Bu gün Qarabağla bağlı görüş olacaq

Bu gün Qarabağla bağlı görüş olacaq backend

Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.

Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

Rusiya XİN-dən APA-nın Moskva müxbirinə verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır. Bundan başqa nazirlikdən bildirilib ki, həmsədrləri Rusiya XİN rəhbərliyi də qəbul edəcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora