Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” Azərbaycan və ingilis dillərində hazırlanmış elektron layihənin təqdimatı keçirildi. Təqdimatda Prezident administrasiyasının, Xarici İşlər Nazirliyi, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşları, bu işlə məşğul olan ictimai birliklərin sədrləri iştirak edib.
Layihədə tarixi abidələrimizin ermənilər tərəfindən dağıdıldığı, məhv edildiyi əksəriyyətinin isə erməniləşdirildiyi barədə materiallar, foto şəkillər, internet vasitəsi ilə dünya ictimayətinə çatdırılıb. Elektron layihədə Dağlıq Qarabağ münaqişəsi zamani işğal altında qalan ərazilərimizdəki 800-ə yaxın abidənin 200-dən çoxunun işğaldan əvvəlki və işğaldan sonrakı durumunu əks etdirən foto şəkilləri eləcə də həmin abidələrin qısa xarakteristikası hazırlanmışdır.Elektron layihədə “Abidələrimiz” fəslində Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, QubadlI, Cəbrayıl, Zəngilan, Xocavənd, Tərtər, Qazax rayonlarında və Ermənistanda ermənilərin maddi mədəniyyət nümunələrinə qarşı törətdikləri vandallıqdan bəhs edir. Layihənin “Fotoittiham” fəslində erməni vandalizminin özündə əks etdirən 160-dan artıq fotoşəkillər yerləşdirilmişdir. Elektron layihədə 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətrafında 7 rayonun Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl əraziləri işğal edilmiş 20 mindən artıq azərbaycanlı həlak olub, 4866 nəfər itkin və əsir düşüb, girov götürülüb. Təxminən 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Hərbi təcavüz ölkəmizin 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil və 798 səhiyyə ocağını 1510 mədəniyyət müəssisəsinin, 5198 km avtomobil yollarının, 348 körpünün, 7568 km su və 76940 km elektrik xətlərinin dağıdılmasına səbəb olub. Təəssüf ki, Azərbaycan ərazisi olan indiki Ermənistanda 1000-dən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və sairə mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranıb, azərbaycanlıların varlığıını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinib, qəbiristanlıqlar dağıdılıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistanda yalnız bir məscid - Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirdi ki, işğal olunmuş rayonlardan olan tarixi abidələrin şəkillərin toplamaq o qədər də asan olmadı. Acınacaqlıdır ki, soyqırıma məruz qalmış Xocalı abidələrinin şəkilləri isə azlıq təşkil etdi. Bunu zənginləşdirmək üçün hər bir vətəndaşdan Xocalı və digər işğal olunmuş rayonların abidələrinin şəkillərini bizə təqdim etməyi çox istərdik. Çıxış edənlər layihənin əhəmiyyətindən danışıb davamlı olmasını bildirdilər.
Səriyyə Müslümqızı