28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.
Həmin görüşlə bağlı ""Döyüşdə baş verənləri tanımadığım şəhidin başdaşına danışırdım..." — Cəbhə bölgəsindən II reportaj (I yazı)" və ""Ermənilər pulemyotçularını zəncirləmişdilər ki, qaçmasınlar..." — Cəbhə bölgəsindən II reportaj (II yazı)" başlıqlı iki yazını sizə təqdim etdik.Ölkə.Az ön cəbhədən hazırlanmış üçüncü reportajı sizə təqdim edir:
Yolumuz Ağdamadır. Ağdama çatmazdan öncə hərbi bölmələrdən birinə gedirik. Əsgərlərimiz təlimdədir. Görüşdüyümüz əsgərlər də döyüşlərdə iştirak edib. Talış yüksəkliyinin işğaldan azad edilməsində iştirak edən əsgər Məmmədovla söhbət edirik:
- Döyüşlər necə keçdi?
- Döyüşlər çox rahat keçdi. Çətini başlanğıc idi. Artıq döyüşə girəndən sonra adam heç nə düşünə bilmir. Heyif, yaralılarımız və şəhidlərimiz oldu. Ancaq onlardan ölən daha çox oldu. Ermənilərin səngərləri meyidlə dolu idi. Qorxub qaçırdılar. Səngərlərdə zəncirə vurulmuş pulemyotçular gördük. Onların zabitləri əsgərləri ilə it kimi davranırmış. Artıq biz Talış yüksəkliyini götürəndə hamısı qaçırdı. Aşağıda bizim qarşımızı kəsmək üçün mina döşəyirdilər. Hər mina qoyan erməni əsgərinin başının üstündə bir nəfər əli avtomatlı dayanmışdı. Avtomatı mina basdıranların üstünə tutmuşdular ki, qaçmasınlar. Məsafə uzaq olmasa onları da vurardıq.
Söhbətləşib ayrılırdıq ki, əsgər Məmmədov bizə erməni işğalçısının yaxasından kəsib götürdüyü isimliyi hədiyyə kimi verdi.
Əsgərlərimizlə sağollaşıb Ağdama gedirik. Qrup rəhbərimiz ehtiyatda olan zabit, polkovnik Xətai Baxışov deyir ki, 1997-ci ildə ermənilərin işğal etdikləri ərazilərdə hərbi əməliyyatlar zamanı həlak olan Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyat qrupu üzvlərinin ailələri ilə görüşək. Hər kəs razılaşır. Öncə Bərdə rayonunda, sonra isə Ağdam rayon Quzanlı qəsəbəsindəki şəhid olan kəşfiyyatçılarımızın ailə üzvləri ilə görüşürük.
Düşmənin arxasına keçib əməliyyat aparan 8 kəşfiyyatçıdan 7-si - Leytenant Ağayev Elxan Ataxan oğlu, leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu, çavuşlar Rzayev Anar Üzeyir oğlu, Mustafayev Dinar İbrahim oğlu, Həsənov Aqşin Əli oğlu, Ələkbərov Nizami Səfi oğlu, Cavadov Fariz Şamil oğlu şəhid olublar. Yeganə sağ qalan qrup üzvü Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşunu itirdiyindən düşmənə əsir düşüb. Sonradan əsirlikdən azad olunub, aldığı ağır yaralar səbəbindən hazırda ağır xəstədir.
Həmin əməliyyatla bağlı ehtiyatda olan zabit polkovnik Xətai Baxışov məlumat verir:
"1997-ci il aprel ayında şəkkiz nəfərdən ibarət kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa – düşmənin arxasına göndərildi. Qrup düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəli keçərək tapşırığı yerinə yetirdi. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən düşmən tərəfindən aşkarlanmış və mühasirəyə düşmüşdü. Düz üç gün onlar ermənilərin mühasirəsində müxtəlif manevrlər edərək döyüşdülər. Əsasən də gecələr ermənilərin mövqelərinə ciddi zərbələr vururdular. Həmin döyüşlər gedən zamanı əraziyə ermənilərin danışıqlarını izləmək məqsədi ilə Bakıdan döyüş bölgəsinə radio danışıqları tuta bilən xüsusi maşın aparmışdıq.
Düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək olurdu. Mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr vurdular. Ermənilər həm canlı qüvvə, həm də texnika itirdilər. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər. Yalnız Aqil Əhmədov yaralanıb və huşsuz halda əsir düşsə də, digər yeddi kəşfiyyatçımız bu döyüşdə şəhid olublar! Ermənilər bizim şəhid kəşfiyyatçıları öz əsgərlərinə nümunə olaraq ehtiram və hörmətlə dəfn ediblər. Yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində cəsədləri erməni cəsədləri ilə dəyişdik, iki gün sonra Bakıda II Şəhidlər Xiyabanında dəfn etdik”.
Qeyd edək ki, şəhid olan qrup üzvləri ölümlərindən sonra “Azərbaycan Bayrağı” ordeni ilə ilə təltif ediliblər.
Şəhid ailələrinin durumu adamın ürəyini ağrıdır. Köhnə ev, ot basmış həyət. Şəhid anası bizi qarşılayır. Yanında balaca nəvəsi. Balaca qızcığaz tanımadığı, hərbi formada olan hər kəsin yanına gedir, gülür. Şəhid anası isə bu balaca mələyi böyütmək üçün dövlətdən yardım istəyir. Həyətdə olan hər kəs qəhərlənir.
Şəhid qızı bizə əl edir. Həyətdən çıxıb Quzanlıya yollanırıq. Quzanlıda bizi Ağdamdan olan keçmiş döyüşçülər gözləyir. "Qarabağ Qaziləri" birliyinin Ağdam filialının qarşısında yığışırıq. Eşidən-bilən keçmiş döyüşçülər yanımıza axın edir. İllərdir bir-birini görməyən şəxslər görüşürlər. "Qarabağ Qaziləri" birliyinin Ağdam filialının rəhbəri Şamil Əbilov bizi öz kəndləri olan Sarcalıya aparır.
Sarcalıya çatmamış Ağdamdan gələn yeganə su olan kəhrizin yanında maşınları saxlayıb, o sudan içirik.
Şəmistan Əlizamanlı suyun hardan gəldiyini soruşur. Rey Kərimoğlu bildirir ki, bu su Ağdamdan gəlir. Kəhrizdir. Yeraltı gəldiyi üçün ermənilər nə qarşısını ala bilir, nə də zəhərləyə bilir.
Sarcalı kəndindəyik. Kənddə insanlar həmişəki kimi öz həyatlarını yaşayırlar. Aprel döyüşləri zamanı kəndə çoxlu sayda top mərmisi düşüb, ancaq heç kim evini tərk etməyib. Şamil Əbilovun həyətindəyik. Həyətdə müxtəlif cür meyvə ağacları var. Qrup üzvləri gah tut yeyir, gah gilas. Həyətdə diqqətimizi çəkən ən əsas şey isə Şamil Əbilovun evinin yaxınlığındakı mərmilərdən qorunmaq üçün yeraltı sığınacaq olur.
Şamil Əbilov deyir ki, artıq kənddə hər kəsə yeraltı sığınacaq qazdırırıq. Döyüşlərin getdiyi zaman heç birimiz evlərimizi tərk etmədik. Şamil oğlunu göstərir. Deyir, heç bu da kənddən çıxmadı. Hamımız evdə olduq. Döyüşlər başlayan kimi keçmiş döyüşçülər əsgərlərimizin yanına getdik. Onlar ancaq silah tutdu, yerdə qalan bütün işləri isə biz gördük. Döyüşlər zamanı təsəvvür etmədiyiniz qədər könüllülər gəlmişdi. Səfərbərlik olmadığı üçün hamısını geri qaytarırdıq.
Şamil Əbilovun bizim üçün açdığı süfrədə əyləşirik. Şamil Əbilovun ailəsi ilə görüşüb, sağollaşıb, halallaşıb bizim üçün ayrılmış yataqxanaya gedirik. Sabah isə hərbi hospital və düşmənlə bir neçə yüz metrlikdəki əsgərlərlə görüşümüz var...
Ağdamda olarkən gördüyümüz o oldu ki, burada mülki əhali elə həbçi kimidir. Hər bir mülki sakin fiziki və mənəvi cəhətdən hər an döyüşə atılmağa hazırdır. Hamısı demək olar ki, əsgərdir. Döyüş olarsa, hər kəs səngərlərdə əsgərlərimizin yanında olacaq. Əsgərlər də mülki əhalinin onlara qarşı diqqətinin belə yüksək olmasından çox ruhlanırlar.
Ardı var...
Səxavət Məmməd
Ölkə.Az