Xəbər verildiyi kimi Ermənistan prezidenti Serj Sərkisyan orduda yeni yerdəyişmələr həyata keçirib. Bu, aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində başladılan cəzalandırma və yerdəyişmə kampaniyasının davamıdır.
Sərkisyanın sərəncamı ilə Ermənistan silahlı qüvvələrinin beş ordu korpusundan üçünün komandirləri dəyişib. 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub. Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.
Sərkisyanın əmri ilə həmin ordu korpuslarına yeni komandirlər təyin olunub. Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun oğlu, polkovnik Qriqori Xaçaturov 3-cü ordu korpusunun komandiri təyin edilib.
3-cü ordu korpusunun qərargahı Vanadzor şəhərində yerləşir. Ermənistan ordusunun ən iri birləşməsidir. Tərkibinə 4 motoatıcı polk, tank, rabitə, material-texniki təchizat və kəşfiyyat batalyonları, reaktiv yaylım atəşi və artilleriya diviziyonları daxildir. Bunlardan 3-cü motoatıcı polk Vanadzor şəhərində, 246-cı motoatıcı polk Azərbaycanla sərhəd İcevan şəhərində, 543-cü motoatıcı polk yenə Azərbaycanla sərhəddə yerləşən Noyemberyanda, 549-cu polk isə Çəmbərəkdə (Azərbaycanın Gədəbəy rayonu ilə sərhəd) dislokasiya olunub.