“Biz elə ilk zərbədən düşmənin 70 faizini məhv edəcəyik“ - Müdafiə naziri

“Biz elə ilk zərbədən düşmənin 70 faizini məhv edəcəyik“ - Müdafiə naziri backend

Qaziler.az saytı Müdafiə Nazirliyinə istinadən bildiri ki, Müdafiə naziri Zakir Həsənov Novruz bayramı ilə əlaqədar cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Novruz bayramı ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olub.

Hərbi hissələrə baş çəkən Müdafiə naziri xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramını ifadə edib.

Müdafiə nazirliyinin rəhbərliyi ön xətdə, düşmənlə bilavasitə üz-üzə səngərlərdəki bölmələrdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti ilə döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb. Hərbi qulluqçulara hədiyyələr və bayram sovqatları verilib.

Hərbi hissələrdə keçirilən Novruz şənliyinə qatılan Müdafiə naziri bayram tonqalını alovlandırıb, şəxsi heyətin iştirakı ilə aparılan müxtəlif idman və əyləncə yarışlarını izləyib və hərbi qulluqçularla birlikdə nahar edib.

Bayram münasibəti ilə şəxsi heyəti təbrik edən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

"Novuz bayramı Azərbaycan xalqının ən sevimli və əziz bayramlarından biridir. Ona görə bu gün mən və Müdafiə nazirinin müavinləri bu bayrami sizlərlə keçiririk. Biz indi ön cəbhədən qayıdırıq. Sizin silahdaşlarınızı orada təbrik etdik. Gördük necə qəhrəmancasına ön cəbhədə torpaqlarımızı qoruyurlar. Siz də burda öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz.

Bilinki düşmən artıq təlaş içindədir. Biz onlara elə zərbələr endiririk ki, onlar qorxub qaçırlar. Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik.

Cənab Ali Baş Komandan ordumuzun gücləndirilməsi üçün əlindən gələn hər bir şeyi edir. Bizim xalqımız qəhrəman xalqdır, bizim igid övladlarımız var və biz öz torpaqlarımız uğrunda daha igidliklə, qəhrəmancasına döyüşməklə torpaqlarımızı azad etməliyik. Artıq həmin gün yaxınlaşıb. Silahlı Qüvvələrimiz günü gündən möhkəmlənir yeni silahlar, texnikalar alınır.

Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək yüz illərlə özlərinə gələ bilməyəcəklər. Nə qədər ki, gec deyil ermənilər bunu anlamalı və torpaqlarımızı könüllü surətdə tərk etməlidirlər.

Silahlı Qüvvələrimizin hər bir hərbi qulluqçusu gecə və gündüz hər fürsətdən istifadə edərək düşməni məhv etməlidir. Düşmən işğal altında olan torpaqlarımızda rahat oturmamalıdır, daim qorxu içərisində yaşamalıdır. Torpaqlarımız azad edilməli, şəhidlərin qisası alınmalıdır.

Artıq məqam yetişibdir. Biz qısa müddətdə torpaqlarımızı azad edəcəyik. Siz cənab Ali Baş Komandanın Novruz bayramı munasibəti ilə etdiyi cıxışını izləmisiniz. Möhtərəm Prezident dedi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndinə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin.

Mən sizi bir daha bayram münasıbəti ilə təbrik edir, sizə cansağlığı və qələbə arzulayıram. Arzu edirəm ki, hamımız birlikdə, yaxın vaxtda bu Qələbə Bayramını qeyd edək".

Eyni zamanda Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hospitala baş çəkib, tibbi personalla görüşüb və müalicə olunan hərbi qulluqçulara bayram sovqatları təqdim edib.

Səfər zamanı cəbhə bölgəsində yeni tikilməkdə olan bəzi hərbi obyektlərdəki vəziyyətlə tanış olan Müdafiə naziri inşa işlərinin sürətlə və keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib. Nazir yeni mülki işçilərlə görüşüb, onları dinləyib və müvafiq tapşırıqlarını verib.
Müdafiə nazirinin göstərişinə əsasən bayram günlərində Müdafiə nazirinin müavinləri və qoşun növləri komandanları da birlik, birləşmə və hərbi hissələrdə olub, şəxsi heyəti təbrik ediblər.








Diaspora