“Murovdağ döyüşçüsünün bir gününü yaşamaq, bir ömürə bərabərdir”. Bu sözləri böyük şairimiz Məmməd Araz deyib.
Yəni elə belə adam deməyib. 90-cı illərin əvvəllində döyüş ruhunu qaldırmaq üçün, yaxud da ola bilər şairin öz istəyi ilə Məmməd Araz Murovdağda olur və bir günün içərisində Murovdağda vətənin müdafiəsində duran oğulların nə qədər çətin şəraitdə xidmət etdiyinə canlı şahidlik edir.Murovdağ hətta döyüş getmədiyi şəraitdə belə oğullarımızı sevdiklərindən alan ərazidir. Uzun yolları qət edərkən yorulub oturan və nəticədə yataraq donan, qar uçqunu altında qalan onlarla əsgərimiz olub. Burada xidmət etdiyim müddətdə canlı, enlikürəkli oğlanları çətinlikdən kənara çəkilib xısın-xısın ağlayan görmüşəm, hərbi hissənin yerləşmə şəraitini, insanın iliyinə işləyən soyuq havanı görüb havalanan, rəsmən dəlilik edən və səhər açılanda yeraltı qazmada görmədiyimiz, üzü Gəncəyə tərəf qaçan “ne kadrovıy” zabitlər görmüşəm.
Çətin idi.. Yeganə hərbi hissə idi ki, üç rayonu əhatə edirdi. Yəni az qala on il eyni hərbi hissədə qulluq edən, amma bir-birini tanımayan zabitlər var idi. Hərə bir dağda, yüksəklikdə qərar tutmuşdu. Hərbi sirri yaymaqda ittiham olunmayım deyə qərargahımızın yerləşdiyi kəndin adını çəkmirəm. Bax, ora bizim, yəni dağdan enən hərbçilərin həm də görüş yeri idi. Qərargaha hər hansı iş üçün gələn zabitlərin, gizirlərin orada tanışmaq imkanı vardı. Məsələn, səndən daha çox qulluq edən zabit yoldaşlarından soruşurdun: “O kök olan kimdir? Cavabında "filan taborda qulluq edir, bir oturuma 25 butulka araq içir, uzun illərdir filan postda qulluq edir” cavabını alırdın. Yaxud da, bir dəfə "bax, o arıq olan zabit var a, kəşfiyyatçıdır, ermənilərin anasını ağladıb" dedilər. “Bu arıq oğlan?” sualıma “Bilirsən necə olub? Əşşi, nağıl kimidir, danışaram” cavabını aldım.
O, arıq zabit Raquf Orucov idi. Göy gözləri, çəlimsiz, həddən ziyadə ağır və düşüncəli görkəmi vardı. Orta yaşlı insanlar yaxşı bilər, 80-90-cı illərdə idmançlar kürəyini, sinəsini şişirib durmazdı. Onların xüsusi bir duruşu vardı - Ayaqlarını dizdən yana əyərdilər. Raquf xatirimdə məhz belə qalıb. Həmin gün bu böyük hərbi hissədə hamı tərəfindən sevilən, hörməti olan “oğlanlardan” - zabitlərdən biri, döyüşlərdə yaralanan dəvəçili Cəbinın blindajına - qazmasına getdim. Lampa işığında, odun sobasının qarşısında gerçək “Raquf Orucov nağılı”nı dinləmək üçün.
- “1995-ci ildə bizim ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da bilirsən də, buralardan əskik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu getdikcə gedib nəhayət bir təpənin üstünə çıxırlar. Onlardan biri, sumqayıtlı əsgər qarşıdakı kəndi göstərib deyir ki, gedim görüm nə kənddir, kimlərdir? Siz burada durun. Əsgərin kəndə girməsi ilə kənddə hərəkətlilik yaranır. Ermənilər öz ayağı ilə gələn əsgərin tək olmadığını anlayır, yaxud öyrənir və gəlib silahsız, köməksiz qalan 5 əsgəri də aparırlar. Bizim hərbi hissənin o vaxtı komandiri Milli Qəhrəman filankəs idi. Gəncə hadisələrinə görə bu yüksək ada layiq görülmüşdü. 6 əsgərin əsir düşməsi onun imicini də zədəliyirdi. Dərhal toplanış keçirilir və qarşı tərəflə əsirlərin azad olunması danışıqlarında balans qorumaq üçün təcili onlardan da əsir götürülməsi tapşırığı verilir".
