Bir ildən artıq müddətdir ki, Azərbaycan və Ermənistan arasında 5 rayonun qaytarılması mövzusu gündəmdədir. Məsələ ilə bağlı Ərdoğanın avqust ayında Moskva səfərində jurnalistlərə açıqlamasında təsdiqləyici bəyanat vermişdi. Lakin görünən odur ki, mövzu aktuallığını saxlasa da, hələ intensiv addımlar müşayiət olunmur. Bəzən 7 rayon, bəzən isə 2 rayon adıyla ictimailəşdirilən məlumatın nə dərəcə real göründüyü də şübhə yaradır.
Dağlıq Qarabağla bağlı proqnozlar verən Rusiyalı Ekspert Sergey Markovun sözlərinə görə, əvvəlcə 5 rayon, daha sonra isə 2 rayonun qaytarılması ilə bağlı addımlar atılacaq: “ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin də razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq. Həmin formula əsasən ilk olaraq Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq. Kazanda təklif olunan bu formulun bu hissəsi müəyyən müddət çəkəcək”. Ekspert həmçinin onu da qeyd edib ki, Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil: “Rusiya rəhbərliyi Azərbaycanın Ermənistana qarşı ərazi iddiası olmadığını yaxşı anlayır. Azərbaycan işğal altındakı ərazilərini azad etmək istəyir".Azərbaycanlı politoloqlar isə rusiyalı proqnozçunun dediklərini birmənalı hesab etmirlər. Hərbi Ekspert Üzeyir Cəfərli bu məsələdə Rusiyanı səmimi olmadığını deyir. "Hələ iyul ayında Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra cinayətkar Serj Sarkisyanın dərhal Azərbaycanın işğal altında olan torpaqlarına baş çəkməsi bir daha onu deməyə əsas verir ki, bu adam düzələn deyil və bunun məqsədləri və məramları tamam başqadır".
Hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov Ermənistan prezidenti Serj Sarkisyanın dünən Dağlıq Qarabağa başlayan səfəri ilə bağlı deyib ki, adətən sülh danışıqları çərçivəsində keçirilən vacib görüşlərdən sonra ya Sarkisyan özü, ya da Ermənistanın müdafiə, xarici işlər və ya parlamentarilərdən kimlərsə dərhal Qarabağa gəlir və yerli əhalini, ordunu tamam başqa məqsədlər üçün təlimatlandırır: "Şəxsən mən nə Ermənistanın, nə də ona birbaşa havadarlıq edən Rusiyanın Qarabağla bağlı addımlarda səmimi olmasına heç vaxt inanmıram. Bunlar gözəl bilir ki, Qarabağın Azərbaycanın yurisdiksiyasına qaytarılması erməni hakimiyyətinin sonu deməkdir. Ona görə də maksimum çalışırlar ki, həm vaxt udsunlar, həm də yaxın perspektiv üçün özlərinə sərf edən hansısa nəticəni əldə etsinlər. İndi də guya mərhələli həll çərçivəsində əvvəl 5 rayonun, sonra isə daha 2 rayonun azad edilməsi haqqında danışırlar. Məncə, bu da baş tutan məsələ deyil və yəqin ki, yaxın vaxtlarda biz bunun şahidi olacağıq".
Ermənistanın biclik siyasəti
Siyasi şərhçi Qabil Hüseynli 5 rayonun ilkin variantda 5 rayonun qaytarılmasını Ermənistanın 5+2 siyasətinə dayandığını deyir. O bildirib ki, Azərbaycan tərəfi Ermənistanın işğalı altında olan 7 rayonun qaytarılmasına israr edir: "Ermənistan isə 5+2 variantına üstünlük verir. Yəni, işğal etdiyi 5 rayonu qaytarır, iki rayonun isə qaytarılması üçün Dağlıq Qarabağın statusunun o vaxta kimi tanınmasını israr edir. Amma Azərbaycan birmənalı olaraq torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün təmin edilməsini ortaya qoyur”.
Q.Hüseynli bu məsələdə Rusiyanın ikibaşlı oyun oynamasını vurğulayır: "Danışıqlar prosesi sübut edir ki, Azərbaycan öz mövqeyindən çıxış edir. Nəticə nə olacaq, onu zaman deyəcək”.
Göründüyü kimi hər iki tərəfin fərqli iddialar qoyması məsələni bir az da çətinləşdirir. Səbəb də budur ki, uzun müddətdir davam edən aktual mövzu hələ də həllini tapa bilməyib. Azərbaycanın Ermənistanın iyrənc təklifi ilə razılaşmaması da birbaşa hüququnu tələb etməsi deməkdir. Ərazi iddialarında rəsmi Moskva da yaxşı başa düşür ki, Ermənistanın siyasəti heç bir məntiqə söykənmir. Lakin Dağlıq Qarabağ probleminə birbaşa müdaxilə etmək iqtidarının olmaması Putini və Medvedevi yalnız danışıqlar yolu ilə tərəfləri razılığa gətirmək cəhdinə sürükləyir.
5 rayon qaytarılsa...
“Bizim əsas tələbimiz odur ki, ilkin şərt irəli sürülmədən işğal altında olan beş rayonumuz azad olunsun. Amma burada bir tələ ola bilər”.
Bunu adalet.az-a açıqlamasında “Atlas” araşdırmalar mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, əgər Kremlin təklifi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsində referendum tarixinin açıqlanmasıdırsa, biz buna gedə bilmərik: “Bu, bəri başdan bizim üçün bir tələdir. Beş rayonun azad olunması da artıq bizim üçün uğur sayıla bilməz. Əgər Rusiyanın, Lavrovun Bakıya gətirdiyi təkliflər paketi bundan ibarətdirsə, razılaşmaq olmaz”.
Bəzi ekspertlərin də dediyi kimi, bir ölkə ki, 20 ildən artıq müddətdə heç bir beynəlxalq hüquq və normalara əməl etməyib, onun belə tezliklə hansısa müsbət addım atacağı şəxsən möcüzə təsiri bağışlaya bilər. Bu isə indiki şərtlər və real vəziyyət baxımından mümkün deyil.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Dağlıq Qarabağı işğaldan sonrakı hüquqi tarixi bu gün saya alınmayan qətnamə və həmsədrlərin mövcudluğu ilə davam edir. Ancaq hələ ki, 20 ildən artıq bir vaxtda hər hansı bir ciddi addımın şahidi olmamışıq.
Rüfət Soltan