Aprel şəhidlərinə ithaf
(İkinci yazı)
Mənim ölkəm informasiya silahı ilə soyuq davranmağın ən dəhşətli nəticələrini özündə əks etdirən ideal poliqondu. Reallıqdan kənar müstəvidə müharibə həqiqətlərinin bu sayaq aldadıcı manevrlərlə ciddi çaşqınlıq yaradacağını, hücum edən tərəflə müdafiə olunan tərəf arasındakı fərqi istədiyi kimi cızmaqla mükəmməl təsir vasitəsinə çevirəcəyini axı kim ağlına gətirərdi!..
Qəribədi, artıq uzun müddətdi eyni səhnədə oynanılan bu tamaşa nə süjet xəttində, nə də aparıcı obrazlarının taleyində önəmli rol oynayacaq yerdəyişmələrə məkan vermir; həm həqiqi qəhrəmanlarını bir ovuc təlxəyin ayağına gətirməklə alçaldır, təhqir edir, həm də öz elektoratını qoruyur, populyarlığını itirmir.
Hər anı ürəyimizdə ildırım kimi çaxan bu tamaşada yaddaşımıza, yaddaşımızla birgə mənəviyyatımıza təcavüz edəcək kifayət qədər ağır səhnələr yer alıb. Baxın, vaxtilə bir qoçaq ağdamlı balasının on qorxaq erməni dığasını şillə-təpiyinin altına salıb təkbaşına əzişdirdiyi yerdə indi fərqli hadisələr cərəyan edir: indi on erməni dığası illərin ağrısını on minlərlə qəhrəman ağdamlı balasının yurdunu xəritədən silməklə canından çıxarır...
Daha dayandığımız yerdə hər şeyi teleyin üstünə atmaq, Allahın ayağına yazmaq, bununla, ənənəvi güvənc mərkəzlərini, istinad nöqtələrini nüfuzdan salmaq da özünütəhqir kimi anlaşılır: Öz dərdimiz özümüzə bəsdisə, ilahidən gələn gücü bu sayaq ucuz tutmağın nə mənası!?. Onsuz da Kəlbəcərə görə bir maşın qulaq gətirmək, Şuşaya görə gicgahına güllə sıxmaq... sevdasına düşənlərin günahı bu zavallı xalqın çiynində əbədi yükdü. Mən hələ qisas məqsədilə öz dədə-babalarının görunu belə erməni tanklarının ağzına verməkdən çəkinməyənləri vəznə gətirmirəm; bu izahı mümkünsüz ifrat radikallığa, rədif tanımayan insansızlığa qafiyə tutmuram. Çünki tarixin yaddaşı bizim yaddaşımızdan itidi!..
Budur, çarpaz bucaqların diqtəsi əksər məqamlarda öldürücü xarakterilə meydan sulayır, hökmranlıq edir. O üzdən indiki məqamda özümüzü qəhrəman obrazında təqdim etmək niyyətimiz də müəyyən mənada utopiya adlı təhlükəli xəyal xəstəliyinin real nümunəsi kimi qarşılana bilər. Çünki müharibə mühafizəkar təbiətilə öz rasional qəlibində ağılın və məntiqin nişanələrindən kənarda olanlara status vermir, reallıq hissini itirənləri tanımır. Deməli, yağmalanmış bir yurdun əli silah tutan övladı üçün göstərə biləcəyi bütün qəhrəmanlıqlar ən yaxşı halda gələcək zamandan keçir.
Təəssüf, biz vaxtı qabaqlaya bilmədik. Bu, bizim ən böyük səhvimiz idi...
Yəni bütün bunları gələcək nəsillərin genetikasına ötürmək istəyim, əslində, vətəndaşlıq yanğısından qaynaqlanır. Ən böyük düşmənimiz vaxtdısa, ən böyük faciəmiz də ən böyük ideyalarımızın mifikləşdirdiyimiz ayrı-ayrı adamlara etibar edildiyi zamanlarda yaşandı. Ancaq nə qələbəmizin, nə də məğlubiyyətimizin hüdudları bu adamların məhdud auditoriyası çərçivəsində ifadə olunmadı. Bayraqdarların irili-xırdalı bütün günahları təməl prinsiplərinə görə sinəsini güllə qabağına verən bütöv bir nəslin ayağına yazıldı. Bu həm də mənim nəslimin faciəsi idi. Çünki o vaxtdan başqasının pal-paltarını, çəkməsini geyinmiş adam kimi yaşamağa məcbur olduq. Çünki biz öz ömrümüzü yaşamadıq! Üstəlik, hər dəfə məmur kabinetlərində “mən səni cəbhəyə göndərmişdim!!!” “mənə görə döyüşmüsən!!!” kimi axmaq iddialarla döyüldükcə, təhqir olunduqca, əzildikcə, dolaşıq düşmüş ümidlərimizin, ideallarımızın, mücadilə tariximizin düyünü də bərkidi!!!
O üzdən Birinci Qarabağ savaşının canlı iştirakçıları üçün səngərə gedən yolu yenidən açdığına görə şəxsən müdafiə naziri cənab Zakir Həsənova öz dərin minnətdarlığımı bildirirəm. Çünki bu, Azərbaycan unsanının qürurla, ləyaqətlə addımlaya biləcəyi yeganə baş yoldu. Və ən əsası, itirilmiş bir nəslin özünütəsdiqi üçün sonuncu şansdı...