Nağılı sobanın sönməsi yarıda qoyur. Yaş odun ən böyük problemimiz idi. Bir neçə cəhddən sonra soba alışır və Cəbinin maraqlı siqaret çəkməsi fonunda Murovdağda hamının barmaqla göstərdiyi, sevdiyi, dəyər verdiyi Raqufun əfsanəvi kəşfiyyatının, 5 azərbaycanlı əsir əsgərin necə xilası etməsi “nagıl”ı davam edir:
- Hə, harda qaldıq? Toplanışda. Demək, hərbi hissə komandiri üç kəşfiyyat qrupu ayırdı. İki, maksimum üç günə mütləq bu qruplar erməni tutub gətirməli idi. Raquf da onda cavan zabit, tağım komandiri idi. Bütün hərbi hissə hadisənin şokunu yaşayırdı. Altı əsgərin əsir düşməsi yanılmıramsa yuxarılara məruzə olunmamışdı. Gözləyirdilər ki, bəlkə danışıqlar yolu ilə nəsə edə bildik. Kəşfiyyata gedən üç qrupdan ikisi gəldi. Bom-boş, əlləri yanında və dilxor. Əslində onları qınamaq olmazdı. Murovdağ istiqamətindən ermənilərin içərisinə sızmaq az qala mümkünsüz idi. Bütün yüksəkliklər, keçid yolları üzərində olan hakim təpələr ermənilərdə idi. Hərbi hissə komandiri üç qrupdan ikisi əliboş gəlincə, qərargah önündə tapançasını göyə qaldırıb qışqırmışdı: “Sizin qarşınızda söyüş söyürəm ki, sonuncu qrupda gəlsin, bütün kəşfiyyata gedənləri güllələyib sonra özümü öldürəcəm”. Bununla o, əsir gətirilməsinə inanmadğını etiraf etmişdi.
Raqufgilin qrupunda ondan başqa bir zabit və əsgər var idi. Raquf əsl kəşfiyyatçı olduğunu yer seçməklə göstərir və ermənilərin arxasına hərbi hissənin üz-üzə və ona yaxın olan ətraf ərazilərdən yox, daha uzaq Daşkəsən ərazisindən keçir. (Bu yerə mütləq diqqət edin ki, yazının davamında lazım olacaq)
Təmas xəttində əsgəri saxlayır və ona deyir ki, “sən burda qal, bizimlə gəlmə. Bir gün sonra gəlməsək, hərbi hissəyə qayıt!” Raquf və zabit yoldaşı Göyçə gölünün yanından keçib irəliləyir və xeyli məsafə qət edirlər. Artıq yetərincə uzun məsafə keçilmiş, keçdikləri yollarda qarşılarına istədikləri “Dil” çıxmamışdı. Nəhayət, onlar ermənilərin qızğın iş gedən tarlasının kənarına gəlirlər. Burada uzaqdan müşahidə etdikləri o olur ki, bir uşağı ciddi-cəhdlə qoruyurlar, mühafizədə gəzir. İlk müşahidə ona əsas verir ki, hərbçilərin mühafizə etdiyi uşaq hansısa komandanın övladı ola bilər. Raquf və kəşfiyyat yoldaşı bir neçə saat gözləyir qaranlıq düşməsinə az qalmış hərəkətə keçib ətrafda olan bir neçə nəfəri zərəzsizləşdirib, həmin uşaq və bir nəfər orta yaşlı ermənini əsir götürürlər. İti sürətlə ərazidən uzaqlaşmağa cəhd edən Raqufgilə əsir olan erməni əvvəl çox mane olub səs-küy salmaq istəsə də, irəlidə Raqufun yanında olan uşağı görüb sakitləşir. İzah edir ki, "Bircə uşaq sağ qalsın. Ona ziyan verməyin. Çünki, korpus komandirinin (Bəziləri hissə komandiri deyir) övladıdır və bizə qohum olaraq qonaq gəlib. Raqufun sevincdən gözləri gülür. Əslində ehtimalları düz imiş və bu qənimət heç nə ilə ölçülməzdi. İndi sadəcə uzun bir yolu sürətlə geri dönmək lazım idi.
