi aprel döyüşlərində itirdikləri əraziləri geri qaytaracaqları barədə əhaliyə söz vermişdilər. İndi həmin əraziləri qaytara bilmədiklərindən bu cür məlumatlar yayıb əhalini çaşdırırlar".
Ekspert deyib ki, digər tərəfdən, aprel döyüşlərindən dərs götürməyən ermənilərin buynuzu gicişir: "Onların, deyəsən, yenə buynuzu gicişir, ona görə də buynuzlarını Azərbaycanın çomağına sürtmək istəyirlər".