Bu gün Milli Qəhrəman Koroğlu Rəhimovun şəhid olmasından 24 il ötür.
Qaziler.az bildirir ki, Lent.az-ın verdiyi məlumata görə, Koroğlu Rəhimov 1953-cü il oktyabr ayının 31-də Azərbaycan Respublikasının Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub.Birinci sinfə Yaqublu kənd orta məktəbində gedən Koroğlu Rəhimov sonra ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalılar kəndinə köçüb. Orta təhsili Həbil kənd orta məktəbində başa vuraraq, 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirib.
Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu Rəhimov Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il martın 17-də Milli Ordu sıralarına yazılıb, 1992-ci il aprelin 30-da “N” saylı bölüyə komandir təyin edilib. Bu bölük 13 iyun 1992-ci il Buzluq, Çartaz, Erkəc kəndlərinin azad edilməsində xüsusi rol oynayıb. Koroğlu Rəhimov şəxsən bu döyüşlərdə dörd erməni faşisti məhv edib. Koroğlu Rəhimov Goranboy və Ağdərədə gedən digər qanlı döyüşlərdə iştirak edib, 1992-ci il iyul ayının 3-də Ağdərədə gedən qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 203 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borclarının şərəflə yerinə yetirilməsində göstərdiyi misilsiz xidmətlərə görə leytenant Rəhimov Koroğlu İsmayıl oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakının Nərimanov rayonunda küçələrdən birinə Koroğlu Rəhimovun adı verilib və bu küçədə onun büstü qoyulub. Oğuz rayonunun Xaçmaz kəndindəki 3№-li körpələr evi-uşaq bağçası, Oğuz şəhərində küçələrdən biri qəhrəmanın adını daşıyır.
Koroğlu Rəhimov ailəli idi, üç övladı yadigar qalıb.