Əsgəri qoyduqları yerdə tapmırlar. Çünki əsgər əmr üzrə gözləyib, geri dönmüşdü. Həə, bax, belə. Hərbi hissə də bayram idi. Ermənilər yalvar-yaxara düşmüşdü. Əsir düşən 6 əsgərdən birini, sumqayıtlını ermənilər həmin gün elə Şuşaya göndərdiyindən geri verə bilməsələr də, qalan 5 əsgər həmin uşaq və erməni ilə dəyişdirildi. Raquf elə də böyük mükafata layiq görülmədi. Bir neçə ay sonra hərbi rütbəsi qaldırıldı, vəsallam".
Raquf haqqında sonralar eşidirdim ki, onunla kəşfiyyatda olan zabit yoldaşı tez zamanda yuxarı vəzifələrə daşınsa da, o, səsini çıxarmayaraq susub. Amma yenə də əsas xalq qəhrəmanı olmaq idi. Onunla hamı fəxr edirdi və bu ifadə heç də “ölənin dalıyca hamı yaxşı danışır” təsiri deyil. Murovdağın bir qəhrəmanı vardı - Raquf Orucov! Onda o, hələ kapitan idi, ermənilərin ağzının içərisinə qədər gedib çəkdiyi toplantı videosunu mərhum prezident Heydər Əliyev izləməmişdi, hələ kəşfiyyatdan qızıldan qiymətli məlumatları gətirməmişdi. Amma böyük bir hərbi hissənin, Gəncədə, Bakıda hərbi hissə komandirlərinin zabitləri, əsgərləri qorxutduqları yerin - Murovdağının qəhrəmanı idi. Mən onu hər görəndə görüşüb kənara çəkilər və kənardan Orucovu izləməyi sevərdim. Çünki, o qədər müsbət enerjisi, pozitiv görkəmi vardı ki, onu kənardan izləmək daha təsirli idi. Bununla belə onda ifrat dərəcədə sadəlik vardı. O qədər sadə ki, bunu izah etməyə söz acizdir. Bir tərəfdən danışırdılar ki, Raquf yenicə kəşfiyyatdan gəlib, az qala düşmən tərəfinin bütün starteji hərbi məlumatlarını öyrənib, digər tərəfdən gözünlə gördüyün insana baxırdın, təəccüblənirdin. Nədir bu sadəlik, susqunluq? İnanın, bəzən düşünürdük ki, bizi bütöv bir hərbi hissə, minlərlə əsgər, zabit, top-tüfəng yox, məhz Raquf qoruyur. Bunu ermənilər də bilirdi. Raquf Murovdadır!
Yuxarıda “Bu yerə diqqət edin” deyə bir şey yazdım. Bilirsiz niyə? Raquf şəhid olduqdan sonra onun sürücüsü olmuş əsgər xatirəsini mətbuata danışmışdı. Oxuyanda dəhşətə gəldim. İllər sonra da Raquf kəşfiyyata gedəndə əsgərə yenə də eyni ifadəsini deyib: "Sabaha qədər gözlə, gəlməsəm qayıdarsan". Demək ki, bu uyğunluq var və mənim yazdıqlarım, sürücüsünün dedikləri kimlərəsə lazım ola bilər. Qısası yalan deyil, uydurma deyil. Siz, Raquf haqqında oxuyanda inciməyin, qadın kimi, kişi kimi, həkim, jurnalist, ziyalı və s. kimi oxyursuz, amma hərbçi kimi oxusanız, fərqində olarsınız ki, Raquf Orucov nələr edib, kim olub. Deyimmi?
- Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla müharibədə şəhid verdiyi yeganə briqada komandiridir.
- Raquf Orucov briqada komandiri ola-ola bütün nizamnaməyə arxa çevirib ermənilərin içərisinə tək, bəli tək kəşfiyyata gedib qayıdan biridir.
- Raquf Orucov 5 Azərbaycan əsgərini əsirlikdən xilas edən edən, Heydər Əliyevin də izlədiyi ermənilərin qərargahının toplantısını çəkib gətirən, əsgərlərindən, döyüş yoldaşlarından ona yazılmış yüzlərlə məktubu qəbrinin üzərinə qoyulduğu yeganə komandirdir. - Aprel döyüşlərinin şahidlərinin dediyinə görə, xüsusi təyinatlı qoşun növü üzrə bütün dərəcələri alan “qırmızı beret”li gizir Pəncəli Teymurovla ən öndə olan zabitdir Raquf.
Görün, necə vətənpərvər, qorxmaz, kə.fiyyatın “xəstəsi” olan biri olub ki, vaxtında briqada komandiri ola-ola kəşfiyyata gedib. Həm də yalnız. Briqada komandiri kimi o kreslosundan durmaya bilərdi. Biz nələr və necə briqada komandirləri görmüşük o vaxt. Yəqin bunu bilən ermənilər dəli olub ki, “kaş onu əsir tuta biləydik”. Axı, briqada komandirini əsir almaq bilirsiz nə deməkdir? Sürücüsü danışır ki, “briqada komandiri kimi kəşfiyyatdan gələndə üstü qanlı olurdu və nə qədər yalvarsam da hara getdiyini, nə olduğunu demirdi. Sonralar bilmişəm ki, hər il şəhid anasının ildönümündə erməni tərəfə keçib anasının qəbrini ziyarət edər və geri dönən də bir neçə ermənini güllə atmadan öldürüb gəlirmiş. Bu nə ürək, bu nə qorxmazlıq, bu necə cəsarət?!
Bəli, o heç zaman etdiklərini demədi. Oxuduğumuz qədəri ilə qardaşına, ailəsinə, sürücüsünə və hamıya... Kimsəyə danışmadı. Ona görə də indi Müdafiə Nazirliyi çox absurd, biabırçı cavab verib: “Milli Qəhrəman adı xidmət ilinə görə verilmir”.
Bəli, tamamilə doğrudur, bu ad xidmət ilinə görə verilmir. Amma Raquf Orucov üçün xidmət ilinə görə kim Milli Qəhrəman adı istəyir ki? Yaxud, niyə ailəsi, ictimaiyyət bunun üçün imza toplamalıdır. Məgər, Silahlı Qüvvələrimizdə Orucovun qəhrəmanlıqları barədə məlumat yoxdur ki? İnanıram ki, hətta Ermənistan Müdafiə Nazirliyində belə bu günə qədər erməni ordusunun qorxulu yuxusuna çevrilən Raquf Orucovun qəhrəmanlıqları barədə kifayət qədər məlumat var.
P.S. Mən igid polkovnik haqqında bildiyim çox az, cüzi şeyləri danışdım. Onun əməliyyat yoldaşları, mənim kimi xidmət yoldaşları yəqin ki, qalaq-qalaq məlumatlara malikdirlər və ümid edirəm onlar da danışacaq. Son olaraq sizi əmin edirəm ki, bu ölkənin Orucov səviyyəsində kəşfiyyatçısı olmayıb!
Hüseyn Cəbrayıloğlu
Qaynarinfo.Az