Bu gün CinemaPlus-da "Həyatımın rolu" filminin premyerası keçirilib.
Qaziler.az-ın məlumatına görə, Musavat.com xəbər verir ki, aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin xatirəsinə ithaf olunan filmdə Bəhruz Vaqifoğlu, Gülzar Qurbanova, Faiq Mirzəyev, Rəqsanə Imirli, Elvin Əhmədov, Şəhriyar Əbilov, Hacibaba Məmmədov və başqaları rol alıb.Film haqda danışan rejissor Əsgər Hüsüyev bildirib ki, ekran işinin bəyəniləcəyini düşünür: “Filmin məqsədi Qarabağ reallıqlarını və arxa cəbhədə yaşananları insanlara çatdırmaqdır. Eyni zamanda 1992-ci ildə dərman və bir çox çatışmazlığa baxmayaraq, həkimlərin işlərinin öhdəsindən canla-başla gəlməsini göstərdik. Film mənim diplom işimdir. Aktyorlar barədə 1 aya yaxın prodüser Azər Həsənovla düşündük. Baş rolu əməkdar artist Gülzar Həsənova ifa edib. O, ekran işində təmənnasız rol aldı. Bütün aktyorlara təşəkkür edirəm ki, bizim işdə bir araya gəldilər”.
Əməkdar artist Gülzar Qurbanova isə bildirib ki, gənc istedadlara dəstək olmaq lazımdır: “Biz gənclərə dəstək olmalıyıq. Onlar gələcəyin məşhur rejissorları, aktyorları ola bilərlər. Bu ekran işinin ssenarisini oxuyub, çox bəyəndim. Gənclərin ağrı-acımıza biganə olmaması çox yaxşı haldır. Bu, məni qürurlandırır. Bütün istedadlı uşaqlarımıza uğurlar arzulayıram”.
Qeyd edək ki, ekran işinin quruluşçu rejissoru Əsgər Hüsüyevdir. Ssenarisi Pərviz Seyidli, Sabir Camala məxsusdur.