"Qarabağ”-"PAOK” oyunundan necə həzz almayasan? 2-0 hesablı qələbə, 50 qəpiklik semiçka və bir də komandamızın kapitanı Rəşad Sadıqovun özbəöz forması...
"Qarabağ”ın bu oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda izlədiyim ən möhtəşəm qələbə oyunu idi. Hərçənd "Qələbə” bizi elə də sevindirə bilmədi. Ancaq gərəkdir ki, hər uğurumuza qane olaq. Necə deyərlər, Cümhuriyyətimiz birdən- birə Cümhuriyyət olmadı ki.Avroliqa mərhələsində qrup üzrə 3-cü yerdə cəmləşsək də, PAOK qədər güclü bir komandanı rəqibə heç bir şans vermədən məğlub etmək böyük hünər və əzmkarlıq tələb edirdi. Klubumuzun çalışdırıcısı sayın Qurban Qurbanova da xüsusi təşəkkürlərimi bildirirəm.
Azərbaycan Paralimpiya Komitəsinin kordinatoru, bizim də çox gözəl tanıdığımız "Arapaçı TV”nin təsisçi və rəhbəri İlham Məhərrəmovun təşkilatçılığı ilə Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir neçə sakini ilə birlikdə qonaq qismində millimizin mübarizəsinə qoşulduq. Yüksək şəraitdə keçirilən oyunda demək olar ki, stadion tamamilə dolmuşdu. İlk ərəfədə rəqibin qapı dirəyinə topu vuranda artıq hiss olunurdu ki, bizimkilərdə müdafiə istehkamı yox, hücum təşviqatı var. Elə belə də oldu. Sayın xocamız İlham bəy və onun komandasının üzvləri fiziki məhdudiyyətlərinə baxmayaraq bu oyuna azarkeş kimi can yandırmaqda idilər. Elə bəlkə də onların ruhu oyunçularımıza güc vermişdi. Sizi inandırım ki, heç nə yox, sadəcə Azərbaycan və qardaş Türkiyə bayraqları ilə oyuna təşrif buyurmaları əngəlli dostlarımızın səmimi və inamlı baxışlarının açıq-aşkar göstəricisi idi. Çox dərinə getmək istəmirəm. Ən azından bizim üçün xüsusi biletlərin dəvət qismində göndərilməsi müqabilində də Futbol Federasiyasının təşkilatçı komandasına ehtiram və xüsusi minnətdarlıq düşür.
Hər nə qədər oyun öncəsi satılan günəbaxan tumları, adi sular və şirin kökələr 125 faiz baha qiymətə satılsa da, bu, bizim qənaətimizə və oyun həvəsimizə təsir göstərə bilməzdi. Ələlxüsus mənim. Çünki mən orada özümü adi azarkeş kimi hiss etmirdim. Özümü dolğun, püxtələşmiş və Qarabağın kiçik fan klubunun formalaşdırmış İlhamın partnyoru kimi hiss edirdim. Bunun özü böyük təəssürat yaradır. Əsl məhəbbət günəşdən doğar deyirlər. Azarkeşlər meydanında müasir texnologiyanın bizə bəxş etdiyi mobil telefon fanarları oyunun başlanğıcında tək-tük ulduzları xatırlatsa da vurulan qollardan sonra bütövləşib günəş halına gəlmişdi. Bu günəşin işığında fiziki məhdudiyyət tanımayan istedadlı Mərkəzçilərimizin qürur yaradan Vətənpərvərlik eşqi bəlkə də çoxlarında yox idi. Hər iki qol vurulan zaman məni, yəni öz həmvətənini qucaqlayan təkcə onlar oldu. Şərt o deyil ki, yanında dostun və ya əmiuşağın olsun ki, məhz onu bağrına basasan. Burada təmənna olmamalıdır, bu oyunda ilk dəfə tanış olduğum fiziki məhdudiyyətli yoldaşlarımla qucaqlaşaraq qol sevincini yaşamaq da başqa bir rəng idi.
Xülasə: Yaxşı dostları stadionda da tapmaq olar.
Rüfət Soltan
Adalet.az