ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib. Virtulaz.org xəbər verir ki, dünən axşam Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Fransua Ollandla telefon danışığı aparıb. Kremlin yaydığı məlumata əsasən tərəflər Ukrayna məsələsini, Böyük Britaniyanın Aİ-dən çıxmasını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Putin Ollandı iyunun 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi danışıqların nəticələri barədə məlumatlandırıb. Tərəflər inam ifadə ediblər ki, bu görüşdə əldə edilmiş nəticələr danışıqlar prosesinin irəliyə aparılmasına imkan verəcək.
ABŞ Dövlət Departamenti isə dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Con Kerri İlham Əliyev və Serj Sərkisyanı son həftələrdə atəşkəsin əsasən təmin olunduğu Dağlıq Qarabağada “gərignlikdən qaçmağa” çağırıb.“O, (Kerri) müsbət mənada qeyd edib ki, təmas xəttində atəşkəs son həftələr ərzində böyük ölçüdə təmin olunur və prezidentləri sülh prosesinin irəli aparılması üçün gərginlikdən qaçmağa çağırıb”-məlumatda deyilir.
Dövlət katibi habelə ABŞ-ın münaqişənin “hərtərəfli nizamlanmasına kömək göstərməyə” hazır olduğunu ifadə edib və liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə çağırıb.
Xatırladaq ki, bu telefon diplomatiyası Azərbaycan və Ermənistan prezidentlərinin Fransada baş tutacağı gözlənilən növbəti görüşü ərəfəsində baş verir.