Üzeyir Cəfərov: “Raquf Orucovun iki balasının fotosu məni indiyə kimi sızıldadır” Etimad Əsədov: “Bu şəxs böyük xidməti olmuş bir zabitdir”
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri polkovnik-leytenant Raquf Orucova Milli Qəhrəman adı verilməməsi günlərdir mətbuatda və sosial şəbəkələrdə müzakirə olunur. Hər kəs şəhid komandirin şücaətindən, qəhrəmanlığından danışır və ona Milli Qəhrəman adının nə üçün verilməməsinin cavabını axtarır.Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, aprel döyüşlərində canını qurban vermiş hər bir əsgər, zabit Azərbaycan xalqının qəhrəmanıdır: “Şərt deyil ki, bu ad ölkə başçısının sərəncamı ilə verilsin və rəsmiləşdirilsin. Əlbəttə ki, onların arasında fərqli yanaşma olmalıdır. Raquf Orucovla bağlı məlumatım var. Təəssüf ki, onun ailəsinə qarşı haqsız münasibət sərgiləyiblər ki, bu da yolverilməzdir. Mən ona Milli Qəhrəman adı verilməsi ilə bağlı təşəbbüsə qatılıram. Amma bu məsələdə çox incə bir nüans var. Bu nüans ondan ibarətdir ki, bu çox pis bir ənənənin başlanğıcı ola bilər. Əvvəlki 90-cı illərdəki mənim də iştirak etdiyim döyüşlərdə də həlak olanlar var ki, onların doğmaları bu günə kimi hər hansısa bir adın, ordenin verilməsini gözləyirlər. Bu məsələni yaxınlarda rəhbər şəxslərdən biri ilə müzakirə etdik. 90-cı illərdə rəsmi protokoldan keçmiş ancaq hələ də Prezident Administrasiyasına təqdim olunmamış 47 nəfərə adların verilməsi məsələsi qalıb. Rəhbər şəxslərimizdən biri bu adları hissə-hissə verməyin mümkün olduğunu bildirmişdi. Biz gözləyirdik ki, 26 iyun Silahlı Qüvvələr Günü ilə bağlı heç olmasa o şəxslərdən bir qrupu orden, medallarla təltif olunacaq. Amma təəssüf ki, nədənsə bu məsələdə passivlik nümayiş edildi. Alqışlanası haldır ki, 90-cı illərdə mərhum prezident Heydər Əliyevin imzası ilə mükafatlandırılmış bir hərbiçimizə, Qarabağ qazisinə illər keçdikdən sonra, yəni bu yaxınlarda Müdafiə Nazirliyinin mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyevin təşəbbüsü ilə təntənəli şəkildə dövlət mükafatı təqdim olundu. Yəni bu proses gedir. Ancaq bu prosesi tezləşdirmək lazımdır. Qarabağ savaşı ilə bağlı həm 90-cı illərin, həm də aprel savaşının iştirakçılarının bəzilərinin adı əbədiləşdirilməli, orden və medallar verilməlidir. Hesab edirəm ki, mərhum Raquf Orucovla bağlı yəqin ki, ölkə rəhbərliyi müvafiq qərar qəbul edəcək. Biz də Milli Qəhrəman adının verilməsi üçün statusun tələbləri var. Misal üçün, aprel hadisələrində bildiyim qədər biz sıra hərbiçilərimiz düşmənin bir neçə tankını sıradan çıxarıb. Onların hərəkətləri, düşmənə vurduğu zərbələr aldıqları ada, mükafatlara bəzi hallarda uyğun gəlir, bəzi hallarda isə uyğun gəlmir. Raquf Orucovla bağlı təqdimatı mən görməmişəm. İctimaiyyət bu məsələni qaldırıb. Yəqin ki, Prezident Administrasiyası, Müdafiə Nazirliyi bununla bağlı araşdırma aparacaq və bu məsələ gec də olsa öz həllini tapacaq. Raquf Orucovla bağlı da çoxlu müraciətlər olub. Açığı deyim ki, 25 il hərbi xidmət keçmiş, Qarabağ müharibəsində iştirak etmiş, zabit və əsgər yoldaşlarını döyüş meydançasında itirmiş bir adam kimi mən Raquf Orucovun o iki balasını onun qəbri başındakı foto görüntüləri məni indiyə kimi sızıldadır. Mən indiyə kimi çox şəkillər görmüşəm. Amma o şəkil mənim ürəyimi yerindən oynatdı. O fotoya baxıb göz yaşlarımı saxlaya bilmədim. O zabit haqqında çox müsbət fikirlər səsləndirirlər. Raquf Orucov və canını torpaq uğrunda qurban vermiş gizirlərimizin, əsgərlərimizin hər birinin ailəsi diqqətə və hörmətə layiq görülməlidirlər. Çünki bunun özü bir vətənpərvərlik nümunəsidir. Biz bunu etməsək gələcəkdə tariximizlə bağlı çox böyük problemlərlə üzləşə bilərik”.
Qarabağ Qaziləri Cəmiyyətinin sədri Etimad Əsədov Raquf Orucova Milli Qəhrəman adının verilməsi ilə bağlı təşəbbüs irəli sürüldüyünü və çoxlu sayda insanların, keçmiş döyüşçülərin, QHT-lərin bu təşəbbüsə qoşulduğunu dedi: “Düşünürəm ki, bizim himnimizdə olduğu kimi Azərbaycan torpaqlarının müdafiəsi ilə bağlı aprel ayındakı döyüşlər göstərdi ki, Azərbaycan əsgərinin hər biri bir qəhrəman oldu və öz şücaətini göstərdi. Ümumiyyətlə, Azərbaycanımızın, dövlətimizin müdafiəsində şəhid olanların hamısı qəhrəmandır. Amma Raqufə gəldikdə bu şəxs böyük xidməti olmuş bir zabitdir. Müəyyən zabit heyəti var ki, onlar qəhrəmanlıq nümayiş etdirib və şəhid olub. Məsələn, Naxçıvandan olan Lələtəpə döyüşlərində şəhid olan Rasim Məmmədovun atası Əbdül Məmmədov birinci qrup Qarabağ qazisi, yataq xəstəsi idi. Övladının 40-ı çıxmamış atası onun ölümünə tab gətirə bilməyib dünyasını dəyişdi. Hətta mən ona zəng edib başın sağ olsun deyəndə dedi ki, vətən sağ olsun, mənim övladım şəhid olmayıb kimin övladı olacaq. Mən dəhşətə gəldim ki. özü yataq xəstəsi olan bir insan övladının şəhid olması ilə fəxr edir ki, vətən sağ olsun. Əlbəttə belə insanlarımızın hamısı Milli Qəhrəmandır və onlara bu ad verilməlidir. Rasim Məmmədov, Raquf Orucov, eləcə də digər zabitlərimizin hamısı Milli Qəhrəman adına layiq şəkildə şücaət göstərib və bu adı haqq ediblər. Dövlətimiz bunu onlara verməlidir. Bu adlar bizə lazımdır ki, belə qəhrəmanlarımızın sayı çoxdur, dövlətə lazımdır ki, belə qəhrəmanlarımızda Azərbaycan gəncləri örnək götürsün. Allah onları şəhidlik zirvəsinə ucaldıb cənnətlik edib. Bu adlar bu dünya üçündür”.
musavat.com