1991-ci ilə qədər biz hərbi əməliyyatlarımızı təmin edə bilmirdik və Qarabağın yarısını vermişdik.
Qaziler.az bildirir ki, ANS-in məlumatına görə, bu barədə Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutünyan bu günlərdə "1in.am" saytına verdiyi müsahibədə bildirib.1991-ci ildə Rusiyadan göndərilərək Ermənistan Müdafiə Komitəsi sədrinin birinci müavini olmuş Vaqarşak Arutünyan bunun səbəblərini izah edib: "Səbəb silah, sursat idi və 1992-ci ildə erməni-rus münasibətlərini normal səviyyəyə salandan sonra bizim uğurlar başladı".
Erməni generalın sözləri istər-istəməz Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərini təsdiqləyir. Bir qədər əvvəl ANS TV-nin "Hesabat" verilişinin qonağı olmuş Zülfüqarov 1993-1994-cü illərdə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatlarından sonra Azərbaycanın atəşkəsə razılaşmasını Rusiyanın Ermənistana yardım etməsi ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, əsir götürülən rus hərbçilərin dedikləri, ələ keçirilən hərbi texnikanın qeydiyyat nömrələri göstərirdi ki, Azərbaycan Qarabağda yalnız Ermənistanla deyil, həm də Rusiya ilə döyüşür.
Vaqarşak Arutünyan Rusiyanın indi də Ermənistana dəstək verdiyini söyləyib: "Silah satışına gəldikdə isə təkrar edirəm, indi mövcud olan hərbi balans məhz Rusiyanın sayəsində qorunur. Əgər biz bu münasibətləri korlasaq, imkanlardan məhrum olacağıq və 1991-ci ilin statusuna qayıdacağıq. Əgər bizim Rusiya ilə münasibətimiz olmazsa, bizə kim silah satar?"
Amma bununla belə o da Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf edib: "Azərbaycanın bir sıra silah növləri üzrə taktiki üstünlüyü var".
"Rusiya bizi hər şeylə, Azərbaycanın bazar qiyməti ilə aldığı silahla da təmin edir", - deyən Vaqarşak Arutünyan bildirib ki, Ermənistan bu silahları heç zaman bazar qiyməti ilə ala bilməz. Yəni indi Rusiya Müdafiə Nazirliyinin daxili qiymətləri ilə alır. Bunun üçünsə İrəvan çox şeylərə görə güzəştə getməli olub: "1992-ci ildə biz Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) girdik. Biz vəziyyəti analiz edib gördük ki, bizim döyüşən dövlətimizin ayrı heç bir iqtisadi, hərbi-siyasi dəstəyi yoxdur. Qoy indi həmin günləri xatırlasınlar. Görsünlər ki, niyə Levon Ter-Petrosyan KTMT-yə girdi, çox sayda Ermənistan-Rusiya sənədləri imzalandı. Biz sərhəd qoşunlarının statusu barədə saziş bağladıq, 1995-ci ildə isə hərbi baza barədə sazişə imza atdıq".
Gürcüstanda doğulmuş və Bakıda ali hərbi təhsil almış Vaqarşak Arutünyan əslində bu gerçəkləri söyləməklə Ermənistanda son zamanlar Rusiya əleyhinə başlamış hərəkatı söndürmək məqsədi daşıyır. Bu çərçivədə Rusiya hərbi dairələrinə yaxın olan əksər erməni zabitləri çox narahat olublar. İndiyə kimi erməniliyini danan, özünü Rusiya patriotu kimi göstərən məşhur KQB zabiti Sergey Kurqinyan hətta İrəvana gələrək təbliğata başlayıb.