Tərtərdə su kanalının yaxınlığında partlamamış hərbi sursat aşkarlanıb

Tərtərdə su kanalının yaxınlığında partlamamış hərbi sursat aşkarlanıb backend

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) axtarış qrupu iyunun 20-də üç əkin sahəsinə, su kanalına, 8 partlayış yerinə baxış keçirib.

Tərtər rayonunun Cəmilli kəndində su kanalının yaxınlığında 5 partlayış yerinə baxış olub. Nəticədə bir partlamamış hərbi sursat – “9M22U” qrad raketinin mühərrik hissəsi aşkar olunaraq götürülüb. Gün ərzində 9 min 50 kvadratmetr ərazi minalardan təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Füzuli rayonunun Horadiz şəhərində üç əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkarlanmayıb. Cəmi 2550 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 20-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 22 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1540 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən üç “POMZ-2” və tank əleyhinə 8 mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Diaspora