“Vasitəçilərin ikili standartlar nümayiş etdirməsi nədənsə həmişə erməni tərəfinə sərf edəndə ortaya çıxır”.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin tərəfləri atəşkəs rejiminə ciddi riayət etmələri barədə cağırışını şərh edərkən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.O qeyd edib ki, Ermənistan tərəfi danışıqlara, vasitəçilərin iştirakı ilə əldə olunmuş razılıqlara nümayişkaranə hörmətsizlik göstərir:
"Düşmən tərəfi atəşkəs rejimini pozaraq hərbi qulluqçularımızı və mülki əhalini atəşə məruz qoyduqda Azərbaycan tərəfi əvvəllər də vasitəçilərə dəfələrlə müraciət edərək Ermənistanın bu hərəkətlərinə reaksiya verməyə və qarşısını almağa çağırıb. Təəssüflər olsun ki, həmsədrlər Ermənistana qarşı nəinki tədbirlər görməmiş, bizim bu çağırışlara biganə yanaşaraq, heç səslərini belə çıxarmamışlar. Lakin Ermənistan tərəfi öz törətdiyi təxribatlar ucbatından cəbhədə itkiyə məruz qalan kimi dərhal həmsədrlər əl-ayağa düşür, atəşkəs rejiminə ciddi əməl edilməsi barədə bəyanatlar verirlər. Ermənistana xoş gəlsin deyə, onun işğalçılıq siyasətini davam etdirdiyini bildikləri halda belə açıq-aydın ikili standartlar nümayiş etdirirlər".
Ehtiyatda olan general-leytenant bildirib ki, əgər kimsə Azərbaycanın erməni tərəfinin təxribatlarına, atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən kobud şəkildə pozulmasına səssiz qalacağını düşünürsə, səhv edir.