(Bu gün adımı o veteranların siyahısında görmədiyimə görə məndən qisas aldıqlarını düşünənlər kökündən yanılırlar. Açığı, ömrügödək makakalar kimi ortalıqda meymunluq edənləri heç vaxt məhşər ayağına çəkmək fikrinə düşməmişəm. Bu makakaların süni maneələrlə aramızda çəkdikləri dekarativ Çin səddi heç bir-iki kəlməlik qısır çümləmə də tab gətirməz. Çünki bəzilərinin indi-indi ayaq açdığı səngərləri, daddığı barıt qoxusunu vaxtilə mən öz doğma oğlumla bölüşmüşəm. Həm də mənim səngərim mənim yazı masamdı, həm də mənim silahım mənim yazımdı...)
Öz içinə qısıla-qısıla kiçilən bu yaralı Vətən mənim səngərimdən daha böyük, daha qüdrətli, daha bütöv görünür həm də...
Buyurun, baxın! Mənim gördüklərimlə mənim görməli olduqlarım arasındakı fərqi sıfıra endirmək niyyətim bu gün ideoloji baxımdan qan düşmənçiliyinə qədər böyüyüb. Hətta doxsanıncı illərin əvvəllərində, birinci Qarabağ savaşının ilkin aktiv fazasında daha tez-tez üz tutduğum Ağdam elə ilk görüşümüzdəncə məni uşaqlıq xatirələrimin möcüzəli şəhəri kimi qarşılamadı.
Bir vaxtlar xidməti işlərilə bağlı tez-tez bu bölgəyə yollanan atam hər fürsət düşdükcə məni də tərkinə almaqla balaca oğlunun özündən yüz milyon dəfə böyük fantaziyası üçün ideal ünvan seçmişdi. Mənim atam uşaqların ürəyini oxumağı bacaran dahi idi. Bilirdi ki, böyüdüyü aran zonasını zəhərli ilanlarla bölüşən çarəsiz oğlundan ötrü bu yerlər unudulması mümkünsüz, sirli-sehrli bir məkana çevriləcək. Ancaq amansız illərin üstündən xətt çəkdiyi həqiqətlər mənə öz yoxluğunu çox-çox sonralar daddırdı. Nə Ağdam o uşağın tükənməz fantaziyasının vətəni statusunu qoruyub saxlaya bilmişdi, nə də mən o uşağın genetik kodunu. Aramızdakı ögeyliyə dünya sığardı: hətta ilk baxışdan özünü gözə soxan görüntülər - əynimdəki zabit mundiri, çiynimdəki leytenant ulduzu da bu ögeyliyi xarakterizə edə biləcək cəhətlərin sonuncuları sırasında boynunu büküb qalmışdı...
Mənim kimi birisinin genotipində qəflətən, ani sıçrayışla meydana gələn bu dəyişiklik xarici təsirlərin adi mutasiyası ola bilməzdi. Düzdü, atam məni yanına salıb tez-tez Qarabaga, hətta Qarabağdan da o yana aparmaqla çox böyük iş görmüşdü. Vətənimi tanımışdım. Ancaq bu tanışlıqda yurdumun qaysaqlanmayan yaralarını xatırladacaq heç ölüvay bir nişanə də yox idi. Xankəndində, Ağdamda, Basarkeçərdə, Cermukda, Göyçə gölündə... ermənilərlə birgə qurulan duz-çörək məclisləri bir qayda olaraq atamı İbadcan, qarşı tərəfi isə “axbercan” kimi yaddaşıma ötürürdü...
Mən öz valideynimin peşəkar ideoloq olmadığını gözəl bilirdim. Ancaq o da erməni xəyanətini özündə əks etdirən faciələrimiz haqqında nəsə bilməmiş deyildi. Di gəl, nədənsə atam bu xatirələrə iş-işdən keçəndən çox-çox sonra, Göyçədə, Zəngəzurda, Qarabağda... faciələrimiz yaşananda qapı açdı. Ancaq gec idi, çox gec!!!
Elə buna görə də onun oğlu birinci Qarabağ savaşının ilkin aktiv fazasında Ağdama hər şeydən əvvəl öz uşaqlıq xatirələrinin vətəni kimi, öz uşaqlıq xatirələrinin arxasınca yollanmışdı. Onu bu romantik görkəmdə kimə desən oxşatmaq olardı: məcara axtarışına çıxmış səyyaha da, bir əlində çiçək, bir əlində qələm tutmuş şairə də. Nə əynindəki zabit mundiri, nə də çiynindəki leytenant ulduzu o gənci uğrunda döyüşməli olduğu idealların müsəlləh əsgərinə çevirə bilməmişdi.
O günlərdə Ağdam Vəngi, Xankəndini... öz qəhrəman oğullarının qapazaltısına çevirməklə, bizi gələcəyin lənətindən qorumaqdan ötrü əlindən gələn hər şeyi etdi! Sinəsini güllə qabağına verdi! Aramızdakı uçurumu yaralı köksündən qaynayan laxta-laxta qanla doldurdu!!! Bizdən əvvəl necə idisə, bizdən sonra da elə qaldı, balalarının gözü qarşısında bütün əzablara sinə gərdi, ağrılarını yıxdı, amma özü yıxılmadı. O torpaqda Ağdam boyda ümid, Ağdam boyda inam, Ağdam boyda qəhrəmanlıq qaldı. Ayaq üstə... Çünki atalarımız informasiya məkanımızı bugünümüzün mücadiləsinə dəxli olmayan ötəri məişət söhbətlərilə doldurmaqla bizi cəbhəyə yalın əllə göndərmişdi. Biz silahsız döyüşürdük çünki. Bu, dövlətçilik tarixinin ən qatı cinayəti, insanlıq tarixinin ən böyük faciəsi, müharibə tarixinin ən şanlı səhifəsi idi...
İbrahim RÜSTƏMLİ,
Ehtiyatda olan polkovnik-leytenant, əməkdar jurnalist