Uorlik: “İnsidentlərin araşdırılması mexanizminin detalları müzakirə olunur”

Uorlik: “İnsidentlərin araşdırılması mexanizminin detalları müzakirə olunur” backend

“ATƏT-in Minsk qrupunun həmsədrləri insidentlərin araşdırılması mexanizminin yaradılması və problemin həllində irəliləyişə nail olmaq məqsədilə münaqişənin tənzimlənməsi elementləri ətrafında işi davam etdirəcəklər”.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “168 jam” nəşrinə açıqlamasında bildirib.

İnsidentlərin araşdırılması mexanizminə nələrin daxil olacağına gəldikdə isə C. Uorlik qeyd edib ki, hələlik tərəflər detalları müzakirə edir.

“Məsələyə cavabdeh ATƏT olacaq, həmsədrlər isə təkliflərin razılaşdırılması üçün tərəflərlə işləməyə davam edəcəklər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Diaspora