Novruz gülü açanda

Novruz gülü açanda backend

Bu il yazda gecikmişdi, yamyaşıl otlar torpaqdan başını qaldırmış, novruzgülü yenicə düymələmişdi. Çaylar da lal-dinməz olmuşdu. Quşlar da ürkək-ürkək uçurdu... Hər tərəfdən güllə səsləri eşidilirdi. Qubadlı torpağında şiddətli döyüşlər gedirdi. Belə bir vaxtda o dağlar qoynunda bir yanıqlı səs hər tərəfə yayılmışdı. Bu səsin sahibi Vətənin igid övladlarını mübarizəyə səsləyirdi. Bax belə bir zamanda oraya yollananlardan biridə Rəhilə Qarayeva olmuşdu. Rəhiləni bağrıma basıb Qubadlıya yola salanda onun həyat eşqi ilə alışıb-yanan gözləri dolub - boşaldı.

Rəhilə Qubadlıdakı 706 nömrəli hərbi hissənin 2 batalyonun 2-ci Qorxmazçılar rotasında əvvəlcə tibb bacısı kimi fəaliyyətə başladı, sonra silahdan atəş açmağı öyrənərək bir çox döyüşlərdə iştirak etdi. Cibikli uğrunda gedən döyüşdə cəsur komandir Həsənqulu Qorxmaz şəhid oldu. O komandirini kürəyində neçə kilometrlərlə məsafəni qət edərək düşmənin əlinə keçməsinə imkan vermədi. İsti yay günlərinin birində Tovuzda doğulan Rəhilə Qubadlıda şəhid oldu Onda mən Ağdamda idim. O gün həm Ağdamı həm də səni itirdim...

Neçə illərdir qoruyub saxladığım saralmış son məktubunda Rəhilə yazırdı : “Başımı çiyninə qoyub ağlamaq, ürəyimi boşatmaq istəyirəm”. Rəhilə anasını vaxtsız itirmişdi. Bacıları Savad və Xanımzərin qucağında böyümüşdü. Ağlayanda onların qucağında kirimişdi. Mənim mərd bacım Qarabağ torpağı uğrunda döyüşən, canın qurban verən heç kim unudulmur, yaddan çıxmır.

Yenə də yaz gəlib...Bir yaz günündə martın 22-də Novruz bayramında dünyaya gəlmişdi Rəhilə. Bu gün sənin ad günündür. Ad günün mübarək ! Qubadlı torpağın da yaz gəlib, novruzgülü açıb, o gül sənin ruhundur Rəhilə! Sənin, əzəmətli dağlarda səsi qalan Həsənqulunun bu torpaq uğrunda şəhid olanların ruhu şad olsun! Bu yaz günündə unudulmadın, yaddan çıxmadın vətənpərvər balamız Leyla Həsənova və Şəhid ailələrinə sosial yardım İctimai Birliyinin sədri Almaz Zeynalova ilə birlikdə keçirdikləri tədbirdə sənin keçdiyin döyüş yolundan bir daha söhbət açıldı.

Səriyyə Müslümqızı
Diaspora