BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri De Furio de Angelis Azərbaycanın məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq, onların problemlərinin həllində əldə olunan davamlı nailiyyətlərlə,həmçinin məcburi köçkünləri qəbul etmiş insanların sosial-iqtisadi rifahı barədə məlumat almaq üçün Bərdə və Tərtər rayonlarına səfərdə olub.
"Eurasia Diary" xəbər verir ki, Tərtər rayonuna səfər çərçivəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) regiondakı fəaliyyətilə tanış olan BMT nümayəndələri BAMF sədri Umud Mirzəyevin müşayəti ilə cəbhə xəttinə ən yaxın yerləşən Həsənqaya kəndinə səfər ediblər.Səfər zamanı BAMF-ın rəhbəri Umud Mirzəyev BMT və beynəlxalq təşkilat nümayəndəsi olaraq ilk dəfə ən yüksək səviyyədə edilən bu səfəri yüksək qiymətləndirdiyini bildirib. O, səfərdən sonra cəbhə xəttinə yaxın yerləşən Şıxarx, Həsənqaya və Çaylı kəndlərində məskunlaşan müharibədən əziyyət çəkən insanların, məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri işlərin görüləcəyinə ümid etdiyini bildirib.
BMT rezident əlaqələndiricisi BAMF-ın regionda gördüyü işləri yüksək dəyərləndirərək cəbhə ərazilərində BMT-nin QAK vasitəsilə yardım proqramlarının artırılmasının zəruriliyini vurğulayıb.
BMT QAK nümayəndəsi De Furio de Angelis yerlərdə gördüyü vəziyyətlə bağlı mütəəssir olduğunu, müharibədən zərər görmüş insanlara dərhal yardım göstərilməsi, eləcə də aprel döyüşlərindən sonra dağılmış evlərin bərpası sahəsində fəaliyyətlərin koordinasiya olunmasının zəruriliyini qeyd edib.
Umud Mirzəyev Həsənqaya, Şıxarx və Çaylı kəndlərində dağılmış evlərin bərpası, aztəminatlı insanların sosial iqtisadi gəlirlərinin artırılması, müharibənin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib.
Görüş zamanı yerli sakinlər işğalçı qüvvələr tərəfindən daim atəş altında yaşadıqlarını, Madagiz Su anbarının, Tərtər çayının qəsdən qarşısının alınması vasitəsi ilə əkinçiliyə ciddi ziyan vurulduğunu dilə gətiriblər. Həmçinin, dağılmış evlərin bərpası, rekonstruksiyası, tibbi sanitar sahədə insanlara yardımların edilməsi, aztəminatlı insanların gəlirlərinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
BMT rezident əlaqələndirici Azərbaycan Hökümətinin, Qaçqınlar üzrə Komitənin qaçqınların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən məmnun olduğunu vurğulayıb. O, vətəndaş cəmiyyəti olaraq BAMF-ın fəaliyyətinin nümunə olduğunu bildirib. Məcburi köçkünlərin sosial inteqrasiyası ilə bağlı xeyli işləri görməkdən məmnunluğunu ifadə edib.